Rüstəm İbrahimbəyov vəfat edib

Foto: Meydan tv

Xalq yazıçısının uzun sürən xəstəlikdən öldüyü bildirilir

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, kinodramaturq Rüstəm İbrahimbəyov vəfat edib.

AKİ-dən Meydan TV-yə bildirilib ki, mərhumun nəşi martın 12-də Bakıya gətiriləcək.

Dramaturqun qızı Fatimə İbrahimbəyova Rusiya mediasına atasının ölümünü təsdiqləyib. O deyib ki, atası uzun müddət – üç ay xəstəlikdən əziyyət çəkib.

Rüstəm İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda doğulub.

Azərbaycan Neft və Kimya İnsitutunu bitirib. Həmçinin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib.

Onun əsərləri əsasında qırxdan çox bədii, televiziya filmləri və tamaşaları çəkilib. Həmçinin pyesləri səhnələşdirilib.

2005-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sifarişi ilə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Köçərilər” filmi çəkilib.

Film 2007-ci ildə “Oskar” mükafatına təqdim olunması barədə təklif alıb.

Çəkilişlərə 30 milyon dollar dövlət vəsaiti xərclənib.

Filmin bir nüsxəsi Azərbaycan Dövlət Film Fonduna hədiyyə edilib.

Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının (1981) katibidir.

O, 2001-ci ildə “İbRus” teatrını (İB- İbrahimbəyov, RUS-Rüstəm) yaradıb.

Rüstəm İbrahimbəyovun İçərişəhərdəki şəxsi evində yerləşən “İbRus”da tamaşalar iki dildə: Azərbaycan və rus dillərində oynanılıb.

Teatrın fəaliyyəti Xalq yazıçısının siyasi fəaliyyətindən dolayı ölkəni tərk etməsindən bir müddət sonra dayandırlıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdü. Lakin İbrahimbəyovun Rusiya vətəndaşlığını səbəb gətirən Mərkəzi Seçki Komissiyası (MSK) onun namizədliyini qeydə almaqdan imtina etmişdi. Həmin vaxtdan İbrahimbəyov Azərbaycandan kənarda yaşayırdı.

İllərlə mühacirətdə yaşayan Rüstəm İbrahimbəyov qardaşı Xalq yazıçısı Maqsud İbrahimbəyovun vəfatından sonra Azərbaycana gəlib.

Sonralar o, Azərbaycana tez-tez gəlirdi, müxtəlif tədbirlərdə iştirak edirdi.

Ana səhifəMədəniyyətRüstəm İbrahimbəyov vəfat edib