Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 42-ci günü: yenilənən xəbərlər

Mariupul. Foto: Oleksii Synelnykov/shutterstock

ABŞ və Böyük Britaniya Rusiyaya qarşı sanksiyalarını elan etdilər

ABŞ və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalarını elan ediblər.

Bu dəfə “Alfa Bank” və “Sberbank” hər iki ölkədə qadağa altına düşdü.

Sanksiyalar çərçivəsində Rusiyada “Visa” və “MasterCard”la əməliyyatlar mümkün deyil.

ABŞ, Rusiya, Ukrayna və Böyük Britaniya. Foto: Zwiebackesser/shutterstock

ABŞ Xəzinədarlığı həmçinin “Sberbank”-ın 42 törəmə müəssisəsinə və “Alfa-Bank” ilə əlaqəli altı müəssisə qarşı məhdudiyyətlər elan edib.

Sanksiyalar siyahısında Rusiyanın ədliyyə və maliyyə nazirlərinin, gömrük xidməti rəisinin, prezident administrasiyası rəhbərlərinin, həmçinin Moskva merinin və Sankt-Ppeterburq qubernatorunun da adları yer alır.

Böyük Britaniya isə daha 8 rusiyalı oliqarxa sanksiya tətbiq edib.

Onların sırasında Rusiyanın dövlətə məxsus neft istehsalçısı “Qazprom Neft”in baş icraçı direktoru Aleksander Dyukov, Rusiyanın üçüncü ən böyük bankı olan “Qazprombank”ın sədri Andrey Akimov və “Kamaz” şirkətinin baş direktoru Sergey Koqogin də var.

Peskov: “Rusiya qoşunları çəkməklə Ukraynaya jest etdi”

“Rusiya danışıqlara müsbət şərait yaratmaq üçün Ukraynanın şimalındakı mövqelərdən qoşunlarını çıxararaq, Ukraynaya xoşməramlı jest etdi”.

Bunu aprelin 6-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın LCI telekanalına müsahibəsində bildirib.

“Biz bu addımı atmaqla düşündük ki, danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilərik. Məhz buna görə də prezident Putin qoşunların bölgədən çıxarılmasını əmr etdi”.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

D.Peskov Moskvanın danışıqlara başlamaq və hərbi əməliyyatları dayandırmaq istəyini də açıqlayıb: “Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır”.

O, Buçada mülki əhalinin qətlində rus hərbçilərinə qarşı ittihamları qəti şəkildə rədd edib: “Nümayiş etdirilən kadrlar, fotoşəkillər planlı saxtalaşdırmanın nəticəsidir. Yayımlanan peyk şəkilləri hərtərəfli araşdırılmalıdır”.


Roma Papasından Ukraynadakı müharibə ilə bağlı çağırış

Aprelin 6-da Roma Papası ümumi auditoriyada Buçadan gətirilən Ukrayna bayrağını açaraq günahsız qurbanlar üçün dualar edib.

O, Ukraynada müharibənin tezliklə dayandırılmasını istəyib.

Məlumatı “Vatican News” yayıb.

Foto: vaticannews.va

“Ukraynadakı müharibə ilə bağlı son xəbərlər rahatlıq və ümid gətirmək əvəzinə, Buçadakı qırğın kimi yeni vəhşiliklərə dəlalət edir. Dinc əhaliyə, müdafiəsiz qadınlara və uşaqlara qarşı dəhşətli vəhşiliklər törədilib”, – deyə o bildirib.

“Bunlar günahsız qanları cənnətdə fəryad edən və dua edən qurbanlardır: “Bu müharibə bitsin! Silahları susdurun! … “Gəlin bunun üçün birlikdə dua edək”, – deyə Papa Fransisk çağış edib.


“Buçada gördüklərimiz bizi şoka saldı”

“Biz Buça və digər şəhərlərdə müharibə cinayətlərinin açıq sübutlarını gördük. Lakin irəliləmək üçün bütün mümkün sübutları – videoları, şahid ifadələrini və mümkün qədər toplamaq lazımdır”.

Bunu Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders “Euronews”ə eksklüziv müsahibəsində deyib.

Buça. Mənbə: Rodrigo Abd / AP / Scanpix / LETA

O, gördüklərindən şoka düşdüyünü vurğulayıb:

“Bu görüntülər hamımızı şoka salır. Ancaq ədliyyə sistemində vaxt çərçivəsi kifayət qədər uzundur. Bizə, təkrar edirəm, cinayət təqibinə başlamaq və işi məhkəməyə vermək üçün sübutlar toplamaq lazımdır”.


“Rusiya Ukraynanın 5 bazasını məhv edib”

Rusiya Silahlı Qüvvələri hava və yerüstü raketlərlə Ukrayna qoşunlarını təchiz edən yanacaq-sürtkü materiallarının beş bazasını məhv edib.

Bu barədə aprelin 6-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

İqor Konaşenkov. Foto: http://government.ru

“Aprelin 6-da səhər saatlarında hava və yerüstü raketlər Radexov, Kazatin, Prosyanaya, Nikolayev və Novomoskovsk yaşayış məntəqələrinin ərazilərindəki yanacaq və sürtkü materiallarının beş bazasını məhv edib”, – deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, bazalardan Xarkov, Nikolayev və Donbassdakı Ukrayna qoşunlarının hərbi texnikası yanacaqla təmin edilirdi.

O əlavə edib ki, son sutkada Ukraynanın daha 24 hərbi obyekti, o cümlədən beş logistika anbarını məhv edilib.


ABŞ bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

ABŞ aprelin 6-da Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Kanada isə sanksiya siyahısına Vladimir Potanin, Viktor Vekselberq, Kirill Şamalov və Leonid Mixelson da daxil olmaqla daha 9 rusiyalını daxil edib. Həmçinin Belarusun bir neçə vətəndaşına qarşı da sanksiyalar tətbiq edilib.

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

“Mikroprosessor”ların aparıcı təchizatçılarından biri olan “Intel” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Avropa İttifaqı Rusiya kömürünün tədarükünə embarqo tətbiq etmək niyyətindədir. İttifaq ölkələri 200-ə yaxın rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb.


Duma spikeri Volodin: ““Cəhənnəm sanksiyaları” nəticə vermədi”

“ABŞ Rusiyanın bank sistemini iflic edə bilmədi. Rusiya bütün öhdəliklərini yerinə yetirməyə qadirdir, eyni zamanda, sanksiyalar ABŞ vətəndaşlarının özlərinə ziyan vurur”.

Bunu aprelin 6-da Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Teleqram” kanalında yazıb.

Vyaçeslav Volodin. Mənbə: Azərtac

Onun fikrincə, Vaşinqtonun planı uğursuz olub: ““Cəhənnəm sanksiyaları” nəticə vermədi. Onlar iqtisadiyyatın çökəcəyini, Rusiyanın bank sistemini iflic edəcəyini gözləyirdilər. Bu, işə yaramadı”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 42-ci günü: yenilənən xəbərlər