Say-seçmə oğullar

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Bilin ki, əhalimizi qarşıda xoş günlər gözləyir

Guya islahat adıyla hakim zümrə daxilində köhnə məmurları çıxarıb yenilərini təyin edirlər. Prezidentin bəzi yerlərdəki səlahiyyətli nümayəndələri, məsələn, Yevlax, Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra hakimiyyəti başçıları tutulub, bəziləri mühakimə edilib, həbs cəzası alıb, birisi həbsdə tacul-vəbadan dünyasını dəyişib, bəzilərinin hətta cəzası yüngülləşdirilib, bir neçəsi isə hələ də bizim məsxərəyə qoyulası məhkəmə şəbədələrində cəmiyyətə sızan dürlü kəlamları ilə oxumaq qabiliyyətini hələ itirməmiş camaatı şənləndirir.

Azərbaycanın dövlət idarəçiliyi adlanan təcrübəsinə baxan insan həmin an Uilyam Şekspirin “Dünya teatrdır, insanlar isə aktyor” kəlamını xatırlayır.

Azərbaycanda heç kim üçün sirr deyil ki, icra hakimiyyəti başçısı adlanan vəzifəyə təyin olunmaq üçün bu say-seçmə oğullar nə qədər rüşvət verirlər, öz olmayan şərəf və ləyaqətlərindən necə vaz keçirlər. Azərbaycan insanı Amerikada yaşamır, ömrünü-gününü doğma vətənində, adı Şəmkir, İmişli və sairə yuxarıda sadalanmış yaşayış məntəqələrində keçirir, kimin necə və nəyin hesabına yaşadığını çox gözəl bilir və görür. Təbii ki, icra başçılarının büdcədən və əhalidən nə qədər oğurladığını və çalıb-çapdığını da əla bilir. Çox da İmişlinin sabiq icra başçısı məhkəmədə iddia edir ki, onun evində axtarış zamanı tapılmış milyonlar xanımına babasından miras qalıb. Görəsən bu səfeh, bağça uşaqlarının belə inana bilməyəcəyi iddianı sifarişlə işləyən hakimlər nəzərə alacaqlarmı? Uilyam Şekspirin azərbaycanlı adaşı özü etiraf edir ki, tutulanda ona cinayətlərinin etirafı yazılmış kağızları veriblər və adını çəkməkdən çəkindiyi bir nəfərin adını deyib məsləhət görüblər ki, mübarək imzasını qoysun. Şekspirin azərbaycanlı adaşı da cınqırını çıxarmayb, cinayətlərini təsvir edən kağızlara imzasını atıb.

İndi isə deyir ki, “möhtərəm hakim, həmin birinci etiraf ifadələrini deyil, vəkil ilə məsləhətləşəndən sonra istintaq dövründə verdiyim ikinci ifadələri əsas götürün”.

Uilyam Hacıyev cənabları cox şüurlu və intizamlı məmurdur. Hətta tutulandan sonra həmin adını çəkmək istəmədiyi adamın adını sadəcə eşidən kimi coxsaylı cinayət törətməsi barədə kağızları quzu balası kimi imzalayıb.

Azərbaycan məhkəmələri önündə gündə nə qədər vətən oğlu durur! Onların hansı birində Şekspirin adaşında olan məsuliyyət və şüur var? Demək olar ki, heç birində!!!

Elə-hey oxuyuruq ki, filan müttəhim məhkəmədə üzə durub bizim şanlı polis nəfərlərinə şər atır, deyir ki, mənə işgəncə veriblər, cinayəti boynuma döyə-döyə qoyublar.

Bir gənc deyir ki, “Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəklər aparanda bizi tutdular, cibimizə narkotik qoyub xub döydülər. Deyin ki, ay hökumət, sizi köynəyə görə tutmuşuq, biz də şad-xürrəm qazamata gedək, bilək ki, həbsimizlə fəxr etməyə dəyər, deyək ki, İmam Hüseyn naminə əzab çəkirik. Bu narkotik şərəfsizliyini bizə yaxmayın, dindar insanlarıq, ayıbdır”.

Bunu oxuyub fikrə dalıram. Aya, insanlar niyə böylə dar düşüncəli olublar? Niyə belə insafsız olublar? Niyə tarixə açıq gözlə baxmırlar? Məgər anlamırlar ki, tarixdə hamının, bütün insanların xidməti var? Məgər XX əsr sovet tarixində Stalindən savayı heç kəs olmayıb? Hamı elə “Stalin, Stalin, haradasan, Stalin, xortlayıb gəl, bu oğru və xain gədaların hamısını güllələ” deyir. Niyə “Xruşşov, Xruşşov, Trotski, Trotski “ demirlər? Niyə?

Nə olardı bu gənc iman əhli Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” deyil, “Ya Yezid bin Muaviyə” yazılmış köynəklər aparaydı? Yüz faiz əminəm ki, belə etsəydilər, bir köpək oğlu onlara güldən ağır söz deməzdi, ciblərinə natkotik atmazdı, təpiyinin altına salıb döyməzdi. Hələ bəlkə çağırıb hərəsini bir məscidə axund təyin edərdilər, onlar da Daxili İşlər Nazirliyi ilə can-ciyər, əl-ələ bahəm işləyərdilər.

Birdən xiffət edərsiniz ha, elə düşünərsiniz ki, Şekspirin azərbaycanlı adaşının və onun kimilərinin həbsindən sonra dövlətimisin sütunları zəiflədi, düşmənlərimiz sevinməyə başladı! Xeyr, heç vaxt! Nəbadə! Millətimizdə uilyamlar nə qədər desən var! Hamısı, əlində bir qalın paçka pul, marıtlayıb gözləyir ki, kimə lazımdır verib təyinatını alsın və girişsin xalqın halal malının canına.

Dövlətimizin banisi kimdir, sütunları necə qoyub, divarları necə ucaldıb, hasarları necə hörüb, darvazaları necə qurub, dəxi yada salıb qanqaralıq salmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, belə dövlətin təməli möhkəmdir, onu heç nə dəyişə bilməz. Dövlət özü dağılar, fəqət sütunları qalar. Fikir vermisinizmi, Suriyada Palmira deyilən Tədmor dağılıb xərabəyə dönüb, amma sütunları cağbacağ yerindədir.

Bu dövlət niyə belə möhkəmdir? Çünki xalqa, əsl xalqa söykənir. Xalqdan qaynaqlanır, daim bu xalqın şirəsini sorub qanını təzələyir, ruhunu canlandırır.

Bayaq ərz etdim ki, yeni uilyamlar təyinat eşqi ilə qovrulub yanırlar. Möhtərəm Ali Baş Komandanın seçmək imkanı sonsuzdur, bayquşların söhbətində deyildiyi kimi, nə qədər ki, bu dövlət durur, bu xalq yaşayır, uilyamların səfi seyrəlməyəcək.

Lakin elə bilməyin ki, onlar yox, kimsə ənənəvi müxalifətdən təyin olunsa, dövlətimizin təməl dəyərlərinə naxələf çıxan adamlar gələcək. Bir anlığa bizim son otuz ildə üzdə olan müxalifət liderlərinin simalarını canlandırın, və ürəyiniz rahat olsun ki, milli dəyərlərimiz heç vaxt it-bata düşməyəcək, hakimiyyət vəzifələri daima bir uilyamın əlindən çıxıb başqa bir eyni tövrlü uilyamın əlinə keçəcək.

Azərbaycan Ulu öndərin yazıb qoyduğu təlimatlarla idarə olunur. Bu təlimatlardan bixəbər insanlar elə-hey cəmiyyətə və hakimiyyətə xitabən öz aləmlərində dövlət üçün xeyirli bildikləri məsləhətləri səsləndirirlər. Ay nə bilim rayonlara icra hakimiyyəti başçıları prezidentin təyinatı ilə deyil, yerli əhalinin azad və ədalətli seçkisi ilə gəlsinlər. Ay camaat, bilirsiniz də bunun adi həyat dilinə tərcüməsi nədir? Yəni möhtərəm prezident, sən çəkil kənara, qoy kəmsavad, dünyadan bixəbər sadə camaat rayona rəhbər seçsin. Bilirsiniz camaat kimi seçəcək? Bir rayonda İsgəndər Həmidov sayaq, o biri rayonda Pənah Hüseyn sayaq, üçüncü rayonda Fərəc Quliyev sayaq rayon rəhbəri olacaq. Bu azad və ədalətli seçkidən bir il sonra yerli əhali Şekspirin adaşının dədəsinə rəhmət oxuyacaq, necə ki, AXC-nin bir illik hakimiyyətindən sonra xalq ağuşunu Heydər Əliyevə açdı.

Prezident bunu bildiyindən ölkəni köhnə minvalla idarə edir. 44 günlük müharibənin zəfərindən sonra qazandığı böyük ehtiram və minnətdarlıq kapitalını aramsız xərcləyir. Hər “Böyük Qayıdış”ın bir gün ləngiməsi, hər köməksiz qazinin fəryadı, hər bir polis özbaşınalığı, hər bir əsassız qiymət artımı prezidentin müharibədə qazandığı bu sərmayəni didib aşındırır.

Burada kiminsə könlünə dəsmal götürüb ağlamaq düşə bilər. Nahaq! Kədərlənmək, qəm yemək üçün heç bir əsas yoxdur. Hər şey nisbətdə bilinər! Siz ki, erməninin kökündə deyilsiniz? Siz məgər rusun günündəsiniz? Siz ki, ukraynalının da halından uzaqsınız. Naşükür olmayın. Şükür edin, deyin “sübhanə-l-lah”. Beş dəfə deyin. Kürreyi-ərzdə zindəganlıq edən milyonları, yüz milyonları, hətta milyardları təsəvvürünüzə gətirib ucadan “sübhanə-l-lah”deyin.

Bilin ki, əhalimizi qarşıda xoş günlər gözləyir. Bir çox səbəbdən. Əvvəla, neftin qiyməti qalxır, ölkəyə gələn pulun miqdarı artdıqca, hakimiyyətin də kefi kökəlir və dəxi camaatı əvvəlki amansızlıqla döymür. İkincisi, bu yaxınlarda Füzulidən sonra Zəngilanda da hava limanı tikiləcək. Üçüncüsü, “Böyük Qayıdış” layihəsi tədricən ilk addımlarını atır, yaxın beş il ərzində ilk köçkünlərin doğma yurdlarına qayıtması üçün ola bilsin imkan yaranacaq. Dördüncüsü, ola bilsin Rusiya xosumvay olandan sonra erməni müxalifətinin məzacı yumşalacaq. Beşincisi və sonuncusu, alimlər söz verirlər ki, yaxın 5 ildə dünyanın axırı gəlməyəcək.

Bizlərə isə bu qədər vaxt tamamilə bəs edər.

Ana səhifəMənim FikrimcəSay-seçmə oğullar