Vaxtilə respublikanın ən böyük tütünçülük rayonlarından olan Şəkinin Qaradağlı kəndində hələ də tütünçülər var. Sovet dövründə, eləcə də sonralar kənd təsərrüfatında ən gəlirli sahələrdən hesab edilən tütünçülük yerli kəndlilərin əsas dolanışıq yeri olub. İndi isə istehsal olan tütünün maya dəyərindən aşağı alınması vəziyyəti bir az da çətinləşdirib.
Tütünün əkilmə prosesi yığım prosesi kimi çətindir. Belə ki, mart- aprel ayından əkilən tütünün yığım müddəti iyul-avqust ,bəzən isə noyabr ayına kimi uzanır. Havanın günəşli və yağmursuz keçməsi işi bir az daha sürətləndirir. Birinci mərhələdə tütün toxumları əkilir, 2-3 aydan sonra ilk yığım başlayır. Bir ay fasilə verdikdən sonra ikinci yığım başlayır. Beləliklə, proses hava şəraitinə uyğun olaraq uzanır. Yığılan tütün preslənərək qurumağa göndərilir. Quruduqdan sonra isə hər kiloqramına uyğun olaraq 1-2 manata sahibkara satılır.