Cəbhəçilərə hökm oxundu

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb

Source: meydan tv

1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olmuş, 1998-ci ildən ailəsilə birlikdə Rusiyaya gedən və bu ölkənin vətəndaşı olan Saleh Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin məhkəməsi başa çatıb.

Əgər görüntülərə baxılsaydı…

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

S.Rüstəmlinin vəkili İlhamə Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş narkotik, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamı tam əsassız, qondarmadır. S.Rüstəmliyə qarşı irəli sürülmüş narkotik ittihamına toxunan vəkil bildirib ki, əgər Şəmkir postunda onun tutulduğu yerdəki kamera görüntüləri alınsaydı, o zaman bu ittihamın qondarma olduğu aydınlaşardı: “İttihamda yazılıb ki, Saleh Rüstəmli Şəmkir parkında tutulanda üzərindən tapılıb. Bu adam özü isə ailə üzvlərilə gedərkən Şəmkir postunda saxlandığını, heç vaxt deyilən parkda olmadığını bildirir. Əgər görüntülərə baxılsaydı, məlum olardı ki, bu adamın söylədikləri düzdür. Təəssüf ki, nə istintaq, nə də məhkəmə bunu etmədi”.

Vəkil İ.Həsənova bildirib ki, S.Rüstəmli Azərbaycanda yox, Rusiyada sahibkarlıq fəaliyyətilə məşğul olub. Belə olan halda, onu qanunsuz sahibkarlıqda ittiham etmək doğru deyildi.

Saleh Rüstəmli cinayətkar deyil, ziyalıdır

Vəkilin sözlərinə görə, istintaq orqanı onun həbsindən sonra dəfələrlə Rusiya hüquq-mühafizə orqanlarına S.Rüstəmlinin fəaliyyətilə bağlı sorğular göndərib. Alınan cavablarda yazılıb ki, onun fəaliyyəti qanuni olub, vergilər ödənilib, S.Rüstəmlinin haqqında buna görə heç bir cinayət təqibi olmayıb:

“Saleh Rüstəmli qanuni yolla qazandığı vəsaitdən siyasi dustaqların özlərinə və ailələrinə pul göndərib. Bu, bir yardımsevərlik funksiyasıdır. Bu gün sosial şəbəkələrdə yüzlərlə insana yardım üçün elanlar yerləşdirilir, hesablar açılır, ora pullar köçürülür. Burada nə cinayət var ki?”

Göndərilən məbləğlərin şişirdildiyini, ittihamda göstərilən 412 min dolların həqiqəti əks etdirmədiyini deyən vəkil S.Rüstəmlinin həbsindən sonra günlərlə onun yeri, durumu barədə yaxınlarına məlumat verilməməsi, işgəcə altında öz müdafiəçisindən imtinaya məcbur edilməsi kimi məsələlərdən də danışıb: “Saleh Rüstəmli cinayətkar deyil, ziyalıdır. Xalqı üçün çətin həyat yolunu seçmiş adamdır. Başqa məmurlar kimi, o da asan yol seçib, rahat yaşaya bilərdi. Amma o, könüllü şəkildə döyüşüb, aylarla səngərdə olub. Tarixdəki Başkənd əməliyyatı onun adıyla bağlıdır. Gədəbəyi canı-qanı bahasına erməni işğalından qorumuş adama indi narkotik damğası yapışdırırlar”.

Vəkil əlavə edib ki, S.Rüstəmlinin himayəsində olan övladlarından biri böyrək çatışmazlığından əziyyət çəkir, birinci qrup əlildir.

Belə adama Milli Qəhrəman adı verilməlidir

S.Rüstəmlinin digər vəkili Bəhruz Bayramov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Bakıdan Şəmkirə gedib, 30 qramlıq narkotik əməliyyatı keçirməsinə diqqət çəkib. Bildirib ki, məqsəd S.Rüstəmlini tutub gətirib, daha sonra ondan AXCP-yə maliyyə yardımı barədə işgəncə altında ifadə alıb, bu ittiham üzrə saxta sübutlar toplamaq olub. Vəkilin sözlərinə görə, ittiham tərəfi ortaya heç bir mötəbər sübut qoymadı.

S.Rüstəmlinin rəhbərliyilə AXCP-yə 412 min dollar maliyyə göndərilməsi barədə ittihamda yazılanların əsassız olduğunu deyən vəkil bildirib ki, bu qədər böyük imkanları olsaydı, o, özünün, həyat yoldaşının adına banklardan 8-10 min dollarlıq kreditlər götürməzdi: “Ümumiyyətlə, kiməsə yardım etmək nə vaxtdan cinayət sayılır? Hakimlər, müstəntiqlər var ki, rəğbət bəslədikləri, həbsdə olan şəxslərə nə isə alıb aparmaq üçün yardım edirlər. Saleh Rüstəmli Azərbaycanın hərb tarixinin ən uğurlu əməliyyatlarından birinə təşkilatçılıq edib. Belə adama Milli Qəhrəman adı verilməlidir, amma onu əsassız ittihamlarla həbsdə saxlayırlar”.

Ruslan Nəsirli barədə verdiyi rəy də bu işin siyasi motivli olduğunu göstərir

Vəkil Fariz Namazlı AXCP üzvləri həbs olunandan dərhal sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamanı yada salaraq bildirib ki, orada ittihama aidiyyəti olmayan fikirlər yer alıb. İddia olunub ki, AXCP dövlətə, dövlətçiliyə qarşı fəaliyyət göstərir. Vəkilin sözlərinə görə, bu açıqlama da, daha sonra Saatlı Rayon İcra Hakimiyyətinin təqsirləndirilən şəxslərdən Ruslan Nəsirli barədə verdiyi rəy də bu işin siyasi motivli olduğunu göstərir.

Vəkil Cavad Cavadov bildirib ki, qanunsuz sahibkarlıq gəlir əldə etmək məqsədilə törədilən cinayətdir. Amma bu insanlar heç bir gəlir əldə etməyiblər, əksinə, yardım göstəriblər: “Qanunsuz sahibkarlıqla məşğul olanlar gəlib burada şahid qismində ifadə verənlər idi. Onlar qeyri-rəsmi pul köçürmələri ilə məşğul olublar. Saleh Rüstəmligilin göndərdiyi pul ianə formasındadır. Hətta Rusiyada işləyib pul göndərən adamlardan biri gəlib məhkəmədə dedi ki, Ramazan ayı idi, fitrə pulu kimi göndərdim. Prokurorluq fitrə pulu verilməsini qanunsuz sahibkarlıq hesab edirsə, daha deməyə söz yoxdur”.

Vəkillərdən sonra təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Yalançı şahidlərin göstərdikləri rəqəmlər həqiqətəuyğun deyil

S.Rüstəmli bildirib ki, onun və digər təqsirləndirilən şəxslərin həbsi siyasi sifarişdir: “Bizi nə qədər narkobaron, mütəşəkkil dəstə kimi qələmə vermək istəsələr də, hər kəs bizim işimizin siyasi sifarişlə qurama olduğunu bilir. Məhkəmə obyektiv olsaydı, kamera görüntülərini, mobil telefonumun anten məlumatlarını alıb baxardı ki, mən parkda olmuşam, yoxsa yox. Mən siyasi məhbus ailələrinə 300-500 dollar pul göndərmişəm. Ümumi məbləğ 10 min dolları keçməzdi. Yalançı şahidlərin göstərdikləri rəqəmlər həqiqətəuyğun deyil”.

Bütün bunlara dəyərdi

Təqsirləndirilən Aqil Məhərrəmli də son sözündə bu cinayət işinin başdan-ayağa qondarma olduğunu bildirib. Onun sözlərinə görə, bu həbslər ölkədə söz azadlığının, demokratiyanın boğulmasının, AXCP-nin fəaliyyətinə əngəl olmağın davamı, tərkib hissəsidir: “Hər halda, çirkli pulları yumağı bacarsaydıq, “landromart” sənədlərində bizim də adımız olardı. Amerikada köləlik olduğu zaman Toro deyib ki, “köləliyin qanuna salındığı və himayə edildiyi ölkədə namuslu vətəndaş üçün yeganə abırlı yer həbsxanadır. Bu absurd və qurama iş üzrə bizə həbs cəzası versəniz, Toronun bu fikrilə razı olduğunuzu düşünəcəyəm və sizi qınamayacağam. Mən həbs olunanda qızlarım 4 aylıq idi. Hər ay mənim üçün şəkillərini gətirirdilər. Turgenev deyirdi ki, sevən qadının baxışlarını heç bir rəssam çəkə bilməz. Məncə, övladlarının hər ay şəkillərini gözləyən və onlara baxan atanın baxışlarını da heç bir rəssam çəkə bilməz. Artıq 1 yaş iki aylıqdılar. Doğum günlərini mənsiz keçirdilər. Çıxardıqları ilk səsləri, gülüşlərini, iməkləməklərini, yeriməklərini, hər anlarını onlarla yaşamaqdan məni məhrum etdilər. Bəlkə də təəccüb edəcəksiniz. Amma mənim üçün bu anları yaşaya bilməmək çox böyük itkidir. Bütün bunlara, gördüyüm işgəncələrə rəğmən, məndən 10 dəfə, 100 dəfə soruşsaydınız ki, dəyərdimi? Deyərdim ki, bəli, dəyərdi… Hər kəs öz xarakterinə uyğun tale yaşayır. Heç vaxt qul təfəkkürü ilə yaşamağı özümə sığışdırmamışam”.

Cəmiyyəti bataqlığa salanlara təhlükəli olduğumuz üçün həbsdəyik

Təqsirləndirilən Ruslan Nəsirli son sözündə Azərbaycandakı səlahiyyət sahiblərində maddiyyata olan sevginin mənəvi dəyərləri üstələməsindən, cəmiyyətdəki ədalətsizlikdən danışıb. Bildirib ki, onların həbsinin də səbəbi mütərəqqi fikirlərlə cəmiyyəti irəli aparmaq istəyi, orta əsr idarəetmə üsullarını qəbul etməmələridir: “Normal ölkələrdə həbsdə olanlar cəmiyyət üçün təhlükəli hesab olunan insanlar olur. Biz isə cəmiyyətə təhlükəli olduğumuz üçün yox, cəmiyyəti bataqlığa salanlara təhlükəli olduğumuz üçün həbsdəyik. Əgər kimsə bütün varlığını xalqına həsr edirsə, qəlbində bu iki hissi daim saxlayır: sevgi və ümid. Sevdiyimiz bu vətənin rifahı, azadlığı uğrunda apardığımız mübarizədə bir an belə, ümidimizi itirməmişik. Daim inanırıq ki, mütləq bir gün o böyük və saf arzularımız həyata keçəcək. Bir çoxu hər nə qədər bizim o arzularımızın qarşısını kəsməyə çalışsa da, sonda mütləq və mütləq Azərbaycan azad olacaq”.

image_from_ios.jpg
AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli

Əli Kərimliyə qarşı səlib yürüşünün məntiqi sonluğu olmalıydı

Təqsirləndirilən Babək Həsənov da son sözündə siyasi sifarişlə həbs olunduqlarını deyib. Onun sözlərinə görə, hakimiyyət bu cinayət işi ilə Əli Kərimlinin ətrafında qorxu mühiti yaratmaq üçün ikinci Nardaran şousu hazırlamışdı: “Amma bu niyyətləri fiaskoya uğradı. Bu cinayət işi siyasi mahiyyətlidir və 2005-ci ildən AXCP-yə, onun sədri Əli Kərimliyə qarşı səlib yürüşünün məntiqi sonluğu olmalıydı. Əvvəl qərargahdan çıxartdılar, növbəti qərargahı partlatdılar, daha bir qərargahın qapısını qaynaqladılar, gördülər ki, mümkün deyil. Bütün imkanları əlindən alsalar da, Əli Kərimlini dayandıra bilmədilər. Ona görə də cəmiyyətdən təcrid etmək məqsədilə bu cinayət işini qondardılar. Yenə də alınmadı”.

B.Həsənov bildirib ki, ona verilən cəzanın müddətindən asılı olmayaraq, əqidəsindən dönməyəcək: “Mənə ittiham verilən maddələrdə ümumi cəza 19 ildir. 2 dəfə artırıb 38 il, hətta 19-a vurub 361 il də versəniz, bizi əqidəmizdən döndərə bilməzsiniz”.

AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar

Təqsirləndirilən şəxslərin son sözlərindən sonra hakimlər müşavirəyə gedib. Az sonra geri qayıdaraq, hökmü elan ediblər.

Hökmə əsasən, Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və Ruslan Nəsirli hər biri 6,8 il olmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Ana səhifəXəbərlərCəbhəçilərə hökm oxundu