İki azərbaycanlı rəssamın əsərlərinin “eBay”da satışa çıxarıldığı deyilir

Mənbə: “Facebook”

Xədicə Əsədova: “Satışa çıxarılan əsərlərin bir neçə variantı var”

Qrafik dizayner, rəssam Rəsul Həsən Azərbaycanın iki rəssamının əsərinin “eBay”da satışa çıxarıldığını bildirib.

Onun sözlərinə görə, Xalq rəssamı Elmira Şahtaxtinskayanın 1991-ci ildə yağlı boya ilə çəkdiyi “Məshəti Gəncəvi” əsəri (20×25 sm) 10 900 dollara satılır.

Xalq rəssamı Toğrul Nərimanbəyovun 2000-ci illərdə yağlı boya ilə çəkdiyi “İçərişəhər” tablosu isə (100×80 sm) 55 000 dollara satışa çıxarılıb.

Rəsul Həsən bildirib ki, əsərlər Türkiyədən onlayn satışa çıxarılıb.

Hər iki eksponatın Milli İncəsənət Muzeyində saxlanıldığı məlumdur.

“Bəzən müəllif eyni əsəri bir neçə variantda çəkir. Kolleksiyamızda belə işlər var”, – milli incəsənət muzeyinin direktor müavini Xədicə Əsədova Meydan TV-yə deyib.

O bildirib ki, hər iki rəssamın satışa çıxarılan əsərlərinin bir neçə variantı mövcuddur:

“Elmira Şahtaxtinskayanın eksponatımızda olan “Məhsəti Gəncəvi” əsəri ağac üzərindədir və 1984-cü ildə çəkilib. Ola bilsin ki, müəllif əsəri yağlı boya üzərində işləyib və sonra da kiməsə hədiyyə edib. Toğrul Nərimanbəyovun muzeyimizdə olan “İçərişəhər” əsəri 160×140-dır. Satışda olan əsərin ölçüsü isə 100×80 santimetrdir. Üstəlik, süjetində də fərqlilik var”.

“Bu, müəllifin hüququdur, əsərinin bir neçə variantını həm muzeyə verə, həm də hədiyyə edə bilər. Hədiyyə olunan əsər də əldən-ələ keçir. Kimsə Azərbaycandan kənara gedib hədiyyə edib. Ona görə də indi həmin əsərlər satışdadır”, – direktor müavini əlavə edib.

Onun sözlərinə görə, muzeydə Xalq rəssamı Maral Rəhmanzadənin bir əsərinin beş variantı var:

“Rəssam əsərlərin beşini də muzeyə təqdim edib. Əsərlərdə hansındasa cizgilərində, konturlarında, siluetində bir az fərqlilik var”.

2020-ci ilin mayında bəzi media resurslarında Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərinin orijinallığına dair iddialar yer almışdı.

Həmin ilin iyununda muzeydəki rəsm əsərlərinin vəziyyəti ilə bağlı monitorinq aparılıb.

Komissiya üzvləri məlumatın əsassız olduğunu bildirib.

Ana səhifəMədəniyyətİki azərbaycanlı rəssamın əsərlərinin “eBay”da satışa çıxarıldığı deyilir