Səfirliyin keçmiş əməkdaşına hökm oxundu

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Nəcib Osmanov məhkəmə zalında həbs olunub

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov iyunun 5-də məhkəmə zalında həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, Nəcib Osmanov Cinayət Məcəlləsinin 179.3.2. (külli miqdarda mənimsəmə) maddəsilə təqsirli bilinib.

O, səfirliyin 347 min manat vəsaitini ələ keçirib, mərc oyunlarına yönəltməkdə ittiham olunur.
1988-ci il təvəllüdlü Nəcib Osmanov istintaq və məhkəmə dövründə həbsdə deyildi. O, hökmün elanından sonra məhkəmə zalında həbs olunub.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi tanınıb. Çünki mənimsənildiyi iddia olunan vəsait bu quruma məxsusdur.

Hakim bildirib ki, 347 min manatlıq ziyandan 77 min dolları (130 min 900 manat) istintaq və məhkəmə dövründə ödənilib.

İttihama əsasən, Nəcib Osmanov 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədər dövlət büdcəsindən səfirliyə ayrılmış 347 min manat vəsaiti mənimsəyib. O, səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişlərinin yerinə yetirilməsi adıyla ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirərək, daha sonra həmin vəsaitlərin bankdan çıxarılıb, hesaba köçürülməsinə nail olub. Lakin sonradan vəsaitlər təyinatı üzrə xərclənməyib, mərc oyunlarına yönləndirilib.

Məhkəmədə ifadə verən keçmiş diplomat özünü təqsirli bildiyini deyib. O bildirib ki, Azərbaycanın Koreyadakı səfirliyindən əvvəl Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb. 2021-ci ilin fevralından isə Koreya səfirliyinə maliyyə məsələləri üzrə attaşe təyin olunub. Onun sözlərinə görə, 2021-ci ilin may ayından mərc oyunlarına aludə olub, onda asılılıq yaranıb.

“Mən əməkhaqlarından götürməmişəm, kommunal xərclərdən götürmüşəm. Çox asılılıq yaranmışdı. Səfirlikdə heç kimin xəbəri yox idi. Çox peşmanam. Səfir möhür vururdu sənədlərə, aparıb banka verirdim, hesaba pul köçürdü. Həmin pulları yönəldirdim oyunlara. Çox peşmanam, çox. 77 min dollar ziyandan ödəmişəm. Qalanını da ödəməyə çalışıram”, – Nəcib Osmanov bildirib.

Ana səhifəSiyasətSəfirliyin keçmiş əməkdaşına hökm oxundu