Sağkən ölmüş göstərilən qadınlara yardım edən şəxs bəraət aldı

Hakim Natiq Məhəmmədsoya qarşı ittihamların sübuta yetirilmədiyi qənaətinə gəlib

2021-ci ilin martından həbsdə olan Natiq Məhəmmədsoy 1 il 9 ay sonra bəraət alaraq, azadlığa buraxılıb. 1966-cı il təvəllüdlü, üç övlad atası olan Natiq Məhəmmədsoy narkotik və qanunsuz silah saxlama maddələrilə ittiham olunurdu. Lakin o bildirirdi ki, həbsinin gerçək səbəbi yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsində özləri sağ ola-ola ölmüş kimi rəsmiləşdirilərək, adlarına dəniz sahilində olan torpaq sahələri satılan yaşlı qadınlara yardım etməsidir.

Sağ olduqları halda, ölmüş kimi sənədləşdirilərək, əmlakları satılan 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovaya vəkil tutmağa, dövlət orqanlarına şikayət göndərməyə məhz qonşuluqda yaşayan Tamara Süleymanovanın oğlu Natiq Məhəmmədsoy yardım edib. Bundan az sonra isə o, həbs olunub. İddia edilir ki, onun avtomobilindən və evindən narkotik, odlu silah tapılıb.

Natiq Məhəmmədsoyun işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Təxminən bir il məhkəmə prosesi gedib. Hətta bir dəfə hakim işi ciddi pozuntulara yol verilməsi əsasıyla istintaqa qaytarıb. Sonradan bir daha məhkəməyə gəlib. Məhkəmədə kamera görüntülərinə baxılıb, telefon anten məlumatları və başqa sübutlar araşdırılıb və sonda hakim Hüseyn Hüseynov Natiq Məhəmmədsoya qarşı ittihamların sübuta yetirilmədiyi qənaətinə gəlib. Onun haqqında bəraət hökmü çıxarılıb. Onun vəkili Cavad Cavadovdur.

Hələ 2021-ci ilin martında Natiq Məhəmmədsoy haqqında cinayət işi başlananda istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xəzər rayon prokuroru məhkəməyə təqdimat versə də, hakim təmin etməmişdi. Xəzər Rayon Məhkəməsinin hakimi onun istintaq dövründə ev dustaqlığında qalmasına qərar vermişdi. Lakin prokurorluq bu qərardan apelyasiya protesti vermiş, Bakı Apelyasiya Məhkəməsi onu təmin etmişdi.

O zaman da Natiq Məhəmmədsoy deyirdi ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, Əzizəxanım Atayeva və Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb.

“Natiq oğlumun dostudur, bizim evin içidir. Bizə kömək elədi. Bundan sonra Natiqi polis bölməsinə çağırdılar, hədələdilər. Natiqə demişdilər ki, bizə kömək eləməsin. Mən bunu biləndən sonra dedim ki, çəkil kənara, sənə nəsə eləyərlər. Qorxduğumuz başımıza gəldi. Qala kəndinə maşın ustasına gedib, orada tutub qandallayıblar. Halbuki, narkotik nədi, içkidən də uzaq adamdı, hamı da Türkanda bunu bilir”, – Əzizəxanım Atayeva Meydan TV-yə bildirib.

Əzizəxanım Atayeva və Xumara Şabanovanın torpaqlarının zəbt olunmasıyla bağlı şikayətlərinin nəticəsinə gəlincə, bununla əlaqədar beş nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, əmlak alqı-satqısıyla məşğul olan Çingiz Səfərov və Daşqın Nəsirovdur.

Bu beş nəfərdən ikisi həbsdədir. Adları çəkilən şəxslərdən Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev isə 2 il azadlıqdan məhrum edilib. Qalan üç nəfərə isə şərti cəza verilib.

Daşqın Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. Ona 5 il 6 ay şərti cəza verilib. İş üzrə ziyanı ödəyən yeganə şəxs o olub. Daşqın Nəsirov məhkəmə dövründə prokurorluğun depozit hesabına 190 min manat pul köçürüb. Lakin həmin vəsait zərərçəkmiş Əzizəxanım Atayeva və Xumara Şabanovaya verilməyib. Məhkəmə o vəsaitin dövlətə ödənilməsinə qərar verib.

Məhkəmə prosesi gedən müddətdə Xumara Şabanova vəfat edib. Onun hüquqi varisi qismində oğlu tanınıb.

Zərərçəkmişlər onlara dəymiş ziyanın ödənilməməsindən narazı qalıb və apelyasiya şikayəti veriblər.

Ana səhifəUncategorized @azSağkən ölmüş göstərilən qadınlara yardım edən şəxs bəraət aldı