Silahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – IV yazı)

Jurnalist Əfqan Muxtarlının Azərbaycan Silahlı Qüvvələrinin tender təchizatı ilə əlaqədar geniş araşdırması

Source:


“Son on il ərzində hərbi xərclərimiz iyirmi dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur” . Sitat dövlət başcısı İlham Əliyevə məxsusdur.



2014-cü ildə Silahlı Qüvvələrin büdcəsi ötən ilə nisbətən 57 milyon manat artaraq, 2 milyard 967 milyon 831 min manat təşkil edib. Ayrılan vəsaitin əhəmiyyətli hissəsi Müdafiə Nazirliyinin payına düşüb.



Hərbi büdcənin artması əsgərlərin yeməklə təchizatına təsir etməyib.



2014-cü ilin iyununda hərbi xidmətdən qayıdan Elçin Əlizadə deyir ki, əsgərlik dövründə onlara keyfiyyətsiz yemək verilib: “Hərdən bizə konserva verirdilər. Bəzən yeməyin icinə qatırdılar. Posta gedəndə ikiqat ərzaq payı verilmirdi. Yalnız ikiqat yağ verilirdi. Ümumiyyətlə, yeməyimiz pis idi”.



Füzuli rayonunda, cəbhə xəttində xidmət etmiş başqa bir əsgər isə bəzən o keyfiyyətsiz yeməyə də tamarzı qaldıqlarını deyir: “Hərbi hissəmiz Haramı düzündə yerləşirdi. Cox pis yemək verilirdi. Qış aylarında isə elə olurdu ki, günorta yeməyi verilmirdi”.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov bildirir ki, ordudakı nizamnamədən kənar hərəkətlər həm də korrupsiyanın nəticəsidir: “Orduda baş verən qanunsuzluqlar kompleks şəkildə dəyərləndirilməlidir. Yəni komandir heyətinin pisixoloji durumundan tutmuş korrupsiyaya qədər bütün amillər nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Nizamnamədən kənar halların baş verməsində, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olmasında korrupsiyanın və zabit heyətinin yetərincə təmin edilməməsinin payı az deyil ”.



“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzinin məlumatına görə isə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 87 hərbi qulluqçu qeyri- döyüş şəraitində həlak olub.


IV yazı


Zakir Həsənovun özü ilə gətirdiyi şirkətlər

Zakir Həsənov yeni müdafiə naziri olsa da, Silahlı Qüvvələr üçün köhnə simalardan biri hesab olunur. Z. Həsənov 2003-2013-cü illər ərzində Daxili Qoşunlara komandanlıq edib. 10 il ərzində siyasi hakimiyyətin əsas dayağı olan DQ-ın təchizatı tam olaraq Z. Həsənovun nəzarəti altında olub.

Z.Həsənov müdafiə naziri təyin olunduqdan sonra MN-də bir sıra kadr islahatları həyata keçirib. MN-nin Büdcəyə nəzarət və maliyyə idarəsinə öz kadrı olan polkovnik-leytenat Namiq Poladovu təyin edib. N. Poladov uzun illər Daxili Qoşunların maliyyə şöbəsinin rəisi olub. N. Poladov öz növbəsində MN-nin ənənəvi təhcizatcılarını dəyişib. Daha doğrusu, DQ-ın tenderlərinin daimi qalibi olan bir sıra şirkətlər Z. Həsənov müdafiə naziri təyin olunduqdan sonra MN-nin tenderlərinin qalibi olub. Satınlamalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi 2012-2014-cü illər üzrə tender reyestr məlumatlarını araşdırarkən 2013-cü ilə qədər DQ-da tenderlərin daimi qalibi olan MMC-lərin 2014-cü ildə MN-nin müsabiqələrinin qalibi olduğunu müəyyən etdik.

1. “Paşa K” MMC. 2013-cü ildə DQ-ın, 2014-cü ildə MN

2. “İnistal-servis” MMC. 2013-cü ildə DQ-ın, 2014-cü ildə MN

3. “Sputnik-12” MMC. 2013-cü ildə DQ, 2014-cü ildə MN

4. “Qrafik-Simvol” MMC. 2013-cü ildə DQ, 2014-c ildə MN

5. “Simurq-İnşaat” MMC. 2012-ci ildə DQ, 2014-cü ildə MN

6. 2012-də DQ-nin tenderlərinin qalibi olmuş “Selva” MMC-nin sahibi Rafiq Mehrəli oğlu Bəbirova məxsus “Uhud” MMC 2014-cü ildə MN-nin tenderlərinin qalibi olub.

7. 2012-2013-cü illərdə DQ-nin çoxsaylı tenderlərinin qalibi olan “Azmaşkom –Tex LTD”(qanuni təmsilçisi İbrahim Yunus oğlu Qurbanov), “Azmaşkom-Tex LTD İ” MMC (qanuni təmsilçi Xatirə Mirkazım qızı Həmidova), “Treyder LTD” MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri Nəsimi rayonu Mirzağa Əliyev kücəsi ev 208, m. 3/2 də qeydiyyatdan keçən “A.B.-ALYANS COMPANY LTD” MMC (qanuni təmsilci Elxan Əbdülqəni oğlu Vahidov) 2014-də MN-nin tenderlərin qalibi olub. Vergilər Nazirliyinin reyster məlumatlarını araşdırarkən”Azmaşkom-Tex LTD İ”-nin sahibinin Cingiz Hüseyn oğlu Cəfərov olduğunu müəyyən etdik.

Yuxarıda sadalanan şirkətlərin hamısının eyni ünvanda (Nəsimi rayonu Mirzağa Əliyev kücəsi ev 208, m. 3/2 də) qeydiyyatdan keçməsi onu deməyə əsas verir ki, bu MMC-lərin Çingiz Cəfərova bağlılığı var. Ç.Cəfərov eyni zamanda DQ-ın tenderlərinin qalibi olan “Sputnik-12” MMC-nin sahibidir.

8. 2013-cü ildə DQ-da tenderlərin qalibi olmuş “Xəzər 11” MMC-nin (qanuni təmsilci Toğrul Vidadi oğlu Ələkbərov) hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Füzuli kücəsi ev 18, mənzil 6 -da qeydiyyatdan keçən “Elfir-1” MMC (qanuni təmsilçi Kəmaləddin Qasım oğlu Məmmədov) 2014-cü ildə MN-də bir sıra tenderlərin qalibi olub. Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Elfir-1” MMC-nin təsisçisi Vidadi Əşrəf oğlu Ələkbərovdur. “Xəzər-11” MMC-nin təsisçisi isə Toğrul Vidadi oğlu Ələkbərovdur.

9. 2013-cü ildə DQ-ın tenderlərinin qalibi olmuş “Loğman-2014” MMC-nin (qanuni təmsilçi Anar Telman oğlu Qasımov) hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı MKR ev 27, m. 39-dur. Eyni ünvanda qeydə alınmış “Samurat-R” (qanuni təmsilçi Elxan Əlif oğlu Əliyev) 2014-cü ildə MN-nin tenderlərinin qalibi olub.

Qeyd edək ki, 2014-cü il üzrə satınalmalar reyestri hələ tam olaraq tərtib edilməyib. Biz yalnız 2014-cü ilin yanvar-may ayları üçün məlumatları təhlil etmişik.

Ana səhifəAraşdırmaSilahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – IV yazı)