Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 25-ci günü: yenilənən xəbərlər

Foto: Reuters

Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avro vəsaitini dondurub

Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avro vəsaitini, habelə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına məruz qalan fiziki şəxslərin hesablarını və daşınmaz əmlakını dondurub.

Bu barədə martın 20-də Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire bildirib.

Bruno Le Maire. Foto: Alexandros Michailidis/shutterstock

“Biz həmçinin fiziki şəxslərin Fransa qurumlarındakı hesablarındakı 150 milyon avro vəsaiti dondurduq”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Fransada 30-a yaxın rusiyalıya məxsus “yarım milyard avro” dəyərində daşınmaz əmlak dondurulub:

“Eyni zamanda, 150 milyon avro dəyərində iki böyük yaxta saxlanılıb”.


Mariupulda 400-ə yaxın adam dağıntı altında qalıb

Rusiya ordusu Mariupolda 400-ə yaxın vətəndaşın gizləndiyi 12 saylı sənət məktəbini bombalayıb.

Məlumatı Mariupol Şəhər Şurası öz Teleqram kanalında yayıb:

“Məktəbdə 400-ə yaxın mariupol sakini – qadın, uşaq və qadınların gizlənib. Binanın dağıldığı, dağıntılar altında hələ də dinc insanların olduğu məlum olub. Qurbanların sayı barədə məlumat dəqiqləşdirilir”.

Martın 16-da Rusiya təyyarəsi Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atmışdı.

Mariupul. Foto: Reuters

“Euronews” hazırda Mariupol sakinlərinin qazsız, susuz, işıqsız qaldığı haqda məlumat yayıb:

Onlar uçuq-sökük çoxmərtəbəli binaların həyətlərində yemək bişirirlər. Şənbə günü bombardman “Azovstal” metallurgiya zavoduna ciddi ziyan vurub. Teatrın dağıntıları altında qalanlardan xəbər yoxdur”.

“Mariupolun mühasirəsi tarixə müharibə cinayəti kimi düşəcək”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


Ukraynada Rusiyayönümlü partiyaların fəaliyyəti dayandırılıb

Ukraynanın Milli Təhlükəsizlik Şurası Rusiya ilə əlaqəsi olan bir sıra siyasi təşkilatların fəaliyyətini dayandırıb.

Siyahıya “Оппозиционная платформа – За жизнь”, “Партия Шария”, “Наши”, “Оппозиционный блок”, “Левая оппозиция” və digər təşkilatların adları daxil edilib.


Rusiya Müdafiə Nazirliyi: “Ukraynanın 62 hərbi obyekti vurulub”

Rusiya aviasiyası martın 19-dan 20-nə keçən gecə Ukraynanın 62 hərbi obyektini vurub.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

“Onların arasında üç komanda məntəqəsi, bir çox yaylım atəş sistemi kompleksləri, iki raket və artilleriya silahı anbarı və bir yanacaq anbarı, həmçinin 52 hərbi texnikanın toplandığı yer”, – deyə Konaşenkov bildirib.


Boris Conson: “Putin “Ukrayna nümunəsi”ndən getdikcə daha çox qorxur”

“Əlbəttə, Putin Ukraynanın üfüqdə görünən gələcəkdə NATO üzvü olacağına inanmırdı. O, çox yaxşı bilirdi ki, Ukrayna torpağında heç bir döyüş başlıqları yerləşdirilməyəcək. Rus xalqının tarixi barədə yazdığı, Nostradamusla rus vikipediyası arasında orta bir şey olan cəfəngiyyata da inanmırdı”.

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirərkən belə deyib.

Boris Conson. Foto: Michael Tubi/ shutterstock

Baş nazirin qənaətincə, Putini qorxudan Ukraynanın NATO-ya üzvlüyü deyil, bu ölkədəki demokratik dəyərlərdir:
“Düşünürəm ki, məsələ bu, deyil. Düşünürəm ki, o, Ukraynadan tamamilə başqa səbəbə görə qorxur. Ukraynada azad mətbuat olduğuna görə qorxur. Ukraynada azad seçkilər var. Ukrayna öz xətaları ilə də olsa, ilbəil azadlığa, demokratiyaya və açıq bazarlara yaxınlaşdıqca Putin “Ukrayna nümunəsi”ndən getdikcə daha çox qorxur”.

“O, bunun özü ilə bağlı da baş verəcəyindən qorxur, çünki Putin Rusiyasında təcavüzü “təcavüz” adlandırdığına görə səni 15 ilə həbsə salırlar. Əgər Putinlə seçkilərdə yarışmaq istəsən, səni ya zəhərləyəcəklər, ya da güllələyəcəklər”, – deyə Boris Conson qeyd edib.


Peskovun qızı: “Sanksiyalar tamamilə ədalətsiz və əsassızdır”

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova ona qarşı tətbiq edilən sanksiyaları “əsassız və ədalətsiz” hesab edir.

Y.Peskova bu barədə “Business Insider”ə danışıb.

“Bu, tamamilə ədalətsiz və əsassızdır. Mən çox təəccübləndim, çünki 24 yaşı olan və vəziyyətlə heç bir əlaqəsi olmayan bir şəxsə qarşı sanksiyaların tətbiq edilməsi qəribədir”, – deyə Peskova bildirib.

Mənbə: instagram.com/lisa_peskova

Amma Yelizaveta Peskova vurğulayıb ki, sanksiyalar digər rusiyalılardan fərqli olaraq onun maliyyə vəziyyətinə təsir etməyəcək:

“Lakin o, səyahət məhdudiyyətlərindən məyus olur. Mən əsəbləşirəm, çünki səyahət etməyi və fərqli mədəniyyətləri sevirəm. Mən dünya vətəndaşıyam və bununla bağlı heç nə edə bilmirəm”.

O, Rusiyanın Ukraynada başlatdığı müharibəni müzakirə etməkdən imtina edib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 25-ci günü: yenilənən xəbərlər