Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 49-cu günü: yenilənən xəbərlər

Foto: Reuters

Rusiya MN: “36-cı briqadanın 1026 hərbçisi könüllü təslim olub”

Ukaynanın 36-cı dəniz piyada briqadasının 1026 hərbçisi Mariupolda könüllü olaraq silahı yerə qoyaraq təslim olub.

Zef art/Shutterstock

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, təslim olan Ukrayna hərbçiləri arasında 162 zabit və 40-dan çox qadın var.


Mariupolda mühasirəyə düşən 36-cı briqada “Azov” alayı ilə birləşib

Mariupolda Rusiya işğalçılarının mühasirəsində olan dəniz piyadalarının 36-cı briqadasının bölmələri mürəkkəb və çox risqli manevr nəticəsində “Azov” alayı ilə birləşib.

Bunu Ukrayna Prezident Ofisinin rəsmisi Aleksey Arestoviç özünün “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, “Azov” alayı əhəmiyyətli dərəcədə güclənib: “36-cı briqada məhv olmaqdan yaxa qurtararaq əlavə ciddi imkanlar, faktik olaraq ikinci şans qazanıb. Şəhərin müdafiəçiləri artıq birlikdə qoruduqları rayonu xeyli möhkəmlədib. bölmələrin birləşməsi hesabına Mariupolun müdafiə sistemi də güclənib”.

Aleksey Arestoviç. Foto: Ukrayna Prezident Aparatı

Mariupol martın 1-dən Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb.

Bildirilir ki, şəhərdə humanitar fəlakət yaşanır.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı əmin edib ki, rəhbərliyin Mariupolu müdafiə edən qüvvələrlə rabitəsi var, müdafiə əməliyyatının detalları isə ictimai müzakirə predmeti olmamalıdır.

Aprelin 11-i axşam ruslar Mariupola naməlum mənşəli zəhərləyici maddə tullayıb.


Putin sanksiyaların Avropaya zərbə vurduğunu deyir

“Avropa və Amerika siyasətçilərinin yeni anti-Rusiya məhdudiyyətləri tətbiq etmək qərarı Qərbdə görünməmiş böhrana səbəb olub”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Arktikanın inkişafı ilə bağlı iclasda deyib.

Putin hesab edir ki, Qərb ölkələrinin son addımları avropalılara zərbə vurub:

Vladimir Putin. Foto: Meydan TV

“Bir sıra Qərb ölkələrinin normal əməkdaşlıqdan, o cümlədən Rusiyanın enerji resurslarından imtina etməsi ən azı bəziləri artıq milyonlarla avropalıya zərbə vurub. Qiymətlər və inflyasiya hər yerdə yüksəlir. Həmin ölkələr üçün bu, tamamilə görünməmiş bir vəziyyətdir”.

Ancaq Rusiya lideri Rusiyanın çətinliklərə məruz qaldığını da etiraf edib: “Rusiya da təbii ki, çətinliklərlə üzləşir, lakin bunu yeni imkanların və variantların yaranması kimi görür”.


Bayden: “Putin ukraynalı ifadəsini yer üzündən silməyə çalışır”

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasətini “soyqırım” adlandırıb.

Co Bayden, Mənbə: lev radin/shutterstock

Bu barədə Bayden aprelin 12-də çıxışında danışıb.

“Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin, sadəcə, ukraynalı ifadəsini belə yer üzündən silməyə çalışır. Rusların, sözün əsl mənasında, dəhşətli işlərə imza atdığına dair sübut artır”.


“Vitol Group” Rusiya ilə neft ticarətini dayandırır

İsveçrə-Hollandiya neft şirkəti “Vitol Group” bu ilin sonunadək Rusiya ilə neft ticarətini dayandıracaq.

“Şirkət Rusiya ilə xam neft və neft məhsulları ticarətini dayandırmaq niyyətindədir. Biz prosesi 2022-ci ilin sonuna qədər başa çatacağıq”, – “Vitol Group”un məlumatında belə deyilir.

“Vitol Group”. Foto: https://nairametrics.com/

Bir müddət öncə Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell” Rusiyadakı bütün neft-qaz layihələrində iştirakını dayandırmışdı.

Həmçinin Rusiya neft və qazının alınmasından imtina etmək niyyətində olduğunu bildirmişdi.


Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıb

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi sanksiyalar fonunda ilin ilk üç ayında 28,7% artıb.

Bildirilir ki, Çin Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-mart aylarında Rusiyaya ixrac illik müqayisədə 25,9% artaraq, 16,44 milyard dollara çatıb.

Rusiya-Çin ticarəti. Foto: Lightboxx/shutterstock

Rusiyanın Çinə ixracının dəyəri isə 31 % artaraq 21,73 milyard dollar olub.

Təkcə mart ayında isə iki ölkə 11,66 milyard dollarlıq ticarət əməliyyatı aparıb.

Ay ərzində Çindən Rusiyaya ixracın dəyəri 3,82 milyard dollar, Rusiyadan Çinə ixracın dəyəri isə 7,84 milyard dollar olub.


Aprelin 13-də humanitar dəhlizlər açılmayacaq

Ukrayna Baş nazirinin müavini – işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk aprelin 13-də humanitar dəhlizlərin açılmayacağını bildirib.

İrina Vereşçuk. Foto: Unian.net

Vereşçuk bunu Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətində evakuasiya avtobuslarının qarşısını kəsməsi ilə əlaqələndirib.

O, Rusiya qoşunlarının Luqansk vilayətində atəşkəsi pozduğunu da əlavə edib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 49-cu günü: yenilənən xəbərlər