Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 82-ci günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Reuters

““Azovstal”dakı yaralı əsgərlərin təxliyəsi razılaşdırılıb”

Mayın 16-da “Azovstal” metallurgiya zavodunun ərazisindən yaralı ukraynalı əsgərlərin təxliyəsi ilə bağlı razılıq əldə olunub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Azovstal”. Foto: Reuters

Nazirlik artıq dəhlizin açıldığını qeyd edib:

“Zavodun ərazisində ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub. Yaralı ukraynalı hərbçilər “Donetsk Xalq Respublikası”nın Novoazovsk şəhərindəki tibb müəssisəsinə çatdırılıb”.


Kristina Kuinn: “Ukrayna tələblərə cavab verərsə, NATO-ya daxil ola bilər”

Ukrayna Alyansın əksər tələblərinə cavab verərsə, MAP prosedurundan yan keçə və NATO-ya daxil ola bilər.

Bunu “European Pravda”ya müsahibəsində ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kuinn deyib.

Mənbə: “eurointegration.com”

“Finlandiyanın MAP olmadan qoşulmasının mümkünlüyünə gəlincə, bu, heç vaxt NATO-ya üzv olmaq üçün qanuni tələb olmayıb. Ona görə də Ukrayna da Alyansa MAP olmadan qoşula bilər. Lakin mən bunu qısaldılmış prosedur adlandırmazdım”, – diplomat belə deyib.


“McDonald’s” Rusiya bazarından çıxdığını elan edib

“McDonald’s” Rusiya bazarından çıxdığını elan edib və biznesini satmağa başlayıb.

Bu barədə “McDonald’s”ın mayın 16-da yaydığı bəyanatda deyilir.

“McDonald’s”. Foto: 8th.creator/shutterstock

Bəyanatda şirkətin Rusiya bazarında 30 ildən çox fəaliyyət göstərdiyi xatırlanıb. Amma TASS bildirib ki, “McDonald’s” komandası, restoran şəbəkəsi və menyunu saxlayaraq, iyunun ortalarında Rusiyada yeni brend altında fəaliyyətini bərpa edəcək.


Estoniyanın Baş naziri: “Putinə zəng etməyin”

Estoniyanın Baş naziri Kaja Kallas Avropa İttifaqı liderlərini Rusiya Pezidenti Vladimir Putinə təcrid vəziyyətində olduğunu bildirmək üçün zəng etməməyə çağırıb.

“Mənə elə gəlir ki, əgər hamı ona daim zəng vurursa, o, təcrid olunduğunu başa düşmür. Buna görə də, əgər ona “təcrid olunmusunuz” fikrini çatdırmaq istəyiriksə, ona zəng etməyin – bunun mənası yoxdur”, – deyə Baş nazir bildirib.

Foto: EPA

Kallas əlavə edib ki, şəxsən özü Putinlə təmasların nəticəsiz olduğunu düşünür: “Mən heç bir nəticə görmürəm. Çünki bütün bu danışıqlardan sonra Buça, İrpen baş verdi. Gərginliyin azalma əlamətini görmürük”.


Ukrayna ordusu Xarkovda dövlət sərhədini bərpa edib

Ukrayna ordusu Xarkov vilayətində Rusiyayla sərhədə gəliblər.

Bu barədə 127-ci Ərazi Müdafiə Briqadasının 227-ci taborunun əsgərləri prezident Volodimir Zelenskiyə müraciətlərində deyiblər.

Foto: Reuters

“Ukrayna Silahlı Qüvvələrinin Xarkov ərazi müdafiə qüvvələrinin 127-ci briqadasının 227-ci taboru rus hərbçilərini çıxararaq Xarkov vilayətində dövlət sərhədinə çatıb”, – müraciətdə belə qeyd olunub.

Amma Ukrayna hərbçiləri sərhədin hansı istiqamətinə çatdığını açıqlamır.

Ordunun Baş Qərargahı bildirib ki, Xarkov istiqamətində rus qoşunları öz mövqelərini saxlamağa cəmləşdirir: “Onlar Ukrayna hərbçilərinin Ukrayna ilə Rusiya sərhədinə daha da irəliləməsinin qarşısını almağa çalışırlar”.


Rusiyaya 1.3 milyon ukraynalı köçkün gəlib

Ukraynadan və Donbas vilayətindən Rusiyaya 1,3 milyondan çox insanın gəldiyi bildirilir.

Bu barədə Rusiya mediası güc strukturlarına istinadən məlumat yayıb.

Ukrayna qaçqınları. Foto: Gabriel Preda RO/shutterstock

Köçkünlərin 223 mininin uşaq olduğu qeyd olunub.

“Gələnlərin təxminən 34 min nəfəri 528 müvəqqəti yerləşdirmə mərkəzindədir. Qalanları qohumlarının yanına yerləşdirilib. Onlara ümumilikdə 2,4 milyard rubl ödənilib”, – deyə məlumatda vurğulanıb.


Odessaya raket hücumu olub

Rusiya ordusunun Odessa vilayətinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb, onlardan biri uşaqdır.

Məlumatı “Pivden” əməliyyat komandanlığı yayıb.

Ukrayna, Odessa şəhəri. Foto: Reuters

“Odessa vilayətinə raket hücumu nəticəsində strateji aviasiya təyyarələri turizm infrastrukturu obyektinə düşüb, binalar dağılıb, yanğın baş verib. Hazırda xilasedicilər və əməliyyat-istintaq qrupu hadisə yerində işləyir”, – məlumatda deyilir.


Moskva meriyası “Moskviç” markası altında avtomobillər istehsal edəcək

“Renault Russia QSC” zavodunun səhmləri Moskva şəhərinə, “Avtovaz”dakı “Renault”un payı isə Sənaye və Ticarət Nazirliyinin tabeliyində verilib. Hər iki əməliyyat Rusiyanın Federal Antiinhisar Xidməti tərəfindən təsdiqlənib.

Bu barədə Sənaye və Ticarət Nazirliyinin “Telegram” kanalı məlumat yayıb.

Məlumatda payların aşağıdakı kimi bölüşdürüləcəyi qeyd olunub: “Moskva səhmlərin 100 faizinə, “Avtovaz” səhmlərinin 67,69 faizinə sahib olacaq”.

“Renault”. Foto: Sergio Photone/shutterstock

Moskva meri Sergey Sobyanin “Moskviç” markası altında avtomobillər istehsal edəcəklərini bildirib.

“Xarici sahibkar zavodu bağlamaq qərarına gəlib. Bu, onun hüququdur, lakin biz minlərlə işçinin işsiz qalmasına icazə verə bilmərik. Ona görə də mən zavodu şəhərin balansına götürmək və zavodu bərpa etmək qərarına gəldim”, – mer belə yazıb.

O əlavə edib ki, işçi heyətinin əksəriyyətini birbaşa zavodda və onun subpodratçılarında saxlamağa çalışacaqlar.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 82-ci günü: yenilənən xəbərlər