Baltikyanı ölkələr və Gürcüstan Rusiyaya Azərbaycandan daha çox mal-məhsul ixrac edirlər, amma heç vaxt Putinin “SSRİ”-sində olmağı düşünmürlər
Son zamanlar cəmiyyətdə də, mediada da Qarabağ məsələsi, ən ağrılı problemimizin həlli yolları haqqında çox danışılır, yazılır-çizilir. Xalqın bu məsələyə marağının artması təbiidir, çoxsaylı təkliflərin, fikirlərin olması da normaldır, amma hakimiyyət daxilində illərdir güc və nüfuz sahibi olan, Kremlə bağlı insanların, məmurların, deputatların səsləndirdiyi fikirlər gələcəyimiz və dövlətimizin müstəqilliyi baxımından çox təhlükəlidir.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev son aylarda bir neçə dəfə Azərbaycanın Putinin yaratmağa çalışdığı yeni “SSRİ”-yə daxil olmasının vacibliyindən danışıb. Buna bənzər fikirləri səsləndirən insanlar ölkəmizin iqtisadiyyatının da bu “ittifaqdan” xeyir görəcəyini sübut etməyə çalışırlar. Gəlin 2015-ci ilin son rəsmi rəqəmlərinə nəzər salaq:
2015-ci ildə ticarət dövriyyəmiz 20,6 mlrd. dollar olub. İxracatımız 11,4 mlrd. dollar olub ki, bunun da cəmi 416 mln. dolları Rusiyanın payına düşüb, İlk 5-likdə ancaq Avropa Birliyi ölkələri və İsraildir, Rusiya bu siyahıda 6-cı yerdədir.
2015-ci ildə ölkəmizə idxalın həcmi 9,3 mlrd. dollar olub, bu siyahıda Rusiya 15%-lik payla 1-ci yeri tutsa da, digər yerləri Türkiyə, ABŞ və Avropa Birliyi dövlətləri tutur.
Beləliklə, ixrac-idxal əməliyyatlarımızın böyük bir hissəsi Avropa Birliyi ölkələrinin, ABŞ, Türkiyə və İsrailin payına düşür, Rusiya bizdən cəmi 416 mln. dollarlıq mal alır, amma ölkəmizə 1,43 mlrd. dollarlıq mal satır, yəni, ticarət saldosunda Rusiya 1.1 mlrd. dollar üstünlüyə malikdir. Başqa sözlə desək, Rusiya Azərbaycandan 1,1 mlrd. dollar pul qazanır, onlar üçün bu daha sərfəli və maraqlı əlaqələrdir.
Ukraynada mənzərə tam fərqli idi, bu ölkənin Rusiya ilə iqtisadi, ticari bağları çox geniş idi, buna baxmayaraq, Ukrayna AB ilə sazişə getdi. Bu mənada Azərbaycan qat-qat əlverişli mövqedədir, ticari əlaqələrimiz daha əzici üstünlüklə Qərblədir, iqtisadiyyatımız daha çox Qərbə bağlıdır.
Bu anlamda, təbii ki, Azərbaycanın Kremlin yaratdığı Avrasiya və Gömrük İttifaqından qazanacaqları itirəcəklərindən daha çox olacaq. Təbii ki, heç kim Rusiya kimi bir ölkə ilə ticarət əlaqələrinin kəsilməsini istəməz, Rusiya böyük və cəlbedici bazardır, amma bu bazarda olmaq, heç də Kremlin tapdağı altına girmək anlamına gəlmir. Baltikyanı ölkələr və Gürcüstan Rusiyaya Azərbaycandan daha çox mal-məhsul ixrac edirlər, amma heç vaxt Putinin “SSRİ”-sində olmağı düşünmürlər. Biz də həmin yolu tutmalı, Rusiya ilə normal ticarət əlaqələri qurmalı, amma nəzarəti altında olan təhlükəli birliklərdən uzaq durmalıyıq…