O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşadı. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşdü. Çünki İranda sekulyar dövlətin saxlanılmasını istəyirdi. Lakin köhnə həmfikirləri də daxil, əksəriyyət tərəfindən dəstəklənmədi, anlaşılmadı. İran inqilabının Hamleti olaraq hamı tərəfindən tərk edildi və “satqın” kimi damğalandı.
***
Şapur Bəxtiyar 1914-cü il iyunun 26-da İranın mərkəzində yerləşən Şəhrekord şəhərində anadan olub. Soyadından göründüyü kimi, ailəsi qüdrətli Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar xanədanı dövründə Baş nazir postunu tutmuşdu.
1925-ci ildə Pəhləvi sülaləsinin əsasını qoyan Rza şah mərkəzləşdirmə siyasəti yürüdür, qaşqaylar, bəxtiyarilər və digər tayfaların qüdrətini sarsıtmağa çalışırdı. Bu siyasətin qurbanlarından biri də Şapurun atası olur. O, 1934-cü ildə dörd yaxın qohumu ilə birlikdə edam edilir.
Doğma şəhərində, İsfahanda və Beyrutdakı fransız məktəbində təhsil alan Şapur Bəxtiyar 1936-cı ildə Paris Universitetinin siyasi elmlər kollecinə daxil olur. Beyrutda və Parisdə demokratik görüşlərə yiyələnən Şapur İspaniyadakı vətəndaş müharibəsində respublikaçıların tərəfində general Frankoya qarşı vuruşur.
1940-cı ilin mayında nasist Almaniyasının Fransaya qarşı hərbi əməliyyatlara başlaması ilə əlaqədar isə təhsilini yarımçıq qoyaraq könüllü surətdə fransız ordusuna yazılır, Fransanın məğlubiyyətindən sonra isə Müqavimət hərəkatında iştirak edir.
İkinci dünya müharibəsinin bitməsindən sonra doktor diplomu alaraq İrana qayıdır. Bu illərdə İranda maraqlı siyasi proseslər cərəyan edir. Həmin proseslərin məhək daşı isə İran neftinin milliləşdirilməsi məsələsi idi. Əsasən bu ideyanın ətrafında formalaşan Milli Cəbhənin lideri Məhəmməd Müsəddiq 1951-ci ildə İranın Baş naziri oldu.
Gedən proseslər Şapurun karyerasına da təsirsiz ötüşmür. O, 1951-ci ildə Əmək Nazirliyinin İsfahan vilayəti üzrə departamentininin rəhbəri təyin edilir. Bir qədər sonra isə İran neft sənayesinin əsas mərkəzi olan Xuzistan vilayətində eyni vəzifəni tutur. Müsəddiq iqtidarının sonunda isə artıq nazir müavini idi.
1953-cü ilin avqustunda ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarının planlaşdırdıqları “Ayaks” əməliyyatı nəticəsində Müsəddiq hökuməti devrildi və İranın demokratik inkişaf potensialına sarsıdıcı zərbə endirildi. Bundan sonra şahın bilavasitə rəhbərlik etdiyi sərt avtoritar rejim formalaşmağa başlayır.
Şapur Bəxtiyar hakimiyyət dairələrində xeyli qohumları vardı. Şahın arvadı Soreyya da Bəxtiyari tayfasından idi. Sonralar verdiyi müsahibələrin birində Şapur Bəxtiyar iddia edir ki, məhz buna görə Müsəddiqin devrilməsindən sonra ona nazir vəzifəsi təklif olunur, lakin imtina edir.
Əlavə edək ki, 1957-ci ildə yaranan və rəsmi adı Sazman-e Ettela’at va Amniyat-e Keşvar (Dövlət informasiya və təhlükəsizlik xidməti) olan SAVAK-ın ilk direktoru Teymur Bəxtiyar da məqalə qəhrəmanının əmisi oğlu idi.
Hakimiyyətin zirvəsində bu qədər yaxın qohumlarının olmasına və yetərincə yüksək vəzifələr tutmaq imkanına baxmayaraq, Şapur Bəxtiyar müxalif mövqedə qalmaqda və şahın tənqidçisi olmaqda davam edir. O, 1960-cı ildə İkinci Milli Cəbhənin yaradılmasında əsas rol oynayan şəxslərdən biri olur.
Qeyd etmək lazımdır ki, Şapur Bəxtiyar kifayət qədər prinsipial, lakin eyni zamanda mötədil mövqe tutur. O, gəncliyində daha çox sol görüşlərin təsiri altında olsa da, indi ölkəsinin reallıqlarını nəzərə alaraq konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edir.
Lakin şah rejimi hətta belə yumşaq mövqe tutan insanlara qarşı dözümsüz idi. 1964-cü ildə Bəxtiyar Milli Cəbhənin digər liderləri ilə birlikdə həbs edilir. O, ümumiyyətlə, 1964-1977-ci illərdə dəfələrlə həbs olunur və üst-üstə 6 il həbsdə keçirir.
***
1970-ci illərin ikinci yarısından etibarən İranda sosial-iqtisadi vəziyyət gərginləşməyə başlayır. Şahın həyata keçirdiyi və “Ağ inqilab” adını alan islahatlar proqramı bir sıra yan effektlər doğurdu. İşsizliyin artması, güclü inflyasiya, korrupsiya, azadlıqların boğulması cəmiyyətdə narazılığı artırdı.
Bu zaman İran müxalifəti bir neçə qrupa bölünürdü.
– Şapur Bəxtiyarın da daxil olduğu konstitusiyalı monarxiya tərəfdarları;
– Mehdi Bazərgan və ayətulla Tələqaninin rəhbərlik etdikləri, demokratik, ancaq islam qanunlarının əhəmiyyətli rol oynadığı İran uğrunda mübarizə aparan İran Azadlıq Hərəkatı təşkilatı;
-Mücahidun-e Xalq və Tudə partiyalarının ciddi rol oynadığı solçular və
– şəriət dövləti uğrunda mübarizə aparan və sürgündəki ayətulla Xomeynini rəhbər kimi qəbul edən dindar kəsim.
Onsuz da gərgin olan vəziyyəti şaha yarınmaq istəyən qüvvələr daha da gərginləşdirdilər. 1978-ci il yanvarın 7-də “Ettela’at” qəzetində Xomeyninin əleyhinə dərc olunan məqalədə bir sıra alçaldıcı ifadələr yer almışdı. Buna etiraz olaraq ertəsi gün Qum şəhərində aksiya keçirən dini mədrəsələrin tələbələrinə atəş açıldı. Rəsmi məlumatlara görə 2 nəfər, müxalifətə görə isə 70 nəfər öldürüldü.
Qumda həlak olanların 40-cı anım günü bir sıra şəhərlərdə etiraz aksiyaları keçirildi. Təbrizdə bu aksiyalar üsyan şəklini aldı. Barlar, banklar, kinoteatrlar, polis məntəqələri yandırıldı. Şəhərə yeridilən qoşun hissələrinin açdığı atəş nəticəsində rəsmi məlumatlara görə 6 nəfər, Xomeyni tərəfdarlarının iddiasına görə yüzlərlə adam həlak oldu.
Martın 29-da artıq Təbriz qurbanlarının 40-cı anım günündə paytaxt Tehran daxil olmaqla 55 şəhərdə iğtişaşlar baş verdi. Bu zaman həlak olanların 40-cı anım günü isə artıq mayın 10-da yeni etirazlarla qeyd olundu.
Sonuncu halda naməlum səbəblərdən nüfuzlu din xadimi, azərbaycanlı ayətulla Şəriətmədarinin də evi atəşə tutuldu və onun şagirdlərindən biri həlak oldu. O zamana qədər yumşaq müxalif mövqedə olan ayətulla bundan sonra 1906-cı il Konstitusiyasının bərpasının vacibliyi barədə bəyanat verdi.
İyunun 22-də Milli Cəbhənin üç lideri – Şapur Bəxtiyar, Kərim Səncabi və Dariuş Forouhar şaha açıq məktub yazaraq ölkədəki böhrana onun yanlış siyasi və iqtisadi siyasətinin səbəb olduğunu göstərdilər. Müəlliflər vəziyyətdən çıxış yolunun avtoritarizmdən imtina, təkpartiyalı sistemin ləğvi, Konstitusiya və insan azadlıqlarına hörmətdən ibarət olduğunu vurğulayırdılar.
Məhəmməd Rza şahın bəzi güzəştləri və vədləri sayəsində yaya doğru vəziyyət sakitləşdi. Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hökumət üçün hazırladığı təhlildə “İranda nəinki inqilabi, hətta inqilab ərəfəsi vəziyyət belə yoxdur” yazılırdı. Ümumiyyətlə, İranda baş verənlər MKİ-nin ən böyük fiaskolarından biri sayılır.
Lakin avqustun 20-də Abadandakı “Reks” kinoteatrında baş verən və 500 civarında insanın həlak olması ilə nəticələnən yanğın sabitləşməyə gedən vəziyyəti kökündən dəyişdi. Yanğın SAVAK agentlərinin təqib etdikləri şəxslərin zalda gizlənməsindən sonra başlamışdı.
Müxalifətin versiyasına görə, SAVAK agentləri axtardıqları adamları çölə çıxmağa məcbur etmək üçün kinoteatrı yandırmışdılar. Hakimiyyət nümayəndələri isə iddia edirdilər ki, kütlənin içində qaça bilmək üçün yanğını gizlənənlər özləri törətmiş, ancaq yaranan təlaş çoxsaylı qurbanlara səbəb olmuşdur.
Birinci versiya mənə tamamilə absurd, ikinci isə ağlabatan görünür. Amma o zamanın elektrikləşmiş İran cəmiyyətində demək olar ki, hamı hakimiyyətin günahına inandı.
Nəticədə şah əleyhinə çıxışlar yenidən vüsət aldı. Küçə yürüşlərinə və toqquşmalarına bütün ölkəni bürüyən tətil hərəkatı əlavə olundu. Artıq etirazçıların da əlində silahlar var idi və hökumət qüvvələri də itki verirdilər.
Məhəmməd Rza şah bu dövrdə açıq-aşkar qətiyyətsizlik göstərir. O, hər hansı bir sabit siyasi xətt hazırlayıb yürüdə bilmir. Gah hərbi vəziyyət elan edir, gah güzəşt siyasəti yürüdür, gah radioya çıxıb buraxılan səhvlərə görə üzr istəyir. Onun qətiyyətsizliyi etirazçıları daha da ruhlandırır.
Yaranmış vəziyyət mötədil və sekulyar Milli Cəbhədə parçalanmaya səbəb oldu. Əksəriyyət Xomeyni ilə əməkdaşlıq etmək qərarına gəldi. Onların nümayəndəsi Kərim Səncabi noyabrda Parisə gedərək ayətulla ilə görüşdü. Şapur Bəxtiyarın tərəfində olan azlıq isə üləmalarla ittifaqın İranın sekulyar quruluşu üçün yolverilməz sayırdılar.
1978-ci ilin sonlarında şah demokratik düşərgədən birini baş nazir təyin etmək üçün danışıqlar aparır. Kərim Səncabi qəbul etmədikdə, post Şapur Bəxtiyara təklif olunur. Sonuncu təklifi qəbul etdi. Milli Cəbhə isə buna Bəxtiyarı öz sıralarından qovmaqla cavab verdi.
***
Bəxtiyarın addımını dəstəkləyən demokratik düşərgə nümayəndələri o qədər az idilər ki, çətinliklə kabinet qura bildi və parlamentdən etimad aldı. 1979-cu il yanvarın 4-də Şapur Bəxtiyar monarxiyanın son Baş naziri kimi fəaliyyətə başladı.
Bəxtiyar İran monarxiyasının və ölkənin gələcək idarə üsulunu müəyyən etməkdən ötrü Müəssislər Məclisinə seçkilər keçirmək üçün 3 ay möhlət istəyirdi. O, bütün siyasi məhbusların azad edilməsi, senzuranın ləğvi, hərbi vəziyyətin şərtlərinin yumşaldılması barədə göstərişlər verdi. Etiraz aksiyaları zamanı həlak olanların ailələrinə ciddi kompensasiya vəd edildi.
Belə mütərəqqi addımlara baxmayaraq, Xomeyni yanvarın 7-də xalqa müraciətində hökuməti qeyri-qanuni elan etdi. Solçuların, demokratların, liberalların mövqeyi də fərqli deyildi. İran cəmiyyəti sanki ümumi hipnoz altında inadla şəriət dövlətinə doğru gedirdi, hətta özünü belə dövlətin əleyhdarları sayanlar da.
Yeni Baş nazir isə müsahibələrinin birində din və din xadimlərinə qarşı olmadığını, onların etiqad və ibadət azadlıqlarına hörmət etdiyini bildirirdi. Bununla belə, dinin siyasətə qarşımasının, dövlət idarəçiliyini ələ almasının əleyhinə olduğunu söyləyirdi.
Xərçəng xəstəliyindən əziyyət çəkən Məhəmməd Rza şah xanımı Fərəh Diba ilə birlikdə yanvarın 16-da İranı tərk etdilər. Fevralın 1-də isə ayətulla Xomeyni 15 illik sürgündən sonra İrana geri döndü. Tehranın Mehabad aeroportunda onu 1 milyona yaxın insan qarşıladı. Bu mənzərə ölkənin əsl hakiminin kim olduğunu ortaya qoyurdu.
Bəxtiyar hökumətini tanımayan Xomeyni inqilabi legitimliyə söykənərək fevralın 4-də azərbaycanlı liberal Mehdi Bazərganı İranın Baş naziri təyin etdi. Bəxtiyar bunu qəbul etməyərək ölkədə bir hökumətin olduğunu, ruhanilərə Qumda Vatikan tipli dövlət yaratmağı məsləhət gördü.
Maraqlıdır ki, bir-birlərinin legitimliyini mübahisələndirən baş nazirlərin oxşar taleləri vardı. Mehdi Bazərgan da Fransada təhsil almış, müharibə illərində Müqavimət hərəkatında iştirak etmişdi. Müsəddiq iqtidarı dövründə mühüm vəzifələr tutmuşdu. 1960-cı ildə İkinci Milli Cəbhəni yaradanlardan biri də o idi.
Siyasi situasiya get-gedə Bəxtiyarın əleyhinə dəyişirdi. Getdikcə daha çox adamlar, hətta onun öz hökumətinin üzvləri Xomeyniyə tərəf keçirdilər. Fevralın 11-də hərbçilərin bitərəfliklərini elan etməsindən sonra müdafiəsiz qalan Bəxtiyar hökuməti 37 günlük iqtidardan sonra süqut etdi.
***
Şapur Bəxtiyar bir müddət İranda gizləndikdən sonra saxta sənədlərlə ölkədən qaça bilir və Parisə gəlir. O, burada İran Milli Müqavimət Hərəkatı deyilən təşkilat yaradır. İran hakimiyyət orqanları isə onu İslam Respublikasını devirmək cəhdində suçlayaraq barəsində ölüm hökmü çıxarırlar.
1980-ci ilin yayında Livan vətəndaşı Anis Nəqqaşın rəhbərlik etdiyi beş nəfərlik qrup keçmiş Baş naziri öldürməyə cəhd etdi. Onlar Bəxtiyarın evini mühafizə edən bir polisi və qonşuda yaşayan qadını öldürdülər, başqa bir polis Bernard Vinyanı ağır yaraladılar. Lakin digər polislərin müqaviməti nəticəsində tərkisilah olundular.
1982-ci ildə Fransa məhkəməsi beş nəfərdən dördünü ömürlük həbsə məhkum etdi. 1990-cı ildə isə onların hamısı prezident Mitteran tərəfindən əfv olundular. Aldığı yaralardan ömürlük şikəst qalan Bernard Vinya Nəqqaşı bağışlaması müqabilində kompensasiya olaraq təklif edilən 2 milyon frankı “murdar pul” adlandıraraq imtina etdi.
1991-ci il avqustun 6-da ikinci cəhd hədəfinə çatdı – Şapur Bəxtiyar şəxsi katibi ilə birlikdə qətlə yetirildi. Mühafizəçiləri aldadaraq içəri daxil olan 3 nəfər onları mətbəx bıçağı ilə öldürdü. Şəxsiyyəti indiyə qədər naməlum qalan iki qatil İrana qaça bildi, üçüncüsü isə İsveçrədə həbs olunaraq Fransaya deportasiya edildi.
Əli Vəkili Rad adlı İran vətəndaşı olan qatili məhkəmə ömürlük həbsə məhkum etdi. Lakin İranda casusluq ittihamı ilə həbs olunan Klotilda Reyss adlı fransız vətəndaşı ilə dəyişdirilmək üçün 2010-cu ildə əfv edildi. Bu zaman Fransa hökuməti bu addımın Reysslə mübadilə üçün atıldığını qəti surətdə inkar etdi.
İran monarxiyasının son Baş naziri olan, ölkəsini sekulyar və demokratik görmək istəyən Şapur Bəxtiyar Parisin Monparnas məzarlığında uyuyur.