“Ermitaj” və “Tretyakov”un üç furqonu Finlandiya sərhədində saxlanılıb

“Tretyakov”. Foto: Phuong D. Nguyen/shutterstock

Qaleriyaların rəsmlərinin Avropa Birliyinin sanksiyalarına görə saxlandığı bildirilir

Rusiyanın “Ermitaj” və “Tretyakov” qalereyalarının eksponatları Finlandiya gömrüyündə saxlanılıb.
Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.

Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.

Məsələ ilə bağlı ilkin araşdırmalara başlanıldığı deyilir.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rəsm əsərlərinin sərhəddə yaranan problemin Aİ-nin sanksiyaları səbəbindən yarandığını deyib.

“Geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir. Amma ümid edirəm ki, xaricə aparılan bütün əşyalar vaxtında Rusiya Federasiyasına qayıdacaq”, – Şvıdkoy bildirib.

Rusiya Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub ki, Finlandiya ilə sərhəddə saxlanılan eksponatlar İtaliyada keçirilən iki sərgidə nümayiş olunmaq üçün ölkədən çıxarılıbmış.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.
Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyət“Ermitaj” və “Tretyakov”un üç furqonu Finlandiya sərhədində saxlanılıb