Rusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir

Telman İsmayılov. Foto: arxiv

İş adamı bir sıra qətllərin iştirakında şübhəli bilinir

Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb.

Bu barədə “Kommersant” qəzeti Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İddia olunur ki, beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılov bazara nəzarəti ələ keçirmək, onun genişləndirilməsi və mənfəətin yenidən bölüşdürülməsi məqsədi ilə törədilmiş bir sıra qətllərdə iştirak edib:

“Telman İsmayılovun iddia edilən qurbanları arasında 1996-cı ildə güllələnən nüfuzlu dağ yəhudiləri Tair və Telman Qurşumov qardaşları da var. Qardaşlardan biri Tair aldığı yaralardan ölüb”.

Məlumatda qeyd olunur ki, Telman İsmayılovun cinayət işində yeni epizodlar Basmannıy Rayon Məhkəməsinin Çeçenistandan olan güləşçi Tarxan Eldukayevin həbs müddətinin üç ay uzadılması barədə qərarı zamanı ortaya çıxıb.

Güləşçi Telman İsmayılovun ən yaxın adamlarından sayılır:

“O, adam oğurluğunda (Rusiya Cinayət Məcəlləsinin 126-cı maddəsi) ittiham olunur. Həmçinin müğənni A.Russonun olduğu “Range Rover” markalı avtomobilə atəş açıb, nəticədə sənətçi yaralanıb və sürücüsü isə ölüb. Buna görə ona Cinayət Məcəlləsinin 30 və 105-ci maddələri ilə iş açılıb”.

FTX-nin məlumatına görə, Qroznıdan olan Eldukaev Çeçenistandan olan bir qrup mühacirə rəhbərlik edib və onlarla birlikdə Telman İsmayılovla rəqabət aparan sahibkarlara mənəvi və psixoloji təzyiq göstərib:

Qafqazlılar Telman İsmayılovun göstərişi ilə “Çerkizovski” bazarını daha da genişləndirmək üçün ticarət obyektlərini zorla zəbt ediblər. Nəticədə Telman İsmayılov onlardan biri Tair Qurşumovla 1996-cı ildə pərakəndə satış sahəsinə sahiblik hüququ uğrunda rəqabətlə bağlı münaqişəyə girib. Ardınca Telman İsmayılov və Tarxan Eldukaev Tair Qurşumovu və onun ailə üzvlərini hədələyib. 1996-cı ilin dekabrında Tair Qurşumov Şerbakovskaya küçəsində öldürülüb”.

Amma istintaqı rayon prokurorluğu aparsa da, sonradan dayandırılıb.

İndi cinayət işi müğənni Russonun oğurlanması və onun həyatına sui-qəsdlə bağlı araşdırmaları davam etdirən Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib.

“Kommersant” mənbələrinə istinadən yazır ki, Telman İsmayılov “Çerkizovski” bazarı ilə bağlı bir sıra qətllərdə iştirakı ilə bağlı da araşdırma aparılır.

Bundan əvvəl müğənniyə hücumda, habelə 2016-cı ildə Novorijskoye şosesində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin sifarişlə qətlə yetirilməsi ilə bağlı qiyabi ittiham irəli sürülən T.İsmayılov beynəlxalq axtarışa verilib.

O, Monteneqroda Rusiyanın tələbi ilə həbs olunsa da, 2021-ci ildə onu ekstradisiya etməkdən imtina edilib.

Qəzet bildirir ki, yeni epizodlar iş adamının ekstradisiyası üçün ikinci sorğu göndərməyə imkan verəcək.

Vəkil Marina Rusakova “Kommersant”a bildirib ki, Telman İsmayılova qarşı yeni şübhələr barədə ilk dəfədir eşidir və istintaq ona müştərinin statusunda dəyişikliklər barədə məlumat verməlidir.

Ana səhifəDünyaRusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir