Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 85-ci günü: yenilənən xəbərlər

Ukrayna. Borodianko. Foto: Reuters

Senat Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqlədi

Mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq təcili hərbi və humanitar yardım paketini təsdiqləyib.

Sənədi 86 qanunverici dəstəkləyib, 11 senator əleyhinə çıxıb.

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

Aprelin 28-də ABŞ prezidenti Co Bayden Ukraynaya 33 milyard dollar, o cümlədən 20 milyard dollardan çox hərbi yardım istəyib.

ABŞ Nümayəndələr Palatası daha sonra bu məbləği 40 milyard dollara çatdırdı.


Rus mədəniyyətinin ləğvinə etiraz edən müğənnilər assosiasiya yaradırlar

Rusiya mədəniyyətinin ləğvinə etiraz edən rus estrada müğənniləri assosiasiya yaradır.Məqsəd Ukraynada başlayan hərbi müdaxilə fonunda ləğv edilən rus mədəniyyətinə dəstək olmaqdır.

Rusiya Musiqi Assosiasiyasının yaradılması ideyası Xalq artisti Nikolay Baskova aiddir.

N.Baskov. Foto: “last.fm”

Qriqori Leps, Larisa Dolina, Nadejda Babkina, Oleq Qazmanov və Aleksandr Marşal birliyin ilk üzvləridir.

Birliyin strukturu nizamnamə yaradılandan sonra bəlli olacaq.

Ukrayanda hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya mədəniyyətini və sənətçilərini boykot edib.


İqor Konaşenkov: ““Azovstal”da olan hərbçilərin 770-dən çoxu təslim olub”

Son sutkada “Azovstal” zavodunda olan hərbçilərdən 770-dən çoxu təslim olub, ümumilikdə isə 1730 nəfər silahı yerə qoyub.

Bu açıqlamanı mayın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov yayıb.

“Azovstal”. Foto: Reuters

İqor Konaşenkov 1730 yaraqlıdan 80-nin yaralı olduğunu əlavə edib.

Onun sözlərinə görə, stasionar müalicəyə ehtiyacı olanların hamısı Novoazovsk və Donetskdəki tibb müəssisələrində yardım alırlar.


“Rusiya mədəniyyətinə qadağalar orta əsrlərə qayıdışdır”

“Qərbdə rus mədəniyyətinin ləğvi yalnız həmin ölkələrin özlərinin deqradasiyası ilə nəticələnəcək”.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski belə deyib.

Onun sözlərinə görə, Rusiya mədəniyyətinə qarşı tətbiq edilən qadağalar orta əsrlərə qayıdış kimi qiymətləndirilə bilər.

Vladimir Medinski. Foto: Twitter

Xatırladıb ki, mədəniyyətin ləğvi halları Avropada daha əvvəllər də olub.

“Məsələn, Vatikan orta əsrlərdə mütəmadi olaraq qadağan olunmuş kitabların siyahısını dərc edib. Sonrakı dövrlərdə nəşr olunan bu “qara siyahılar”da Hüqo, Balzak, Heyne, Bayron da daxil olmaqla bir çox tanınmış müəlliflər var idi. Hitlerin dövründə Almaniyanın meydanlarında “qadağan olunmuş” kitablar tonqallarda yandırılırdı. Yəni Avropada “ləğv mədəniyyəti” həmişə olub. Hamısı da nəticəsiz qalıb”, – Medinski deyib.

Ukrayanda hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya mədəniyyətini və sənətçilərini boykot edib.


Ukrayna ordusunun Kursk vilayətini yenidən vurduğu deyilir

Ukraynanın Kursk vilayətinin Tetkino kəndinə son hücumu zamanı bir nəfər ölüb.

Bu barədə mayın 19-da Kursk vilayətinin qubernatoru Roman Starovoit “Telegram” kanalında məlumat paylaşıb.

Ukrayna. Foto: Meydan TV

“Sübh çağında düşmənin Tetkinoya növbəti hücumu, təəssüf ki, faciə ilə başa çatıb. Hazırda ən azı bir mülki şəxsin ölümü məlumdur”, – deyə qubenator yazıb.

Roman Starovoitun sözlərinə görə, ölən adam içki zavoduna xammal gətirən yük maşını sürücüsüdür: “Həm də içki zavoduna bir neçə zərbə vurulub. Yaralılar da var, onlara ilkin tibbi yardım göstərilir”.


Ukraynada 231 uşaq öldürülüb

Müharibə başlayandan Rusiya ordusu Ukraynada 231 uşaq öldürüb.

Bunu Ukrayna Baş Prokurorluğu mayın 19-da “Telegram” kanalında yayıb.

Ukrayna. Foto: Odeta Valuziene/shutterstock

Bildirilib ki, Ukraynada Rusiyanın silahlı təcavüzü nəticəsində 658-dən çox uşaq zərər çəkib.

Onlardan 231 uşaq həlak olub, 427 nəfərdən çoxu yaralanıb.

Ən çox Donetsk vilayətində, Kiyev, Xarkov, Çerniqov, Xerson, Luqansk, Nikolayev, Zaporojye, Sumidə uşaq ölümləri qeydə alındığı vurğulanıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 85-ci günü: yenilənən xəbərlər