Rusiya və Ukrayna bir-birini kütləvi hücumlarda ittiham edir

Kropivnitskdə PUA zərbəsinin dəydiyi yer. Foto: Ukrayna FNH

Hər iki tərəf martın 20-nə keçən gecə “müharibə başlayan gündən ən kütləvi dron hücumlarına” məruz qaldıqlarını bildirir

Martın 20-nə keçən gecə Rusiya qoşunları müxtəlif tipli 171 pilotsuz uçuş aparatı ilə Ukraynaya zərbələr endirib. Bu haqda məlumjat verən Ukrayna Hərbi Hava Qüvvələri onların əksəriyyətinin zərərsizləşdirildiyini bildirir.

Məlumata görə, Xarkov, Poltava, Sumı, Çerniqov, Çerkassı, Kiyev, Jitomir və başqa vilayətlərdə 75 PUA vurulub.

Pilotsuz uçuş aparatının hücumu nəticəsində Kirovoqrad vilayəti zərər çəkib. Kropivnitski vilayət mərkəzində də mülki infrastruktura ziyan dəydiyi, həmçinin 4-ü uşaq olmaqla 10 yaralının olduğu barədə məlumatlar var.

Sumi Şəhər Hərbi İdarəsinin məlumatına görə, dron hücumu nəticəsində şəhərin infrastrukturuna da zərər dəyib, Zaporojyedə isə iki nəfər yaralanıb.

Rusiyanın Saratov vilayətinin də “müharibə başlayan gündən ən kütləvi hücum”a məruz qalması barədə məlumatlar var. Engelsdəki hərbi aerodromun vurulduğu bildirilir.

Vilayətə hücum barədə Saratovun qubernatoru Roman Busargin məlumat verib.

Onun sözlərinə görə, bu, Saratov və Engelsin məruz qaldığı “ən kütləvi PUA hücumu” idi. Nəticədə Engels şəhər xəstəxanasının, iki uşaq bağçası və məktəbin şüşələri sındırılıb. Xəstəxanada bir qadının da yaralandığı bildirilir. Engelsdə məktəblilər distant təhsilə keçirilib.

Eyni zamanda Rusiyanın Teleqram kanalları yazır ki, Engelsdə yerli sakinlər Engels-2 aerodromundan təxminən 10 kilometr aralıda yerləşən “3-cü Letnıy Qorodok” mikrorayonunda qara tüstünün qalxdığını görüblər.

Ana səhifəSiyasətRusiya və Ukrayna bir-birini kütləvi hücumlarda ittiham edir