“Salyan Avtovağzalı”nın keçmiş səhmdarı: “Payımız qanunsuz əlimizdən alınıb”

Source: Meydan TV

“Salyan Avtovağzalı” ASC-nin 14,1 faiz səhminin sahibi olmuş Valeh Əliyev dövlət qurumları və məhkəmələrin fəaliyyətindən şikayətçidir.

Səhmdar Meydan TV-yə bildirir ki, 2022-ci ildə ləğv edilən müəssisədəki payı qanunsuz yollarla əlindən alınıb və cəmiyyətdə yüz minlərlə manatlıq vergi yayınması ilə bağlı iddialarına hüquqi qiymət verilməyib.

Valeh Əliyevin sözlərinə görə, 84,4 faiz səhmə sahib olan digər səhmdar Nurəddin Məlikov və cəmiyyət rəhbərliyi illərlə maliyyə hesabatlarını gizlədib, dividendləri ödəməyib və onun sahibkarlıq fəaliyyətinə maneələr yaradıb.

 “Qanuna görə, 10 faizdən artıq səhmi olan şəxs kimi hər rüb və hər il hesabat tələb etmək hüququmuz var. Lakin bizə bu hüquq verilmədi, dividend ödənilmədi. Mən də maliyyə və vergi sənədlərini toplamağa başladım. Araşdırma zamanı məlum oldu ki, ərazidə 50-yə yaxın mağaza, bazar, dayanacaq və avtobus xətləri fəaliyyət göstərir. Təxmini hesablamalara görə, illik dövriyyə 500 min manat civarındadır”, – Valeh Əliyev deyir.

Onun sözlərinə görə, buna baxmayaraq, müəssisə dövlətə illik 70–80 min manat əvəzinə, cəmi 500–1500 manat mənfəət vergisi ödəyib.

“Arayış saxtalaşdırılıb”

Şikayətçi bildirir ki, topladığı sənədləri 2020-ci ildə Dövlət Vergi Xidmətinə təqdim edib.

“Dövlət Vergi Xidməti də araşdırma üçün “MBA LTD Konsaltinq” şirkətini cəlb etdi. Bu şirkətin 3 il ərzində apardığı səyyar araşdırmanın ilkin rəy mənim iddialarımla üst-üstə düşürdü və ərazidəki obyektlərin bazar dəyəri 450 min manat göstərilirdi”, – o deyir.

Valeh Əliyevin iddiasına görə, sonradan həmin rəy dəyişdirilib.

“Dövlət Vergi Xidməti tərəfindən son variantda vergidən yayınma 47 min 700 manat göstərildi. Məbləğin 50 minin altında saxlanılması cinayət işinin prokurorluğa göndərilməməsi üçün edilib. İlkin rəydəki göstəricilər isə aradan qaldırılıb”, – şikayətçi bildirir.

Məhkəmə və qiymətləndirmə ziddiyyətləri

O əlavə edir ki, Şirvan Kommersiya Məhkəməsində işə baxılarkən “MBA LTD Konsaltinq”in rəyi nəzərə alınmayıb və yeni qiymətləndirmə “PREMIUM” MMC-yə həvalə edilib.

Şikayətçinin sözlərinə görə, bu şirkət obyektlərin aylıq gəlirini 1 524 manat göstərib və əvvəlki qiymətləndirmə ilə müqayisədə 372 min manatdan artıq fərq yaranıb.

Valeh Əliyev həmçinin iddia edir ki, məhkəmə tərəfindən tələb olunan sənədlər tam təqdim olunmadığından Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Auditorlar Palatası iş üzrə rəy verməkdən imtina edib.

Şikayətçinin iddiasına görə, proses zamanı Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sevindik Hətəmovun sərəncamı ilə avtovağzala məxsus 1,2 hektar torpaq sahəsi də səhmdar Nurəddin Məlikovun adına rəsmiləşdirilib.

Səhmlərin ləğvi

Valeh Əliyev bildirir ki, müəssisənin müflis elan olunması ilə bağlı yekun məhkəmə qərarı olmadan 2022-ci ildə Mərkəzi Bank və Milli Depozit Mərkəzi onun ailəsinə məxsus 14,1 faizlik səhmi dövriyyədən çıxarıb. Daha sonra “Salyan Avtovağzalı” ASC ləğv edilib və onun səhmləri silinib.

O, hüquqi müdafiə vasitələrinin tükəndiyini bildirərək işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyini və şikayətin icraata qəbul olunduğunu deyir.

Rəsmi məlumat

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, “Salyan Avtovağzalı” və “Salyan Sərnişin” ASC 2022-ci ildə ləğv olunub, daha sonra onların bazasında “HN Trans” MMC yaradılıb və eyni xidməti göstərir. Hazrda “HN Trans” MMC-nin qanuni təmsilçisi və rəsmi rəhbəri Elşən Zeynalovdur.

Hüquqşünas: “Mülkiyyət dar bir elitanın əlində cəmləşib”

Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə bildirib ki, müstəqilliyin ilk illərində həyata keçirilən kortəbii özəlləşdirmə prosesi bu gün də minlərlə vətəndaşın mülkiyyət və əmək hüquqlarının pozulması ilə nəticələnən ciddi sosial-iqtisadi problem olaraq qalır. Onun sözlərinə görə, sovet dövründə xalqın kollektiv əməyi ilə yaradılan bir çox müəssisə sonradan dəyərindən xeyli aşağı qiymətlərlə özəlləşdirilərək ayrı-ayrı şəxslərin nəzarətinə keçib.

O qeyd edir ki, bəzi hallarda müəssisələr sənədlərdə ziyanla işləyirmiş kimi göstərilib. Bu isə həm vergidən yayınma, həm də səhmdarlara dividend ödənilməməsi üçün əsas yaradıb. 

“Mülkiyyət dar bir elitanın əlində cəmləşib, real gəlirlər isə gizli şəkildə mənimsənilib”, – hüquqşünas deyir.

Ruslan Əliyev hesab edir ki, problemin həlli üçün ictimai nəzarət və kollektiv hüquqi mübarizə vacibdir. O, həmçinin yerli məhkəmələrdən nəticə alınmadığı hallarda beynəlxalq instansiyalara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə və BMT mexanizmlərinə müraciət imkanlarının olduğunu bildirib.

Qurumlar Meydan TV-nin də sorğularını cavablandırmayıb

Meydan TV Valeh Əliyevin iddiaları ilə əlaqədar Dövlət Vergi Xidməti, Mərkəzi Bank, Milli Depozit Mərkəzi, Ədliyyə Nazirliyinə və Salyan Rayon İcra Hakimiyyətinə sorğu göndərərək məsələyə aydınlıq gətirməyə çalışıb. Qanunvericiliyə uyğun olaraq cavab üçün nəzərdə tutulan müddət gözlənilsə də, məqalə dərc olunan vaxta qədər sorğularımıza cavab verilməyib. Qurumların və adı çəkilən şəxslərin mövqeyi əldə olunacağı təqdirdə, redaksiya onu ayrıca təqdim edəcək.

Ana səhifəSosial“Salyan Avtovağzalı”nın keçmiş səhmdarı: “Payımız qanunsuz əlimizdən alınıb”