Şəmkir sakini: “Oğlumun əl-ayağını bağlayıb döyüblər, başını dəyənəklə yarıblar”

Səlminaz Əliyeva. Foto: Meydan TV

Səlminaz Əliyeva: “40 günlüyündən yetim saxladığım oğlumu şərləyib həbs ediblər”

Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan 52 yaşlı Səlminaz Əliyevanın 40 günlüyündən təkbaşına böyütdüyü yeganə övladı 2 il 1 aydır dəmir barmaqlıqlar arxasındadır. Ana iddia edir ki, oğlunu şərləyiblər, üstəlik, törətmədiyi əməli üzərinə götürməkdən ötrü polis şöbəsində günlərlə işgəncəyə də məruz qalıb.

“Çıxıb gördüm ki, oğlumu yerə yıxıb sürüyürlər”

24 yaşlı Amid Əliyev oğurluq və narkotik ittihamlarıyla 3 il 6 ay azadlıqdan məhrum edilib. Anası isə deyir ki, bu ittihamlar saxtadır.

Səlminaz Əliyevanın sözlərinə görə, o, oğlu ilə birlikdə çayxanada işləməklə dolanırdı. 2020-ci ilin yanvarında – hadisə günü də ana-bala işdə olublar:

“4-5 nəfər mülki formada çayxanaya girdi, elə bildik müştəridilər, oğlum adəti üzrə salamlaşdı. Mən mətbəxə keçdim ki, çay hazırlayım. Səs-küy eşitdim. Çıxdım ki, oğlumu yıxıblar yerə, sürüyürlər. Məni də itələdilər. Oğlumu “Niva”ya mindirdilər, şöbəyə apardılar. Obyektin sahibinə məlumat verib, özüm də arxasınca şöbəyə getdim. İçəri qoymadılar. Axşama qədər gözlədim. Dedilər ki, narahat olma, buraxacaqlar, mən də inandım. Nə bilim ki, məni aldadacaqlar…”

Səlminaz Əliyevanın sözlərinə görə, şöbədə oğlunun əl-ayağını bağlayıb döyüblər, başını dəyənəklə yarıblar. Amid Əliyevə dövlət hesabına vəkil təyin olunsa da, anası iddia edir ki, həmin şəxs onun hüquqlarının müdafiəsilə məşğul olmayıb. Əksinə, mənafeyinə zidd addımlar atıb: “Onun adı vəkil olub, özü yox. Gözünün qarşısında oğluma işgəncə verilib, gülürmüş. İndi də pulumuz yoxdur yaxşı vəkil tutaq…”

“Çox şey istəmirik ki…”

Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik əldə etmə, saxlama) maddələrilə ittiham olunan Amid Əliyevin işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Ana iddia edir ki, məhkəmədə də heç bir araşdırma aparmadan oğlu haqqında 3 il 6 aylıq hökm çıxarılıb. Az sonra onu 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Hökmün surətini isə bu günə qədər ala bilməyiblər ki, ondan apelyasiya şikayəti versinlər.

“Oğlum dəfələrlə Gəncə Apelyasiya Məhkəməsinə şikayət yazıb. Amma şikayətinə baxmayıblar. Yazıblar ki, guya hökmü ona göndəriblər. Amma yalandır. Hökmün ona göndərilməsini, onun hökmü almasını təsdiqləyən heç bir sübut yoxdur. Apelyasiya şikayəti vermək üçün müddətin bərpası üçün yenidən Şəmkir Rayon Məhkəməsinə ərizə verib. Fevralın 21-də bir dəfə məhkəmə oldu. Orada hakim soruşdu ki, bu işə mənim baxmağıma etirazın var? Oğlum dedi ki, kim baxır baxsın, əsas odur, ədalətli baxsın. Biz nə istəyirik, hökm verilsin. Çox şey istəmirik ki…”, – Səlminaz Əliyeva belə deyir.

“Ona dəyən hər təpik mənim ürəyimin başına dəyib”

Səhhətində ciddi problemlər olduğunu, ağır şərtlər və maddi ehtiyac içində yaşadığını deyən ana əlavə edib ki, bu çətinliklərə baxmayaraq, hazırda yeganə istəyi övladının işinə ədalətli baxılmasıdır. O həm də oğluna işgəncə verənlərin cəzalandırılmasını tələb edir: “Mən onu zülmlə, yetimçiliklə böyütmüşəm. Ona dəyən hər təpik, hər yumruq mənim ürəyimin başıma dəyib. Əgər günahı olsaydı, heç nə deməzdim”.

Amid Əliyev. Foto: Meydan TV

Amid Əliyev özü də məhkəmədə dindirilərkən ittihamı qəbul etməyib. O bildirib ki, ittiham olunduğu oğurluq hadisədi baş verərkən o, yaşadığı evdə olub. Bunu təsdiqləyən şahidlər də var. Amma istintaq və məhkəmə onun şahidlərini yox, polislərin ifadələrini əsas götürüb.

Daxili İşlər Nazirliyi nə deyir?

Daxili İşlər Nazirliyi isə Səlminaz Əliyevanın iddialanı təkzib edib. Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, istər Amid Əliyevin işgəıncəyə məruz qalması, istərsə də ona qarşı ittihamların əsassızlığı haqda anasının dedikləri həqiqətə uyğun deyil.

Bu qurumun məlumatında iddia olunur ki, Amid Əliyev 2019-cu ilin noyabrında tanışı Nəcməddin Kamilli ilə birlikdə Şəmkirin Yeniabad kənd sakininin evindən 8200 manat pul oğurlayıb. Bundan başqa, Amid Əliyev 2020-ci ilin yanvarında yetkinlik yaşına çatmayan tanışıyla birlikdə rayonun Mahmudlu kəndində mağazadan 171 manatlıq tütün, enerji içkisi və qida məhsulları oğurlamaqda ittiham olunur.

“Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Amid Əliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Bu zaman onun üzərindən 0.025 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb”, – məlumatda bildirilir.

Amid Əliyevin apelyasiya şikayəti verə bilməsi üçün müddətin bərpasıyla bağlı şikayəti üzrə məhkəmə prosesi Şəmkir rayon Məhkəməsində davam edir.

“Polis rəisi məni ləkələyir”

Səlminaz Əliyevanın şikayəti bununla bitmir. Onun sözlərinə görə, oğlunun haqsız həbsinə etiraz etdiyi üçün Kür qəsəbəsinin Polis Bölməinin rəisi Ədalət Sadıqov tərəfindən təhqir və təzyiqə məruz qalır. Qadın deyir ki, ötən ilin yanvarında qonşusu ona hücum edərək dəhlizdə yerləşən mətbəxin açarını tələb edib, həmin yerin ona verildiyini deyib:

“Mən 102-yə zəng etdim, polislər gəldi. Onların yanında belə qonşum Aynur Qasımova mənim üstümə dartındı, əlində çəkic var idi, onunla qapını sındırırdı. Polis araya girdi, məni mənzilə saldı və dedi ki, tədbir görəcəklər. İlkin məlumat verəndə nisbətən əşyalarım və ərzaqlarım yerində idi, bildirmişdim ki, 2 min manat ziyan dəyib. İş polisdə olduğundan və şəklini çəkdiklərinə görə mən heç nəyə əlimi vurmadım. Oğlum Bakı şəhərində yerləşən 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Sahə rəisinə məlumat verib, onun yanına getdim. Mən Bakıda olarkən başqa bir qonşu zəng edib dedi ki, ərazi nümayəndəsinin iştirakı ilə əşyalarımı zibil maşınına yığıb atıblar”.

Səminaz Əliyeva xəbəri alan kimi DİN-ə getdiyini və şikayət ərizəsi yazdığını deyir. Onun sözlərinə görə, nazirlikdən Şəmkir Rayon Polis Şöbəsinə zəng edib tapşırsalar da, heç bir nəticəsi olmayıb.

“Həmin mənzili 14 ildir almışam. Ancaq bu günə qədər sənədlərini əldə edə bilmirəm. Şikayətlər etdiyim üçün Ədalət Sadıqov məni hədəfə alıb. Hətta hüquqlarımı müdafiə edən şəxsə zəng edərək məhkəmə ilə hədələyib. Mənim içki içdiyimi deməklə gözdən salmağa çalışır. Mən çayxanada işləyirəm deyə “alkaş” hesab olunuram? Yoxsa övladlarını müdafiə etdiyi üçün analar ləkələnməlidir?”.

Səlminaz Əliyeva deyir ki, son bir ayda səhhətinə, oğluna və başına gələnlərə görə müxtəlif orqanlara 916 şikayət ünvanlayıb. Ancaq problemini həll edən yoxdur:

“Ombudsmana da şikayət etmişəm. Hələ indi zəng edib maraqlanırlar”.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə polis rəisi ilə bağlı deyilənləri təkzib edib:

“Təqsirləndirilən şəxsin anasının səsləndirdiyi iddialar anlaşılandır. Amma ananın övladının müdafiəsi məqsədilə müxtəlif məzmunlu iddialar səsləndirməsi onu cinayət əməlini törətməməsinə dəlalət etmir. Fakt əsasında başlanmış cinayət işi üzrə bütün zəruri istintaq hərəkətləri həyata keçirilib. Cinayət Prossesual qanunvericilik tələblərinə uyğun olaraq bütün tədbirlər vaxtında və effektiv icra edilib. Ananın müraciətinə baxılmaması, övladının əsassız həbs edilməsi ilə bağlı iddialar isə qəti olaraq əsassızdır və həqiqəti əks etdirmir. Hazırda təsirləndirilən şəxsin məsələsi məhkəmədə baxılır və qərar məhkəmənin səlahiyyəti çərçivəsindədir”.

Ana səhifəBölgəŞəmkir sakini: “Oğlumun əl-ayağını bağlayıb döyüblər, başını dəyənəklə yarıblar”