Rusiya Paşinyandan Ermənistana qarşı olan ölkələrin adını çəkməyi tövsiyə edir

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Mariya Zaxarova: “Həmin ölkələrin adlarını çəkmək tamamilə məntiqli olardı”

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də parlamentdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə səsləndirdiyi açıqlamaya reaksiya verib.

Baş nazir demişdi ki, KTMT-dəki müttəfiqləri 44 günlük müharibənin hazırlanmasında iştirak ediblər:

Mən ən azı iki KTMT ölkəsini tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Onlar bizə kömək etmək imitasiyasını yaradıblar. Ancaq o müharibə Dağlıq Qarabağla yox, Ermənistanla bağlı olub”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Paşinyana həmin ölkələrin adlarını çəkməyi tövsiyə edib:

Həmin ölkələrin adlarını çəkmək tamamilə məntiqli olardı, əgər söhbət belə ciddi bəyanatlardan gedirsə, gəlin bunu rəsmi Yerevanın öhdəsinə buraxaq”.

Mariya Zaxarova. Foto: Meydan TV

Rusiya Ermənistanın “tərk edilmiş və unudulmuş hiss etməməsi” üçün əlindən gələni edib. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Moskva atəşkəs üçün ən fəal siyasi və diplomatik səyləri göstərib”,– deyə Zaxarova əlavə edib.

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamamışdı.

Mayın 8-də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) maliyyələşdirməni dayandırdığını açıqlayıb.

2024-cü ilin fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəDünyaRusiya Paşinyandan Ermənistana qarşı olan ölkələrin adını çəkməyi tövsiyə edir