Şarl Mişel Brüssel görüşündən məmnun qalıb

Şarl Mişel. Foto: Aİ

“Avropa İttifaqının heç bir gizli planı yoxdur”

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib:

Bizim fikir mübadiləsimiz səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib”.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər:

“Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik”.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – deyə bəyanatda vurğulanır.

Şarl Mişel sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları da nəzərdən keçirdiklərini bildirib:

Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər”.

Ş.Mişelin sözlərinə görə, liderlər 1991-ci il Almatı Bəyannaməsinə Ermənistanın (29,800 km2) və Azərbaycanın (89,600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər:

“Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Kommunikasiyalara gəlincə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda mövqelər hazırda bir-birinə çox yaxındır, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı. Onların müvafiq qruplarına konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşdırılması tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatını cəlb etmək barədə razılığa gəliblər”.

Bəyanatda qeyd olunub ki, yaxın həftələrdə daha çox məhbusun sərbəst buraxılacağı anlaşılırdı:

Həmçinin qarşılıqlı anlaşmanın saxlanmasının vacibliyini vurğuladım ki, sadəcə olaraq, azmış  hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş əsaslarla azad olunacaqlar. Biz itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyini müzakirə etdik”.

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım. Düşünürəm ki, qarşılıqlı məqbul nəticə əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla hərəkət etmək və liderlik nümayiş etdirmək vacibdir”, – deyə Mişel bildirib.

Bəyanat bu fikirlərlə tamamlanır:

Avropa İttifaqının heç bir gizli planı yoxdur. Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Brüsseldə lazım olan qədər görüşlər keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz çox yaxın gələcəkdə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində Fransa Prezidenti Makron və Almaniya kansleri Şolzla yenidən görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranada da keçiriləcək üçüncü ASB sammiti çərçivəsində növbəti görüşə dəvət etmək niyyətindəyəm”.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi:

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətŞarl Mişel Brüssel görüşündən məmnun qalıb