Vaqif Bakınski və Zaur adı ilə tanınan kriminal avtoritetlərin saxlanıldığı deyilir
Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı, “Vaqif Bakınski” və “Diplomat” ləqəbləri ilə tanınan Vaqif Süleymanovu saxlayıblar.
Bu barədə “Kommersant” məlumat yayıb.
Süleymanovun saxlanmasına səbəb kimi onun Rusiyada qalma qaydalarını pozması göstərilib.
O, daha sonra deportasiya üçün Moskva Baş Polis İdarəsinin əcnəbilərin müvəqqəti saxlanma mərkəzinə (“Saxarovo”) göndərilib.
Rusiyalı güc strukturlarına yaxın olan “VÇK-OGPU” və “112” „Telegram“ kanalları Süleymanovun saxlanılması anının görüntülərini yayıblar.
Kadrlarda xüsusi təyinatlı polis dəstəsinin əməkdaşının onu yerə yıxdığı görünür. Yerdə uzanan adam özünü Vaqif Süleymanov kimi təqdim edir. “Cinayət avtoritetisən? Oğrusan? Sən oğrusan?”, – deyə ondan soruşur. “Bu cür suallara cavab vermirəm”, – deyə Süleymanov cavab verir.
Vaqif Süleymanovun Moskvada bir sıra biznes layihələri, o cümlədən milyarder Qod Nisanova məxsus “Food City” kompleksi ilə əlaqəli olduğu bildirilir.
Süleymanov 1965-ci ildə Tbilisidə doğulub, Bakıda yaşayıb, 1990-cı illərdə isə Rusiyaya köçüb.
“Prime Crime” saytının məlumatına görə, o, dəfələrlə oğurluq və narkotiklərin saxlanması ilə bağlı maddələrlə məhkum olunub.
Süleymanovu 2013-cü ildə öldürülmüş “qanuni oğru” Aslan Usoyanın (Ded Həsən) yaxın çevrəsinə daxil olan şəxs hesab edirdilər.
„Baza” „Telegram“ kanalı bildirir ki, Orenburqda da Azərbaycandan olan daha bir kriminal avtoritet- Zaur adlı şəxs saxlanılıb. Onun cinayət aləmində yüksək mövqe tutmaqda ittiham olunduğu deyilir. “112” „Telegram“ kanalı yazır ki, onu Rusiyada məhkəməyə verməyə hazırlaşırlar.
İyunun 27-də Yekaterinburqda 2001-ci ildə baş vermiş qətllə bağlı iş üzrə kütləvi həbslər aparılıb.
Saxlanılanlardan iki nəfər azərbaycanlı qardaşlar Hüseyn və Ziyəddin Səfərovlar həyatını itirib.
Onların cəsədlərində döyülmə və işgəncə izləri aşkarlandığı bildirilir. Rusiya hüquq-mühafizə orqanlarının bu hərəkətlərinə cavab olaraq Azərbaycan hakimiyyəti Bakıda 7 nəfər Rusiya vətəndaşını saxlayıb.
Həbs olunanlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etmə kimi müxtəlif maddələr irəli sürülüb.
Rusiya mətbuatı isə yazıb ki, onların sayı 10 nəfərdir və aralarında turist və iş adamları da var.
Tərəflər baş verənlərlə əlaqədar bir-birinə qarşılıqlı nota veriblər.