Samir Şərifov icra başçılarına səsləndi: Fermerlərlə münasibətlərinizə yenidən baxın

Rövşən Ağayev: “Anlaşılmayan həm də odur ki, neft baha olanda pambıqçılığın çökməsi niyə heç kimi narahat etmədi?”

Source:


Rövşən Ağayev: “Anlaşılmayan həm də odur ki, neft baha olanda pambıqçılığın çökməsi niyə heç kimi narahat etmədi?”

Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün imkanlar var.

“APA-Economics”in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri bildirib ki, ölkədə fəaliyyətini dayandıran pambıq təmizləmə zavodlarının səmərəli fəaliyyət göstərməsi üçün bu məsələyə yenidən baxılmalıdır: “Cənab prezident ənənəvi sahələrin inkişaf etdirilməsi məsələsinə toxunanda pambıqçılıq sahəsini xüsusilə vurğuladı. Hesab edirəm ki, bu sahənin inkişafı üçün imkanlarımız var. Fəaliyyətsiz olan bir neçə pambıqtəmizləmə zavodlarımız var. Məsələn, Sabirabadda, Saatlıda və sair. Bu zavodlarının səmərəli fəaliyyətinə yenidən baxılmalıdır. Vaxtilə bununla bizim bank strukturları məşğul olub. Məsələn, Beynəlxalq Bankın vasitəsilə bir qurum yaradılmışdı, onlar nə isə etdilər… Faktiki olaraq, onlar bu gün müflisləşib, böyük həcmdə banka borcları var. Biz bu zavodların canlandırılması yollarına baxmalı, regionlarda pambıqçılığa dəstək verməliyik. Düzdür, müəyyən fasilədən sonra fermerlərdən pambığın alınması prosesinə yenidən start verilib. İndi də yeni mövsümdə pambıqçılıqla məşğul olan fermerlərdən pambığın alınmasını prosesinin təşkil edilməsi ilə bağlı işlər gedir. Biz yenidən bu işlərə baxacağıq”.

Nazir icra hakimiyyəti başçılarına müraciət edərək deyib ki, onlar pambıqçılıqla məşğul olan fermerlərlə sıx təmasda olmalıdır. “İcra başçıları fermerlərlə münasibətlərinə yenidən baxmalıdır ki, görək, bu sxemləri necə qura bilərik. Pambıqçılıq bizim üçün vacib sahədir. Biz emalın daha üst pillələrinə çıxmalıyıq. Biz elə məhsul istehsal etməliyik ki, həm ölkə daxilində tələbatı ödəyək, həm də xaricə yüksək qiymətə sata bilək. İcra hakimiyyəti başçıları da bu məsələlərə diqqət yetirsin”.

İqtisadçı Rövşən Ağayev nazirin fikirlərinə Facebook səhifəsində münasibətini paylaşıb.

Rövşən Ağayev sual edir ki, niyə 90-cı illərdə ölkənin pambıqtəmizləmə zavodu bir nəfərin inhisarçılığına keçdi, bu sahəyə sərmayə qoymaq istəyənlərin hamısı didərgin salındı? Anlaşılmayan həm də odur ki, neft baha olanda pambıqçılığın çökməsi niyə heç kimi narahat etmədi?

İqtiusadçı daha sonra rəsmi statistikanı təqdim edir: “2005-ci il, Azərbaycanda 112 500 hektar pambıq əkini var. Bu həmin ildir ki, Ceyhan limanından ilk neft tankerinin yola salınması ilə böyük neft pullarının ölkəyə gəlməsi start götürür. 2014-cü il, Azərbaycan üçün böyük neft pullarının əldə edilməsi erası başa çatır. Ötən 10 ildə pambıq əkinlərinin sahəsi nə az, nə çox 5 dəfə azalaraq 23 000 hektara enib. Hazırda dünya bazarında 1 ton pambıq lifinin qiyməti 2600 manatdır (1560 USD). Sonuncu dəfə Azərbaycan fermeri Beynəlxalq Bank ətrafındakı əməliyyatlara görə öz məhsulunu tarlada buraxdı – sata bilmədi. Ondan əvvəlki ildə isə hər tonu cəmi 380 manata (500 USD) sata bilmişdi. Halbuki 2014-cü ilin payızında da elə dünya bazar qiymətləri 1600 dollara yaxın idi. Məsələ bununla bitmir, pambıq zavodları fermerdən pambığın çiyidlə birlikdə hər tonunu cəmi 500 dollara alırdı. Halbuki, demək olar ki, cüzi xərclə pambığı çiyiddən təmizləməklə çiyiddən çeşidli məhsullar əldə etmək imkanı qazanırlar. Məsələn, çiyidin qabığını yem kimi heyvandarlıq təsərrüfatlarına, qabıq təmizlənmiş hissələrini isə yemək yağları və tikintidə istifadə edilən lak məmulatı istehsal edənlərə satırlar. Kənd təsərrüfatı mütəxəssislərin dediyinə görə, pambıqayırma zavodları 1 ton pambıq lifindən qazandıqları qədər də onun çiyindən gəlir götürürlər. Nəticə isə belə olur: pambığın 1 kiloqramının son gəlirindinin təxminən 85%-i zavodlara, 15%-i 7-8 ay dayanmadan həmin məhsulu becərənlərə çatır”.

Rövşən Ağayev xarici ekspertlərin tədqiqatlarına əsaslanaraq bildirir ki, ərzaq məhsullarının son dəyərində fermerin gəliri 40 faizdən az olmamalıdır. Əks halda gəlirər dəyər zəncirində iştirak edən istehsalçılar arasıda ədalətsiz bölünəcək, ən ağır zəhməti şəkən fermerin qazancı emalçılar tərəfindən mənimsəniləcək.

Ana səhifəXəbərlərSamir Şərifov icra başçılarına səsləndi: Fermerlərlə münasibətlərinizə yenidən baxın