Rusiya ordusunun Baş Qərargah rəisinin müavini saxlanılıb

Vadim Şamarin. Foto: Rusiya MN

General-leytenant rüşvət almaqda ittiham olunur

Rusiya Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarinin saxlanıldığı bildirilir.

Bu barədə mayın 23-də “İnterfaks” Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Vadim Şamarin axtarışa verilib, daha sonra İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə dindirilmək üçün aparılıb.

Vadim Şamarinin işinə baxan 235-ci Qarnizon Hərbi Məhkəməsi RBC-yə bildirib ki, o, mayın 22-də həbs edilib.

TASS-nin yazdığına görə, Vadim Şamarin böyük miqyasda rüşvət almaqda ittiham edilir, irəli sürülən ittiham (Cinayət Məcəlləsinin 290-cı maddəsi (xüsusilə külli miqdarda rüşvət alma) 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq Komitəsi Şamarinin həbsi barədə açıqlama verməyib.

Son 2 həftədə Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinə qarşı bir neçə cinayət işi açılıb.

Aprelin sonunda müdafiə nazirinin müavini Timur İvanov Moskvada rüşvət almaqda ittiham edilərək həbs edilib.

May ayında Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov da rüşvət almaqda ittiham olunaraq həbs edilib.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyini tənqid edən 58-ci Ordunun keçmiş komandiri İvan Popov dələduzluq işi üzrə həbs edilib.

2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktları ilə bağlı saxlanılıb.

O, dələduzluqda və rüşvət almaqda ittiham olunub.

2022-ci ildə “Kommersant” Arslanovun işinə bağlı qapılar arxasında baxılacağını yazıb.

Ana səhifəDünyaRusiya ordusunun Baş Qərargah rəisinin müavini saxlanılıb