Rüşvət almaqda ittiham olunan Əjdər Ol özünü təqsirli bilib

Əjdər Cəbiyev, Foto: https://www.ejderol.net/

“Yalnız onu deyim ki, Səlim Müslümovla əlbir olmamışam”

Səlim Müslimovun nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri işləmiş, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev külli miqdarda yeyinti və rüşvət almaqda ittiham olunur. Bir il əvvəl Səlim Müslümovla eyni cinayət işi üzrə həbs olunan şairin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Yanvarın 12-də məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Əjdər Cəbiyev 2004-2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri işləyib. Bu illərdə Səlim Müslümov da adıçəkilən qurumlara rəhbərlik edib.

İttihama əsasən, Əjdər Cəbiyev Fondda işlədiyi dövrdə bu qurumun müxtəlif rayonlar üzrə şöbələrində işə götürmək üçün ayrı-ayrı adamlardan rüşvət alıb, müxtəlif yollarla yeyintilərə yol verib. Dövlət Sosial Müdafiə Fondunda işlədiyi müddətdə alınan rüşvət və mənimsənilən vəsaitin ümimi məbləğinin 500 min manatdan artıq olduğu bildirilir.

Əjdər Cəbiyev həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki obyektlərin, şəhid ailələri, müharibə əlilləri üçün binaların tikintisi, avadandanlıqların alınması zamanı qiymətlərin şişirdilməsi, artıq köçürülən vəsaitlərin geri qaytarılması yoluyla külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunur. İttihama əsasən, sabiq Aparat rəhbəri bütün bunları nazir Səlim Müslümovla əlbir olaraq həyata keçirib.

Əjdər Cəbiyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (əlbir olan qrup şəxs tərəfindən külli miqdarda və təkrar rüşvət alma) maddələrilə ittihamlar irəli sürülüb.

Əjdər Cəbiyev ittihamları qəbul edib. O, özünü təqsirli bilərək vurğulayıb ki, istintaq zamanı verdiyi ifadəni təsdiqləyir:

“Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam, onun heç nədən xəbəri olmayıb”.

Sabiq Aparat rəhbəri əlavə edib ki, əldə olunan vəsaitləri özünə yox, nazirlikdə başqa xərclərə sərf edib.
Təqsirləndirilən şəxsdən sonra şahidlərin dindirməsi başlayıb. Dövlət Sosial Müdafiə Fondu, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif rayon şöbələrində müəyyən vəzifələrdə çalışmış şəxslər istintaqda şahid qismində dindirilib. Onlar ifadələrində vəzifəyə təyin edilmək üçün rüşvət verdiklərini deyiblər. Söhbət 2000 manatdan 120 min manata qədər rüşvətdən gedir.

Məhkəmədə şahid Natiq Əzizov dindirilərkən prokuror ondan soruşub ki, Əjdər Cəbiyev onlara qanunsuz göstərişlər verirdimi? O, suala “heç vaxt belə bir şey olmayıb” cavabını verib.

Dövlət Sosial Müdafiə Fondunun Saatlı filialında müdir müavini işləmiş Seyidrəsul Abbasov ifadəsində bildirib ki, onu vəzifəyə Səlim Müslümov təyin edib. Bir müddət işlədikdən sonra isə vəzifəsindən azad olunub. Onun istintaqa ifadəsində yazılıb ki, işə düzəlmək üçün 2000 manat pul verib.

Şahid bu ifadəsini təsdiqləməyib. O bildirib ki, qorxduğu üçün həmin ifadəyə imza atıb:

“İstintaqda müstəntiqlər dedi ki, danışmasan, səni tutacağıq. Buna görə də yazılanlara qol çəkdim. 2000 manatı da özümdən yazdım”.

Məhkəmə prosesi yanvarın 19-da davam edəcək.

Əjdər Cəbiyev 2021-ci ilin fevralında – Səlim Müslümovun həbsindən az sonra tutulub. Onların hər ikisinin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Sabiq Aparat rəhbəri haqqında cinayət işi dekabrda keçmiş nazirin işindən ayrılaraq, məhkəməyə göndərilib. Yaxın vaxtlarda Səlim Müslümovun da işi üzrə istintaqın yekunlaşacağı gözlənilir.

Səlim Müslümov nazir olduğu dövrdə onun rəhbərliyi altında çalışmış bir sıra idarə və şöbə rəisləri də istintaqa cəlb olunaraq dindirilib. İstintaq şəhid ailələri, əlillər üçün evlərin tikintisi, avtomobillərin paylanması və s. məqsədlərlə büdcədən ayrılmış vəsaitlərin necə xərcləndiyini araşdırıb.

Ana səhifəSiyasətRüşvət almaqda ittiham olunan Əjdər Ol özünü təqsirli bilib