Sabir Rüstəmxanlı: “Gurultulu adlar altında qanun qəbul edirik, amma ortada heç nə yoxdur”

Milli Məclis, Foto: By Photographer RM/Shutterstock

Deputat yas məclislərinin keçirilməsinə icazə verilməsini istədi

Milli Məclisin 14 dekabrda keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı işsizliklə bağlı dinləmənin keçirilməsini təklif edilib.

O bildirib ki, ölkədəki işsizliklə bağlı müvafiq qurumlar parlamentə dəvət olunmalı və bu məsələlərə aydınlıq gətirilməlidir:

“Bu qədər qanun qəbul edilir. Ancaq ortada bir şey yoxdur. Mən başa düşə bilmirəm ki, özünüməşğulluq nə deməkdir? İnsan öz-özünü necə məşğul edə bilər? Biri çıxıb buna aydınlıq gətirsin. Gurultulu adlar altında qanun qəbul edirik, amma ortada heç nə yoxdur. Onsuz da dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, nəticəsi isə yoxdur.

Foto: Meydan TV

Milli Məclisin sədri Sahibə Qafarova Sabir Rüstəmxanlıya etirazını bildirib:

“Burada heç bir qanun gurultulu qəbul olunmur. Siz elə dediniz ki, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Ölkədə bu qədər işlər görülür. Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.

Deputat Razi Nurullayev isə yas mərasimlərinin keçirilməsinə icazə verilməsi təklifi ilə çıxış edib:

“Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Bu gün 150 nəfərin iştirakı ilə toy mərasimləri keçirilir. Hesab edirəm ki, yasların da 100-150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilməlidir. Operativ Qərargah bu məsələyə baxmalıdır”.

Razi Nurullayev
Source: Foto: sosial şəbəkə

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda 2020-ci il martın 14-dən etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Ana səhifəSiyasətSabir Rüstəmxanlı: “Gurultulu adlar altında qanun qəbul edirik, amma ortada heç nə yoxdur”