Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 120-ci günü: yenilənən xəbərlər

Kiyev. Foto: Reuters

ABŞ Ukraynaya “HIMARS” reaktiv yaylım atəş sistemləri verib

Ukraynaya Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemləri gətirilib.

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Twitter” səhifəsində yazıb.

Oleksiy Reznikov ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “amerikalı həmkarı və dostu”na təşəkkürün ardınca əlavə edib ki, yay işğalçılar üçün isti olacaq:

Mənbə: “ukrinform”

“O cümlədən, onlardan bəziləri üçün sonuncu yay olacaq”.

İyunun əvvəlində ABŞ Prezidenti Co Bayden Kiyevin həftələrlə tələb etdiyi “HIMARS” çoxillik raket sistemlərinin Ukraynaya tədarükü haqqında sərəncam imzalayıb.

Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Amerikanın çoxşaxəli raket sistemlərinin Ukraynaya tədarükü ölkəsinin “xüsusi əməliyyatı”nın gedişi üçün “heç nəyi dəyişmir”.


Britaniya Rusiyaya ixrac edilən bir sıra məhsullara qadağa qoyub

İyunun 22-dən Böyük Britaniyada bir sıra məhsulların Rusiyaya ixrac edilməsinə dair yeni qadağa qüvvəyə minib.

Məhdudiyyətlər dəniz sektoru üçün məhsullar, texnologiya, neft emalı, kimyəvi və bioloji silahlara şamil edilib.

“O cümlədən Rusiya ilə əlaqəli şəxslərə əskinasların verilməsinə qadağa qoyulub”, – deyə hökumətin məlumatında bildirilib.

Böyük Britaniya-Rusiya. Mənbə: hxdbzxy/shutterstock

Qadağa həmçinin maliyyə və ya broker xidmətlərinin göstərilməsini də əhatə edir.

Sənəddə deyilir: “Rusiya mənşəli və ya Rusiyadan gətirilən mallardan mənfəət əldə etməyə imkan verən məhsulların, eləcə də müvafiq vasitələrin, texniki, maliyyə, broker xidmətlərinin idxalına, alınmasına və ya tədarükünə qadağa qoyulur”.


Qalkin Ukrayna Mədəniyyət Nazirliyinin “qara siyahı”sından çıxarılıb

Rusiyanı tərk edən və hazırda İsraildə yaşayan yumorist Maksim Qalkin Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısından çıxarılıb.

Qalkin “qara siyahı”ya 2021-ci ilin noyabrında salınmışdı.

Onun Ukraynaya girişi qadağan edilmişdi. Həmçinin aktyorun iştirakı ilə çəkilmiş film və musiqililərin Ukrayna televiziyalarında yayımı dayandırılmışdı.

Maksim Qalkin. Foto: https://millionaire.fandom.com/

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qalkin həyat yoldaşı, Xalq artisti, müğənni Alla Puqaçova və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb.

Qalkin istifadəçisi olduğu sosial şəbəkədə sərt anti-müharibə mövqeyi ilə çıxışlar edir. Hətta buna görə Rusiya mətbuatında ona qarşı cinayət işi açıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Qalkin bir müddət öncə açıqlayıb ki, İsraildəki konsert turundan əldə etdiyi gəliri ukraynalı qaçqınlara ianə edəcək.


“Ukraynanın iki yaşayış məntəqəsi işğal olunub”

İyunun 23-də Rusiya ordusu Luqansk vilayətində daha iki yaşayış məntəqəsini işğal edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Mənbə: “ua.depositphotos.com”

Bildirilir ki, Lisiçansk və Severodonetsk yaxınlığında yerləşən Loskutovka, Ray-Aleksandrovka işğalçıların nəzarətinə keçib:

“Rusiya ordusu Donetsk istiqamətində əsas səylərini Severodonetsk üzərində tam nəzarətin yaradılmasına yönəldib. Bundan əlavə, onlar Lisiçansk bölgəsində Ukrayna hərbçilərini mühasirəyə almaq üçün hücum əməliyyatlarını davam etdirirlər”.


Çexiyadan Rusiya və Belarus vətəndaşlarına viza qadağası

Çexiya 2023-cü ilin martın sonuna qədər Rusiya və Belarus vətəndaşlarına viza və yaşayış icazəsi verməyəcək.

Çexiya mediası yazır ki, hökumət Çexiya Xarici İşlər Nazirliyinin bu barədə qərarını dəstəkləyib.

Viza. Mənbə: yingko/shutterstock

Qeyd olunub ki, istisna yalnız humanitar məqsədli səfərlər üçün olacaq.

“Belə bir tədbir Ukraynadakı hərbi əməliyyatlarla bağlı “Çexiyanın xarici siyasət maraqlarını qorumaq”, Rusiya və Belarusa təzyiq göstərmək üçün nəzərdə tutulub”, – deyə vurğulanıb.

Ancaq qərar artıq yaşayış icazəsi olanlara şamil edilmir.


“Ukraynaya qapını geniş açmağa hazırıq”

Avropa İttifaqı Ukraynaya qapı açmağa və namizəd üzv statusu verməyə hazırdır.

Bunu sammit ərəfəsində Avropa Parlamentinin sədri Roberta Metsola Ukrayna mediasına deyib.

Roberta Metsola. Mənbə: AP

“Mənim üçün Ukrayna Avropadır. Bu həftə çox vacib olacaq. Bütün Avropa ailəsi ilə birlikdə bu qədər cəsarət göstərmiş, eyni dəyərlər uğrunda mübarizə aparan ukraynalılara qapılarımızı açmağa qərar verdiyimiz zamandır. Biz bu qapını geniş açmağa hazırıq və mən ukraynalı bacı-qardaşlarımızı ailəmizlə qucaqlamağa səbirsizlənirəm”, – deyə Avropa Parlamentinin sədri bildirib.

Avropa ölkələrinin liderləri iyunun 23-24-də keçiriləcək sammitdə Ukraynaya Aİ üzvlüyünə namizəd statusu barədə qərar verməlidirlər.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 120-ci günü: yenilənən xəbərlər