Əsərlərə 18.5 milyon dollar qiymətinin qoyulduğu deyilir
Xalq rəssamı Səttar Bəhlulzadənin “Ebay” onlayn satış platformasında 650 əsər və eskizlərinin satışa çıxarıldığı bildirilir.
Satışı reallaşdıran Oğuz Tolga adlı şəxs əsər və cızmaqaralara ümumilikdə 18.5 milyon dollar qiymət müəyyənləşdirib.
Satışa çıxarılanlar əsasən rəssamın natürmort əsərləridir.
Arasında “Füzulinin portreti” də var.
Satışa həmçinin Səttar Bəhlulzadə haqqında xatirələr kitabı “Yollar… Mənzərələr” (müəllif Saleh Tahirov) də çıxarılıb.
2020-ci ilin mayında bəzi media resurslarında Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub-saxlanan əsərlərinin orijinallığına dair iddialar yer almışdı.
Həmin ilin iyununda muzeydəki rəsm əsərlərinin vəziyyəti ilə bağlı monitorinq aparılmışdı.
Komissiya üzvləri məlumatın əsassız olduğunu bildirmişdi.
2022-ci ildə Xalq rəssamları Elmira Şahtaxtinskaya ilə Toğrul Nərimanbəyovun əsərləri də “Ebay”da satışa çıxarılmışdı.
Elmira Şahtaxtinskayanın 1991-ci ildə yağlı boya ilə çəkdiyi “Məshəti Gəncəvi” əsəri (20×25 sm) 10 900 dollara satılırdı.
Toğrul Nərimanbəyovun 2000-ci illərdə yağlı boya ilə çəkdiyi “İçərişəhər” tablosu isə (100×80 sm) 55 000 dollara satışa çıxarılmışdı.
Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova Meydan TV-yə demişdi ki, bəzən rəssamlar eyni əsəri bir neçə variantda çəkir.
Həmin əsərlər hədiyyə də olunur, muzeylərə də təqdim edilir:
“Bu, müəllifin hüququdur, əsərinin bir neçə variantını həm muzeyə verə, həm də hədiyyə edə bilər. Hədiyyə olunan əsər də əldən-ələ keçir. Kimsə Azərbaycandan kənara gedib hədiyyə edib. Ona görə də indi həmin əsərlər satışdadır”, – direktor müavini söyləmişdi.