Samir Şərifov: Dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində genişləndiriləcək

“Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb”


Büdcə dəyişikliyi Milli Məclisin komitə iclaslarında müzakirə edildi

“Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclər üçün 465 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı layihəni təqdim edən nazir qeyd edib ki, dəyişiklikləri zəruri edən koronavirus pandemiyasının geniş yayılmasının dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməsi ilə bağlıdır.

“Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb. Bu ilin mart ayından pandemiya ilə bağlı karantin rejimi tətbiq edilib. Dövlət büdcəsinin icrası artıqlaması ilə yerinə yetirilsə də, cari ilin altı ayında iqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub. Əsas məqam ondan ibarətdir ki, pandemiyanın nə qədər davam edəcəyi bilinmir”.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olması proqnozlaşdırılır.

Samir Şərifov
Samir Şərifov

Hazırkı büdcədə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilib.

Cari il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 20 dollar azaldılaraq 35 ABŞ dollarına bərabər götürüləcək. Hazıkı büdcədə isə bu rəqəm 55 ABŞ dollar müəyyənləşib.

S.Şərifovun sözlərinə görə, dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində genişləndiiləcək. Əvvəlki büdcə qanununda dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 760 200,0 min manat məbləğində təsdiq edilmişdi.


Sevinc Həsənova: “Cari ilin 6 ayının nəticələri bizim gözlədiyimizdən aşağı olub”

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova da deyib ki, pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil:

“Cari ildəki vəziyyət ötən illərin heç biri ilə müqayisə olunmazdır. Belə bir böhran yaşanmayıb, biz belə bir vəziyyətlə qarşılaşmamışıq. Bu şəraitdə ən çətin məsələrdən biri də proqnozların verilməsidir. Hazırda neftin qiyməti 40 dollar səviyyəsindədir. Cari ilin 6 ayının nəticələri bizim gözlədiyimizdən aşağı olub. İqtisadi artım martın sonlarından səngiməyə başlayıb”.

1578387199_sev.jpg
Sevinc Həsənova

Bundan başqa, nazir müavini bildirib ki, ötən illə müqayisədə ölkə iqtisadiyyatına investisiya qoyuluşunda 2,7% azalma müşahidə olunub: “Pandemiyadan daha çox əziyyət çəkən turizm sektorunda isə 47,9% azalma müşahidə edilib”.


İşsizliyə görə sığorta ödənişlərinin məbləği ikiqat artırılır

Milli Məclisdə Əmək və Sosial Siyasət Komitəsinin də iclası keçirilib.

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsinə əsasən, Fondun gəlir və xərcləri artırılır.

2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.


DSMF-nin gəlir və xərclərinin azaldılır

Komitə iclasında “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılıb.

Bu il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənsin.

Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.

Layihələr Milli Məclisin plenar İclasına I oxunuşda tövsiyə edilib.

Büdcə dəyişikliklərinin müzakirəsi üçün Milli Məclisin növbədənkənar plenar iclaslarıı çağırılıb və avqustun 5,6,7-də plenar iclaslar keçiriləcək.

Ana səhifəİqtisadiyyatSamir Şərifov: Dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində genişləndiriləcək