Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 36-cı günü: yenilənən xəbərlər

İrina Vereşçuk: “400 minə yaxın ukraynalı zorla Rusiyaya aparılıb”

Mariupolun daha 100 min sakini təcili təxliyə edilməlidir”.

Bunu Ukraynanın Baş nazirinin müavini İrina Vereşçuk deyib.

Nazir bildirib ki, 75 min nəfərin şəhərdən çıxmasına kömək edilib.

“İndi təcili təxliyə ehtiyacı olanlar təxminən 100 min nəfərdir”, – deyə o qeyd edib.

Ukrayna qaçqınları. Foto: Gabriel Preda RO/shutterstock

Ukraynanın Ombudsmanı Lyudmila Denisova isə 400 minə yaxın ukraynalının zorla Rusiyaya aparıldığını bildirib:

“Onlar öz istəkləri ilə getməyiblər, məcburi şəkildə Donetsk vilayətindəki filtrasiya düşərgəsinə aparılıblar. Bundan sonra avtobusla Rusiyaya aparılırlar. Sonra da qatarla müxtəlif yerlərə, xüsusən də Rusiyanın Saxalin kimi depressiyaya məruz qalmış bölgələrinə göndərilirlər”.


Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu dəfə siyahıda “TV-Novosti” telekanalı, “Rossiya seqodnya” media qrupu, Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev və jurnalist Sergey Brilevin də adı var.

Rusiya, Böyük Britaniya və Ukrayna. Foto: OnePixelStudio/shutterstock

Sanksiyalar “Qazprom-Media” holdinqinin baş direktoru Aleksandr Jarov, “TV-Novosti” telekanalının baş direktoru Aleksey Nikolov, “Sputnik”in rəhbəri Anton Anisimov, “Strateji Mədəniyyət Fondu”nun direktoru Vladimir Maksimenko, həmçinin fondla əməkdaşlıq edən jurnalist və ekspertlərə də şamil edilib.

Fevralın 24-dən bu yana Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.


Rusiya Ukraynda böyük yanacaq bazalarını vurub

Rusiya havadan buraxılan qanadlı raketlərlə Dnepr, Lisiçansk, Çuqev və Novomoskovskda iri yanacaq bazalarını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

İqor Konaşenkov. Foto: ORT kanalından screenshot

İ.Konaşenkov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 341 pilotsuz uçuş aparatını (PUA), 1815 tankı və 195 reaktiv yaylım atəş sistemini (MLRS) məhv edilib.


Ukraynadan Rusiyaya gələn qaçqınların sayı yarım milyonu keçib

Donetsk və Luhansk “respublikaları”, eləcə də Ukraynanın digər bölgələrindən Rusiyaya gələn qaçqınların sayı yarım milyonu keçdiyi bildirilir.

Ümumilikdə, 107 mindən çoxu uşaq olmaqla, 529 mindən artıq insan sərhədi keçib.
Son 24 saat ərzində Rusiyaya 37 min nəfər gəlib.

Ukraynalı qaçqınlar. Foto: Yanosh Nemesh/shutterstock

Donetsk və Luhansk “respublikaları” əhalinin evakuasiyasına fevralın 18-dən etibarən başlayıb.
Hərbi münaqişələr başlayandan bir müddət sonra Rusiya Müdafiə Nazirliyi də dinc əhalinin çıxması üçün humanitar dəhlizlər açıb.

Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 36-cı günü: yenilənən xəbərlər