“Ağlaya-ağlaya dedi ki, üç gün polis şöbəsində bizə zülm elədilər, döyüb-öldürdülər, toka verdilər”
Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün, uzun illərdir Şəkinin Daşüz kəndində yaşayan Rasim Hacıyev deyir ki, oğlu Sənanı və bacısı oğlu Cövhər Xəlilzadəni şərləyərək həbs ediblər. Onun sözlərinə görə, hər ikisinə Şəki Rayon Polis Şöbəsində üç gün ərzində müxtəlif formada işgəncə veriblər. Tələb ediblər ki, onlara aidiyyəti olmayan narkotiki üzərlərinə götürsünlər.
“Balalarımıza zülm eləyiblər”
“Biz bacı-qardaşlar el-obamızdan didərgin düşəndən bu yana gəlib buralarda məskunlaşmışıq. Meşə zolağında yaşayırıq, təsərrüfatla, maldarlıqla məşğuluq. Elə uşaqlarımızı da mal-qaranın yanından götürüb aparıblar”, – Rasim Hacıyev Meydan TV-yə danışır.
Deyir ki, meşəbəyi ilə aralarında ədavət vardı, təxminən bir il öncə aralarındakı mübahisə polisə qədər gedib çıxmışdı. O hesab edir ki, həmin vaxt baş verənlərin qisasını Sənanı və Cövhəri şərləməklə onlardan alıblar:
“Əlbir olub, balalarımıza torba tikiblər. Fevral ayı idi, meşəbəyi ilə aramızda ədavət yarandı. Guya mal-qaramız meşəyə ziyan vurmuşdu. İşimiz polisə düşdü. Bizdən 11 min pul istəyirdilər. Biz polislərin hərəkətlərindən şikayətlər eləmişdik. Bizə hələ o vaxt xəbərdarlıq eləmişdilər ki, “görərsiniz, başınıza nə oyun açacağıq”. Dediklərini elədilər”.
28 yaşlı Sənan Hacıyev və 29 yaşlı Cövhər Xəlilzadə avqustun 13-dən həbsdədir. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə daşıma, saxlama), 237.2.1 və 237.2.3 (tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələrilə ittiham irəli sürülüb. İddia olunur ki, onlardan çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və 2 kiloqram marixuana aşkarlanıb.
Rasim Hacıyev isə deyir ki, yalandır:
“Uşaqlarımızla nə görüş verirlər, nə telefon danışığına qoyurlar. Tutulandan 10 gün sonra müstəntiqin otağında bir dəfə bacım oğlunu görəndə ağlaya-ağlaya dedi ki, üç gün bizə zülm elədilər, döyüb-öldürdülər, toka verdilər. Dözə bilmədik, dedik ki, nə istəyirsiniz, boynumuza götürək, əl çəkin. Aparıblar meşəyə, dibçəkləri qoyub, çəkiliş aparıblar ki, guya bunlar əkiblər. Onları videoya çəkiblər, üz-gözləri nə vəziyyətdə. Televizorda baxanda üzündəki xəsarətlərdən də görünürdü ki, bu uşaqları döyüblər, işgəncə veriblər, boyunlarına qoyublar. Rəis müavini Tural Məmişov, cinayət-axtarışın rəisi var, Fuad müəllim, onların göstərişi ilə zülm eləyiblər balalarımıza…”.
“Bunlar mal-qara ilə əlləşən uşaqlardır, nə narkotik?!”
Rasim Hacıyev əlavə edib ki, onlardan qisas alınması öncədən hazırlanmış plan olub və onu icra eləməkdən ötrü bacısı oğlu Cövhər Xəlilzadənin yanına öyrədilmiş bir nəfər göndərilib.
Həmin şəxs bir neçə dəfə onun yanına gəlib, onun etimadını qazanıb:
“Mal-qara otaranda guya yoldan keçirmiş kimi, onun yanına gəlib, onunla tanış olub. İkinci dəfə gələndə onunla dostlaşıb. Başlayıb ki, “mənə nəşə lazımdır, buralarda yabanı halda bitən kollar olur, sən bilərsən”. Söz almaq istəyib. Bu da deyib ki, “mənə maldan-heyvandan, itdən-pişikdən de, elə şeylər bilmirəm mən”. Həbs olunduqları gün də oğlumla birlikdə malın kənarında maşında oturublar, musiqiyə qulaq asırlarmış, bu vaxt polislər gəlib qandallayıb aparıb. Mal-qara gecəyə qədər başlı-başı qalıb. Bizə kənd adamları xəbər verdilər ki, uşaqları polislər apardı. Gedib şöbədə eşidəndə ki, narkotikdə ittiham olunurlar, şoka düşdük. Bunlar mal-heyvanla əlləşən uşaqlardır, nə narkotik?!”.
Rasim Hacıyev müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsman Aparatına çoxsaylı məktublar göndərib. O, Sənan Hacıyevin də, Cövhər Xəlilzadənin də təqsirsiz olduğunu, polislərdən şikayətlərinə görə ondan qisas almaq üçün şərlənərək 3 aydır həbsdə saxlandıqlarını yazıb.
DİN və prokurorluq işgəncə olmadığını deyir
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Sənan Hacıyev və Cövhər Xəlilzadənin Şəki Şəhər-Rayon Polis Şöbəsində işgəncəyə məruz qalması haqda atasının şikayətində göstərdiyi hallar təsdiqini tapmayıb.
Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəis müavini Anar Tarverdiyev də iddia edir ki, Sənan Hacıyev və Cövhər Xəlilzadənin polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı araşdırma aparılıb. Lakin onların polis şöbəsində qeyri-insani rəftara, psixoloji təsirə və s. formada təzyiqlərə məruz qalması haqda deyilənlər təsdiqlənməyib.