Ana oğlunun şəkilləri ilə təsəlli tapır

Mənbə: meydan tv

Başlıq: Ana oğlunun şəkilləri ilə təsəlli tapır

Şəhid anası: Haqqım olanı almaq üçün yaltaqlanmaq niyyətində deyiləm

“Şəhidlər arasında ayrı-seçkilik etməzlər”

Qarabağ müharibəsində həlak olan oğluna görə birdəfəlik müavinət ala bilməyən daha bir ana Meydan TV-yə müraciət edib.

Zərniyar Kərimova deyir ki, oğlu 1992-ci ildə Qarabağ müharibəsində həlak olub. Amma oğlunun əsgərliyə könüllü getməsini səbəb göstərərək, ona birdəfəlik müavinət vermirlər.

Zərniyar Kərimova Kürdəmirin Şahsevən kəndindəndir. Daha öncə isə Meydan TV-yə eyni şikayətlə Kürdəmirin Qaraqocalı kəndindən olan Gülnar Zamanova müraciət etmişdi. O da oğlu Sehran Qəniyevin 15 yaşında könüllü Qarabağ müharibəsinə qatıldığını, 1992-ci ildə Ağdərənin Çaylı kəndində həlak olduğunu söyləmişdi. Ana prezidentin sərəncamı ilə şəhid ailələrinə birdəfəlik ödənən 11 min manatlıq smüavinəti ala bilməyib. Müraciət edib, “sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” – cavabını alıb.

Zərniyar Kərimovaya da fərqli cavab verilməyib. Oğlu Qarabağda könüllü döyüşdüyü üçün onlara birdəfəlik müavinətin düşmədiyini söyləyiblər. Ana deyir ki, əslində söhbət təkcə maddiyyatda deyil, ona təsir edən, hörmətsizlik, saymazlıq, ayrı-seçkilikdir:

“Mənim övladım övlad deyil? Mənim şəhidim şəhid deyil? İnanın, içim yanır, illər keçib, mənim yaram ilk günkü kimi təzədir. Sevimli övladım olub. Arada şəkil albomlarına baxıram. Elə imkanlı ailə olmamışıq. Başımız gündəlik məişət işlərinə qarışıb. Uşaqların çox şəkli yoxdur. Ancaq Teymurumun şəkilləri var. Elə bil ürəyimə dammışdı tez ayrılacağımız. Onunla çox şəkil çəkdirmişik”.

Zərniyar Kərimova indi o şəkillərə baxıb, təsəlli tapır. Deyir, oğlu çox vətənpərvər olub, Qarabağa könüllü gedəndə 18 yaşı yenicə tamam olubmuş:

“Çağırışı gözləmədi, könüllü getdi. Gedəndən bir müddət sonra da meyitini gətirdilər. İndi hamıya, məcburi əsgərliyə aparılanların ailələrinə 11 minlik müavinət verdilər. Bizə isə dedilər ki, sizin oğlunuz könüllü getdiyi üçün ona düşmür. Keçən dəfə gördüm, sizdə belə bir material getmişdi. Hamı onlara güldü, etdiklərini lağa qoydu, millət ağzına gələni yazmışdı. Ürəyimdən tikan çıxdı. İstədim bilsinlər ki, belə hal bir deyil, çoxdu”.

Zərniyar Kərimova ədalətsizlikdən gileylənir. Deyir, bu adam Qarabağda döyüşüb, orda həlak olub, evində ölməyib. Nə dəxli var, könüllü gedib, yoxsa çağırıblar. Prezidentin sərəncamında “könüllü gedənə müavinət düşmür” yazılmayıb:

“Yəqin istəyirlər ki, əvvəlcə onları tərifləyək, sonra müavinəti alaq. Ancaq mən haqqım olanı almaq üçün yaltaqlanmaq niyyətində deyiləm. Haqqımdır, istəyirlər versinlər, istəyirlər verməsinlər. Buna görə heç kimi tərifləmək fikrində deyiləm”.

Zərniyar Kərimova

Zərniyar Kərimova

Mənbə: meydan.tv

Ana deyir ki, bir müddət öndə sosial şəbəkə vasitəsilə başına gələnləri danışıb. Hökuməti tənqid edib. Düşünür ki, bəlkə də oğluna, ailəsinə qarşı bu yad münasibət ona görədir:

“Ancaq mən olanı dedim, yenə olanı deyirəm. Şəhidlər arasında ayrı-seçkilik etməzlər. Elə onda da çıxışımda dedim ki, bu ölkədə şəhidi ayırırlar, bir sərəncam verilibsə, axıracan üstündə durulsun, hamıya bir gözlə baxılsın. Bütün şəhidlərə hörmət edilsin. Bu, görünür, onlara xoş gəlmədi”.

Ana deyir ki, bundan sonra evlərinə ARB telekanalının əməkdaşları gəlib:

“Gözləyirdilər ki, bu dəfə tərifləyəcəyik, onlar da pulumuzu verəcəklər. Mən yenə tərif demədim. Dedim, övladımın haqqı olan vəsaitin verilməsinə görə heç kimə təşəkkür etməyəcəyəm. Görünür, bu da onların xoşuna gəlmədi. Verməsinlər, eybi yox, ancaq hamı da bu haqsızlığı bilsin. Bilsinlər ki, bu ölkə, vətən uğrunda canından keçənə, könüllü döyüşənə qiymət verilmir”.

Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.

2019-cu ilin əvvəli prezident İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ay yaydığı açıqlamada isə bildirib ki, daha 104 şəhidin vərəsəsinə birfəfəlik ödəmənin verilməsi ilə bağlı qərar qəbul edilib.

Məlumatda bildirilir ki, prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir:

“Komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır”.

Məlumata görə, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib.

Nazirlik bildirir ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vibukn

Ən çox baxılan