“Şəfiqə Məmmədovanın sədrliyi qeydə alınsa, nazirliyi məhkəməyə verəcəyəm”

Azərbaycan Kinematoqrafçılar İttifaqı. Foto: Trend

Xalq artisti deyir ki, dövlət səviyyəsində qurultay keçirilməli, sədr və İdarə Heyəti seçilməlidir

“Əgər Ədliyyə Nazirliyi Şəfiqə Məmmədovanın Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri seçilməsini qeydə alsa, qurumu məhkəməyə verəcəyəm. Dövlət səviyyəsində qurultay keçirilməlidir. Sədr və İdarə Heyəti kino xadimlərinin iştirakı ilə bir yerdə seçilməlidir”.

Bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov “Musavat.com”a deyib.

O bildirib ki, 2022-ci il dekabrın 17-də ARKİ-də keçirilən qurultay qeyri-şəffaf olub.

ARKİ-nin saytında yerləşdirilən məlumatda deyilir ki, dekabrın 17-də İttifaqın nizamnaməsinə uyğun uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib.

Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən ARKİ-nin İdarə Heyətinin sədri seçilib.

Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşandığı bildirilir.

İttifaqın üzvü Şeyx Əbdül Mahmudovbəyov deyib ki, qurultayın keçirilməsindən xəbərsiz olub:

Şəfiqə Məmmədova və Şeyx Əbdül Mahmudovbəyov. Foto: “azerforum.az”

“Səsvermə 5 ildən bir olur, bizdə isə 8 ildir keçirilmir. Çox təəssüf ki, rəsmi dövlət adamlarının adı ilə alver ediblər. Sədr, katib qeyri-legitimdir. 3-5 nəfərlə sədr seçiblər. İdarə Heyətində olanlardan üçü vəfat edib, biri isə imtina edərək gedib. İdarə Heyəti də qeyri-legitimdir. Orada iştirak edən 1 üzv mənə dedi ki, gördüm biabırçılıqdır, durub getdim. Bu, biabırçılıq, rüsvayçılıqdır. Onların kinoya aidiyyəti yoxdur. İlin sonunda hesabat adıyla yığışıb sədr seçiblər. Sədrin də bir yaş həddi olmalıdır. Şəfiqə Məmmədovanın 78 yaşı var”.

Rejissor deyib ki, dövlət səviyyəsində qurultay keçirilməlidir. Sədr və İdarə Heyəti kino xadimlərinin iştirakı ilə bir yerdə seçilməlidir.

Xalq artisti Şəfiqə Məmmədova məsələyə münasibət bildirməyib.

Ayaz Salayev
Foto: sosial şəbəkə

ARKİ katibi Ayaz Salayev APA-ya açıqlamasında deyib ki, İttifaqın dekabrın 17-də keçiriən tədbiri qurultay deyil, iclas olub:

“Məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi”.

İttifaqın İdarə heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, rejissor Müşfiq Hətəmov Meydan TV-yə deyib ki, iclasda  katiblik və İdarə Heyətinin üzvləri olmaqla qırx nəfər iştirak edib:

“Orada hüquqşünas belə bir fikir söylədi ki, Nizamnaməyə əsasən, iclas şəklində sədr seçilə bilər. Bundan sonra səsvermə oldu, Şəfiqə xanım seçildi. Sadəcə, mən iclasda sona qədər qala bilmədim”.

Müşfiq Hətəmov
Foto: APA

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə yaradılıb.

Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

İttfaqın icraçı katibi Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevdir.

İdarə heyətinin üzvləri İdarə heyəti Xalq artist, rejissor Vaqif Mustafayev, Xalq artisti, ssenarist Ramiz Fətəliyev, – Əməkdar incəsənət xadimi, rejissor Müşfiq Hətəmov, Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi, Xalq artisti, rejissor Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev, Əməkdar Mədəniyyət işçisi, “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədovdur.

Ana səhifəMədəniyyət“Şəfiqə Məmmədovanın sədrliyi qeydə alınsa, nazirliyi məhkəməyə verəcəyəm”