Şirvan sakini Vaqif İsayev

Mənbə: Meydan.TV

Başlıq: Şirvan sakini Vaqif İsayev

Şirvan sakini ölüb, yoxsa öldürülüb?

Məqalə yeniləndi:  17 Sentyabr 2019

“Günorta işdən qayıdıb, az sonra telefonuna zəng gəlib, kiminləsə danışıb, evdən çıxıb. Bir neçə saatdan sonra xəbər gəldi ki, meyiti tapılıb. Öldürüblər, sonra da yanına limon duzu, şpris oyub, şəkillərini çəkiblər, bizə göstərirlər, guya ki, limon duzunu damarına vurub, ölüb”.

Şirvan sakini Gülsarə İsayeva Meydan TV-yə danışır ki, 39 yaşlı oğlu Vaqif İsayev sentyabrın 10-da günorta saatlarında evdən çıxıb, növbəti gün axşam saatlarında ailəyə onun küçədən meyitinin tapıldığı xəbəri verilib.

“Zəng vurdular, getdi, bir də qayıtmadı”

Ana deyir, oğlu işgəncəylə öldürülüb, ancaq cinayət ört-basdır edilir:

“Zibilxanada işləyirdi. Heç kimlə işi yox idi. İşinə gedib, evinə dönürdü. Təzəcə bir oğlu olmuşdu, 6 aylıq idi, günün yarısını işdə keçirirdi, yarısını evdə uşağıyla... Ayın 10-da işdən gəlib, əl-üzünü yuyub, yeməyə hazırlaşanda telefonuna zəng gəlib, kiminləsə danışıb, evdən çıxıb, deyib, bir azdan qayıdacam. Axşam gəlib çıxmadı, gəlinim mobil telefonuna zəng vurdu, telefona zəng çatırdı, ancaq cavab vermirdi. Növbəti zənglərdə gördük ki, telefon söndürülüb”.

Ailə üzvləri səhərədək gözləsələr də, Vaqif evə dönməyib. Növbəti gün də axşamadək beləcə keçib. Nə telefona zəng çatıb, nə də ailə bir xəbər əldə edə bilib. Həyat yoldaşı Aybəniz Gülmalıyeva danışır ki, nəhayət, axşam saatlarında bir tanış onun ölməsi barədə xəbər gətirib.

“Dəfnə gələnlər meyitin fotolarını görüb şoka düşdülər”

“İnanmadıq, qohumlarımız polis şöbəsinə getdi, polisdən bildirdilər ki, bəli, Vaqif ölüb, meyiti morqdadır. Qohumlar gedib gördülər ki, meyit yarılıb. Götürüb gətirdilər evə, hamımız şokdaydıq. Gecə idi, səhər meyit yuyulmağa aparılmalıydı. Anası Vaqifin meyiti olmasına inanmırdı, baş hissəsini açdıq, baxdıq ki, boğazında əl izləri, cırmaq izləri var. Səhər yaxın qohumlar meyiti yumağa apardılar. Tapşırdıq ki, bizimçün meyitin fotolarını çəksinlər. Meyit yuyulanda qohumlar baxıblar ki, bədən, qollar, ayaqlar gömgöydür, döyülmə izləri aşkar görünür. Fotolarını çəkib gətirdilər. Dəfnə gələn qohumlar, tanışlar fotolara baxdılar, şoka düşdülər, dedilər, bu, nə müsibətdir? Bunu dəfn eləməyin, tələb edin, ekspertiza keçirilsin, bədənindəki izlər qeydə alınsın,”- həyat yoldaşı danışır.

Aybəniz Gülmalıyeva sözünə davam edir. Deyir, Vaqifi dəfn etməyiblər, maşınlara minib əvvəlcə rayon polis şöbəsinə gediblər. Orada onları dinləyən olmayıb, rayon prokurorluğuna üz tutublar. Prokurorluqda meyitə baxış keçirilməsini tələb ediblər.

Şirvan sakini Vaqif İsayevin cəsədi

Şirvan sakini Vaqif İsayevin cəsədi

Mənbə: Meydan.TV

“Ekspert dedi, özüm meyitə baxıb nə lazımdırsa, yazmışam”

Həyat yoldaşı davam edir:

“Dedik, gəlib meyitə baxmayana, bədənindəki izləri ekspertiza etməyənə kimi meyit ortalıqda qalacaq, dəfn etməyəcəyik. Dedilər, gedin, bir azdan gələcəyik. Qayıdıb gəldik, bir azdan bir həkim, bir ekspert, bir də Yalçın adlı polis işçisi gəldi. Kəfəni açdıq, meyitin ön hissəsinə baxdılar, dedilər, heç bir iz yoxdur, biz meyiti çevirmək istədik ki, arxa tərəfinə baxsınlar, ekspert imkan vermədi, dedi, meyiti mənə göstərmək lazım deyil, biz artıq bu meyiti ekspertiza etmişik, nə lazımdırsa yazmışıq, heç bir iz yoxdur. Qohumlar meyitin qol hissələrindək izləri göstərirlər, ekspert baxmır, deyir, mən artıq bu meyitə bir dəfə baxmışam, baxmağıma ehtiyac yoxdur. Həkimə dedik, heç olmasa sən bax, bildirdi ki, mən bir söz deyə bilmərəm”.

“Qolunda şpris, cibində limon turşusu olub”

Sentyabrın 11-də yerli xəbər saytları məlumat yayıblar ki, Şirvan şəhəri, Dəmir yolu küçəsində yerləşən tikanlıq ərazidən naməlum kişi meyiti taplıb. Meyit müayinə olunmaq üçün Şirvan şəhər morquna təhvil verilib. Müəyyən olunub ki, meyiti tapılan şəxs Şirvan sakini, 1980-ci il təvəllüdlü İsayev Vaqif Vahid oğludur. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmasa da, qolunda narkotik maddə üçün nəzərdə tutulan inyeksiya şprisi, cibindən isə narkotik maddəyə qatqı kimi istifadə olunan limon turşusu aşkar edilib. Onun narkotik vasitədən dozadan artıq istifadə etdiyi üçün öldüyü ehtimal olunur.

Prokurorluq ekspertizanın rəyini gözləyir

Mərhumun ailə üzvləri isə iddia edir ki, Vaqif narkotik istifadəçisi olmayıb, onun ölüm səbəbinin narkotiklə bağlanması da məqsədlidir:

“Adamı işgəncəylə döyüb, öldürüb, sonra da veriblər ki, aparın, basdırın. İndi də ölünü günahkar çıxarmağa çalışırlar. Mənim həyat yoldaşım heç vaxt narkotik istifadəçisi olmayıb. Biz ailəmizə qarşı bu cinayəti törədənin kimliyini bilmək istəyirik ki, gələcəkdə kimdən, necə qorunacağımızı bilək. Biz düşmənimizi tanımaq istəyirik. Polis, prokurorluq isə qətl kimi cinayətin üstünü açmaqda maraqlı deyil. Bizdə də şübhə yaranır, polisin, prokurorluğun nə marağı var ki, bu cinayəti ört-basdır edir?”

Şirvan Şəhər Prokurorluğundan bildirilib ki, meyitin xarici və daxili müayinələri ilə bağlı ekspertiza rəyi olsa da, digər müayinə nümunələri götürülərək ekspertizaya göndərilib. Ekspertiza rəyi prokurorluğa daxil olduqdan sonra ölümün səbəbləri bəlli olacaq və hüquqi addımlar atılacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q50gfb

Ən çox baxılan