Rusiyanın bir neçə regionunda yanacaq satışına məhdudiyyətlər qoyulub

Foto: Juliya Shangarey\shutterstock


Rusiyanın Moskva regionu, Sankt-Peterburq, sərhədyanı vilayətləri və işğal etdiyi bəzi ərazilərdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub, bu haqda “Novaya qazeta. Yevropa” xəbər verir.

Məhdudiyyətlər yanacaqdoldurma məntəqələrində həm benzin, həm də dizel yanacağının satışına aiddir. Rusiya mediası bunu yanacağın alınmasında yaranan çətinliklər, logistika problemləri və bəzi istiqamətlərdə tələbatın artması ilə izah edir.

Moskva yaxınlığındakı Troitsk şəhərində ORTK şəbəkəsinə məxsus yanacaqdoldurma məntəqəsində bir müştəriyə maksimum 60 litr benzin və 100 litr dizel yanacağı satılır. Bu barədə MSK1 yazıb.

ORTK-nın mərkəzi ofisi jurnalistlərə bildirib ki, məhdudiyyətlər mayın 30-dan şəbəkənin bütün yanacaqdoldurma məntəqələrində qüvvəyə minib və “vəziyyət sabitləşənə qədər” davam edəcək. Şirkət qərarı “mövcud bazar vəziyyəti” ilə əlaqələndirib.

Məhdudiyyətlər təkcə ORTK şəbəkəsi ilə məhdudlaşmır. “Lukoyl”un mətbuat xidmətindən bildirilib ki, şirkət də paytaxt regionundakı yanacaqdoldurma məntəqələrində benzin satışına limit qoyub. Bu şəbəkədə bir müştəriyə maksimum 100 litr benzin satılır.

“Qazprom” yanacaqdoldurma məntəqələrində limit 150 litrdir. “Rosneft” və “Tatneft” isə hələlik satışa məhdudiyyət qoymadıqlarını, lakin vəziyyətdən asılı olaraq belə addım ata biləcəklərini bildiriblər.

“Kommersant” iyunun 1-də yazırdı ki, Moskva yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti kəskin artıb. Nəşrin mənbələri bunu benzinin alınmasında yaranan çətinliklər və logistika problemləri ilə əlaqələndiriblər.

Sankt-Peterburqda da ötən həftənin sonundan etibarən benzin satışına məhdudiyyətlər tətbiq olunub. “Fontanka” bu barədə yerli sakinlərə istinadən məlumat yayıb.

Məlumatı dairənin əsas neft emalı zavodunun törəmə şirkəti olan “Kirişiautoservis”in qaynar xətti də təsdiqləyib. Nəşrin mənbələri Peterburqda da əsas səbəb kimi yanacağın çatdırılmasında yaranan logistik çətinlikləri göstərirlər.

Sərhədyanı regionlarda da oxşar problemlər var. “Pepel” nəşri daha əvvəl yazmışdı ki, Belqorod və Kursk vilayətlərində “Rosneft” yanacaqdoldurma məntəqələri kanistrlərə benzin satışını dayandırıb.

Belqorod vilayətinin iqtisadi inkişaf naziri Maksim Qusev bildirib ki, bu məhdudiyyətlər “yanacağın satışı zamanı təhlükəsizliyi təmin etmək üçün” tətbiq olunub.

Yanacaqla bağlı ən sərt məhdudiyyətlərdən bəziləri Rusiyanın işğal etdiyi ərazilərdə tətbiq edilib. Mayın 31-dən etibarən ilhaq edilmiş Krımdakı yanacaqdoldurma məntəqələrində benzin yalnız talonla satılmağa başlayıb.

Bundan əvvəl Sevastopolda yanacaq satışının müvəqqəti dayandırıldığı açıqlanmışdı. Yanacaq yalnız şəhərin həyat təminatı üçün çalışan operativ xidmətlərə verilir. Məhdudiyyətlərin bu gün saat 14:00-da ləğv olunacağı bildirilmişdi.

İşğal altındakı Luqansk vilayətində də Aİ-95, Aİ-92 markalı benzin və dizel yanacağının satışına limit qoyulub. Burada bir nəfərə 20 litrdən çox yanacaq satılmır. Yerli qurumlar bunu benzinə tələbatın kəskin artması ilə izah ediblər.

Yanacaq qıtlığının əsas səbəblərindən biri kimi Krıma gedən logistika marşrutlarında yaranan problemlər göstərilir.

Krımda çatışmazlıq Ukrayna Silahlı Qüvvələrinin Rostov-na-Donu və Simferopol şəhərlərini birləşdirən “Novorossiya” yoluna hücumları fonunda yaranıb. Rusiyanın ilhaq etdiyi Zaporojye vilayətinin Moskva tərəfindən təyin olunmuş rəhbəri Yevgeni Balitskinin sözlərinə görə, Ukrayna qüvvələri bu yolda avtomobillərin hərəkətini məhdudlaşdırmaq üçün məsafədən minalama aparır. Onun iddiasına görə, dronlar yola partlayıcı qurğular atır və həmin qurğular hərəkət qeydə alınanda işə düşür.

“Kommersant” yazır ki, iyulun sonu — avqustun əvvəlinə doğru benzin çatışmazlığı Krımdan kənara çıxaraq Rusiyanın digər regionlarına da yayıla bilər.

Nəşrin mənbələrinə görə, xüsusilə Rusiyanın mərkəzi regionları ciddi təsirlənə bilər. Buna səbəb həmin istiqamətlərə benzinin çatdırılmasının çətinləşməsidir.

Ana səhifəXəbərlərRusiyanın bir neçə regionunda yanacaq satışına məhdudiyyətlər qoyulub