Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 24-cü günü: yenilənən xəbərlər

Foto: Reuters

“Ukraynada bu gün 562 rusiyalı hərbi əsir var”

Bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk deyib:

“Hazırda bizdə rəsmi olaraq Rusiyanın 562 hərbi əsiri var”.

Zef art/Shutterstock

İrina Vereşçuk əsirlərin hər biri üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə kartlar göndərildiyini söyləyib:

“Rusiya Federasiyasından olan bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun rəftar edilir”.


ABŞ-dan Rusiyaya daha bir sanksiya gözlənilir

“ABŞ GPS naviqasiya sistemindən ayırmaq imkanını nəzərdən keçirir”.

Bunu “Roskosmos”un Baş direktoru Dmitri Roqozin deyib.

Dmitri Roqozin. Foto: https://gadgets360.com/

Ancaq Baş direktor bildirib ki, narahat olmağa ehtiyac yoxdur:

Çünki bizdə QLONASS var. Bu barədə “gərginləşməyə” dəyməz, çünki hər bir smartfon da Rusiyanın QLONASS sisteminə qoşulub və bu halda o işləməyə davam edəcək”.


“Rusiya ilə sülh danışıqları bir neçə həftə çəkə bilər”

Bunu “Bloomberg” agentliyinə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Rusiya ilə sülh danışıqları ən azı bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin “daha ​​uyğun” olmasına dair əlamətlər var”, – Podolyak belə deyib.

Onun sözlərinə görə, müzakirə edilən məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.

Foto: M.Podolyakın Twitter səhifəsindən götürülüb

M.Podolyak Rusiyanın “Əfqan ssenarisi” ilə müharibə apardığını deyib:

“Rusiyanın taktikası böyük şəhərləri mühasirəyə almaq və qanadlı raketlər, hava bombaları ilə bombardman etməkdir”.


Ukraynanın Azov dənizi ilə əlaqəsi müvəqqəti itib

“Rusiya ordusu qismən Donetsk əməliyyat zonasında uğur əldə edib. Onlar müvəqqəti olaraq Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər”, – deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.


Zelenski: Görüşmək və danışmaq vaxtıdır

Ukrayna Prezidenti Volodimir Zelenski martın 18-də növbəti dəfə Rusiya rəhbərliyinə müraciət edib.

V.Zelenski. Foto: Meydan TV

İstəyirəm hamı məni eşitsin, xüsusən də Moskvada. Görüşmək və danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtı çatıb. Əks halda, Rusiyanın itkiləri o qədər böyük olacaq ki, bir neçə nəsil üçün onu bərpa etmək kifayət etməyəcək”, deyə Zelenski bildirib.


“112 uşaq öldürülüb”

Rusiyanın genişmiqyaslı işğalının 24-cü gün səhər saatlarına olan məlumata görə, indiyə qədər 112 uşaq həlak olub.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.


“Ukraynanın 200-ə qədər uçuş aparatı məhv edilib”

Rusiya ordusu İvano-Frankivsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını dağıdıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Onun sözlərinə görə, Ukraynada əməliyyat başlayandan 200-ə yaxın pilotsuz uçuş aparatı və 1400-dən çox tank və digər zirehli texnikanı məhv edilib.


İtaliyada rusiyalı milyarderin villasına həbs qoyulub

İtaliyanın hüquq-mühafizə orqanları “Severstal”ın sahibi Aleksey Mordaşova məxsus villaya həbs qoyub.

Olbia şəhərində yerləşən mülkün dəyəri 105 milyon avro dəyərində qiymətləndirilir.

Bildirilir ki, həbs Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa İttifaqı (Aİ) ölkələrinin tətbiq etdiyi sanksiyaların bir hissəsi olaraq həyata keçirilib.

A.Mordaşov da bir çox digər rusiyalı biznesmenlər, siyasətçilər və məmurlar kimi sanksiya siyahısında idi.

2021-ci ilin fevral ayında “Severstal” səhmlərinin dəyərinin artmasıyla A. Mordaşovun sərvətini 30 milyard dollara çatıb və o, Rusiyanın ən varlı adamı olub.

A.Mordaşov. Foto: https://oligarchs.eu/

Ötən ayın sonunda Aleksey Mordaşov Aİ ölkələrinin onun adını sanksiyalar siyahısına salmasının səbəblərini anlamadığını demişdi.

“Mən siyasətdən uzağam və bütün həyatım boyu Rusiyada və xaricdə işlədiyim şirkətlər üçün iqtisadi dəyər yaratmışam. Mənim hazırkı geosiyasi gərginliyin yaranması ilə qətiyyən əlaqəm yoxdur. Mənə qarşı sanksiyaların niyə tətbiq olunduğunu başa düşmürəm”, – deyə o bildirmişdi.

Ötən həftə “Rosneft”in rəhbəri İqor Seçinin iki yaxtasına həbs qoyulmuşdu.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 24-cü günü: yenilənən xəbərlər