Şahin Cəfərli: Baydenin 8 illik vitse-prezidentliyi zamanı ermənilərə xüsusi dəstək görünmədi

“Amma insan hüquqlarının müdafiəsi baxımından biz də nəsə qazana bilərik”.

Source: google.az


Anar Məmmədli: "Vaşinqton insan haqlarının müdafiəsində qlobal bir güc kimi rolu azalmışdı"

ABŞ-da seçkilər başa çatsa da, səslərin sayılması davam etdiyindən nəticələr elan olunmayıb.

Ancaq ilkin nəticələr demokratların namizədi Cozef Baydenin öndə olduğunu göstərir.

Ona görə də "Demokratlar qalib gəldiyi halda, ABŞ-ın Donald Trampın dövründəki siyasətində hansı dəyişikliklər ola bilər?" sualı aktuallıq kəsb edir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli Meydan TV-yə deyib ki, Trampın dönəmində Amerika xarici siyasətində daha çox strateji müttəfiqlərlə münasibətlərdə qlobal gücü azalmışdı:

“İstər NATO, istərsə də bir sıra regionlarda əməkdaşlıqda uzun illər ki, Vaşinqtonun tərəfdaşı olan qərb ölkələrilə münasibətlər arxa plana keçmişdi. Məsələn, ABŞ Avropa ölkələrilə Çin və İran siyasətində hesablaşmırdı. Amerika Rusiyaya münasibətdə yumşalma olsa da, İrana sərtləşmə vardı. Eyni zamanda, Vaşinqtonun qlobal iqlim dəyişikliyi məsələsində rolu azalmışdı. ABŞ xarici siyasətində demokratiyanın müdafiəsində də durğunluq yaranmışdı. Bu sahəyə az diqqət ayrılırdı. Uzun illərdən sonra Vaşinqton insan haqlarının müdafiəsində qlobal bir güc kimi rolunu azaltmışdı. Tramp dövrü üçün xarakterik olan bu məsələlərin Baydenin zamanında aradan qalxacağını, daha fərqli siyasətin yürüdüləcəyini gözləmək olar”.

Anar Məmmədli: "İnsan hüquqları sahəsində problemlər həll edilsə, Bayden administrasiyası ilə isti münasibətlərin qurulmasında çətinliklər yaşanmaz"

Daxili siyasətə gəlincə, Anar Məmmədli bildirib ki, indiki prezident daha çox iqtisadiyyatın qorunması və neoliberal xətti götürmüşdü: “Seçki kampaniyasında da bu məsələ müzakirə olundu. Düzdür, COVİD-19 pandemiyası zamanı çoxlu maliyyə ayrılsa da, sığorta sisteminin zəifliyi, koronavirusa vaxtında reaksiya verilməməsi, tədbirlərin görülməməsi tənqid edildi. Məncə, növbəti hakimiyyət tibbi xidmətin vəziyyətinə, sosial proqramların təşkilinə fərqli yanaşacaq. Çünki Bayden administrasiyasının əsas müzakirə etdiyi mövzular sosial yönümlüydü”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Anar Məmmədli Azərbaycan ictimai rəyində “Cosef Bayden prezident seçilərsə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində mövqeyi Ermənistana tərəf olacaq” fikrini bölüşmür:

“Əslində, seçkiqabağı kampaniyadakı açıqlamalarla siyasi reallıq fərqlidir. Bu fərqliliyi dəfələrlə müşahidə etmişik. Demokrat Bill Klintonun dönəmində Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə inkişaf etməyə başlayıb, BMT Təhlükəsizlik Şurasının Qarabağ və ətraf rayonların işğalı ilə bağlı 4 qətnaməsi qəbul edilib. Həmin dövrdən etibarən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi bütün rəsmi və qeyri-rəsmi tribunalarda ABŞ rəsmiləri vasitəsilə səsləndirilib. Təbii ki, Respublikaçı prezidentlər dönəmində də Azərbaycana bu sahədə münasibət dəyişməyib. Əlavə olaraq enerji dəhlizi və milli təhlükəsizliyi siyasətində Azərbaycan tərəfdaşa çevrilib. Respublikaçılarla demokratlar arasında ən mühüm fərq ikincilərin insan hüquqları məsələsinə, xüsusən də siyasi azadlıqların müdafiəsinə ciddi önəm verməsidir. Hər kəsə bəllidir ki, bu sahədə durum ölkədə heç vaxt qaydasında olmayıb. Bizim çağrışlarımıza baxmayaraq, hələ də siyasi məhbusların azad edilməsi, yerli və beynəlxalq QHT-lər üçün münasib şəraitin yaradılması, media azadlığının müdafiəsi yönündə islahatlar baş vermir. Əslində, bu problemlər həll edilərsə, Bayden administrasiyası ilə isti münasibətlərin qurulmasında xüsusi çətinliklər yaşanmayacaq. Bu cür islahatlarla Qarabağla bağlı lobbi qruplarının mənfi təsirlərini də neytrallaşdırmaq olar”.

Şahin Cəfərli: "Tehran siyasətində yumşalma mümkündür, amma Rusiya ilə bağlı sərt siyasət gözlənilir”

Siyasi şərhçi Şahin Cəfərli respublikaçı administrasiyalarla demokrat administrasiyalar arasında fərqliliklərin olduğunu xatırladaraq bildirib ki, Cozef Bayden tanınmayan siyasətçi deyil, sabiq prezident Obamanın dövründə 8 il vitse-prezident olub:

“Açığı mən demokratların 8 illik hakimiyyət dövrüylə razı deyiləm, istər qlobal, istərsə də regionumuzla bağlı olsun. Demokratların hakimiyyəti zamanı Rusiya gücləndi və postsovet məkanında aqressiv siyasət həyata keçirdi. İkinci, İran Orta Şərqdə həddən artıq çox gücləndi. Faktiki olaraq, Obama administrasiyası İrana bu yöndə yol açdı. Əgər Bayden əvvəlki strategiyanı davam etdirsə, müsbət qarşılaya bilmərəm. Əsas kritik məqamlardan biri ABŞ-nın Obama dövründə İranla imzalanan nüvə anlaşmasından Tramp hakimiyyəti ondan çıxdı. Bəs indi ona qayıdacaqlarmı, – məncə, əsas sual budur. Bununla belə Tehran siyasətində yumşalma mümkündür. Ancaq Demokratlar 2016-cı seçkilərinə görə Rusiyadan qəzəbli olduğundan daha sərt siyasət gözlənilir”.

Şahin Cəfərli
Şahin Cəfərli

Şahin Cəfərli Vaşinqtonun Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti belə şərh edib:

“ABŞ demokratları ölkə daxilindəki müxtəlif irqi, etnik, seksual azlıqlara daha həssasdır. Bu baxımdan erməni lobbisinin demokratlarla müəyyən yaxınlığı mövcuddur, amma Baydenin 8 illik vitse-prezidentliyi zamanı ermənilərə xüsusi dəstək görünmədi. Yəni Qarabağ məsələsində Vaşinqtonun siyasətində hansısa ermənipərəstlik nəzərə çarpmadı. Ona görə də bizimlə bağlı siyasətdə radikal dəyişiklik olmayacaq və bugünkü siyasət davam edəcək. Əlbəttə, müəyyən korrektələr ola bilər, ancaq radikal dəyişiklik gözləmirəm”.

Zaur Qurbanlı: "Erməni lobbisinin ən güclü olduğu Kaliforniya Demokratların əsas qalası olan ştatdır"

ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Zaur Qurbanlı Bayden qalib gələrsə, Rusiyaya münasibətin dəyişəcəyini güman edir:

“Amma Çinə münasibətin dəyişəcəyini gözləmirəm, çünki bu ölkənin dünya hegemonu olmaq istəyinə çıxmaq prezidentdəna asılı olmayan məsələdir. İkinci, Bayden istebleşmentin namizədi olduğundan ABŞ-nın Suriyada fərqli siyasət gözlənilir. Trampın dövründə Yaxın və Orta Şərqdə güc boşluğu yarandığından İranla Rusiya bu yöndə fəallaşmışdı. Güman ki, ABŞ-nın Yaxın Şərqdə gücünü daha çox görəcəyik. Bu, o deməkdir ki, Vaşinqtonun təsiri Şərqi Avropa və Cənubi Qafqazda güclənəcək. Yəni insan hüquqlarına diqqət artacaq, məsələ ondadır ki, Tramp administrasiyası daha çox iqtisadi maraqlarla hərəkət edirdi”.

Заур Гурбанлы/ Баку Азербайджан, 2018/ Мейдан ТВ
Zaur Qurbanlı

Zaur Qurbanlının sözlərinə görə, erməni lobbisinin ən güclü olduğu Kaliforniya demokratların əsas qalası olan ştatdır, ona görə Azərbaycana bir qədər mənfi təsiri ola bilər:

“Amma insan hüquqlarının müdafiəsi baxımından biz də nəsə qazana bilərik”.

Ana səhifəSiyasətŞahin Cəfərli: Baydenin 8 illik vitse-prezidentliyi zamanı ermənilərə xüsusi dəstək görünmədi