Rusiya ən azı 10 Şimali Qafqaz milli təşkilatını “ekstremist və terrorçu” elan edib

Foto: OC Media

Həmin təşkilatların fəaliyyəti qadağan olunub

İyulun 25-də Rusiya Ədliyyə Nazirliyi “ekstremist təşkilatlar” siyahısını yeniləyib.

Bundan öncə, iyunun 7-də Rusiyanın Ali Məhkəməsi “Rusiyaya Qarşı Separatçı Hərəkat”ı ekstremist təşkilat elan edilməsi ilə bağlı qərardad çıxarıb.

Həmin vaxt hərəkatın “Rusiyanın çoxmillətli birliyini və ərazi bütövlüyünü pozmaq üçün beynəlxalq ictimai hərəkat” kimi təsvirindən və ona aid olan təşkilatların siyahısından başqa, nəyə istinad etdiyi ilə bağlı heç bir izahat verilməmişdi.

“OC Media”nın yazdığına görə, dörd gün sonra federal maliyyə monitorinq xidməti təşkilatları Dağıstan, Çeçen, İnquş və Çərkəz milli birlikləri də daxil olmaqla “ekstremistlər və terrorçular” siyahısına əlavələr edib. Təşkilatların siyahıya salınması onların fəaliyyətinə dərhal qadağa qoyulmasına səbəb olur.

Şimali Qafqaz təşkilatlarına Çərkəz Konqresi, Çərkəz Mədəniyyət Mərkəzi, Birləşmiş Çərkəz Şurası, İçkeriya İnsan Hüquqları Mərkəzi, Azad Çərkəz Hərəkatı, İnquş İstiqlal Komitəsi, Sürgündə olan Çeçenistan İçkeriya Respublikası hökuməti, Dünya Çeçeni daxil idi. Konqres, Dağıstan Milli Mərkəzi, Azad Dağıstan və Qafqaz Birliyi də bu qəbildəndir.

İnquşiyanın Müstəqillik Komitəsinin üzvü Maqomed Toriyevin sözlərinə görə, bu addım müstəqillik döyüşçülərinə təzyiq göstərmək məqsədi daşıyır.

“Mən hesab edirəm ki, bu qərar Rusiyanın milli-azadlıq hərəkatlarına qarşı mübarizə üçün hüquqi baza hazırlaması ilə bağlıdır, amma belə demək mümkünsə, Rusiya hüququ müstəvisində”, – Toriyev “OC Media”-ya bildirib.

“Başqa ölkələrin daxili işlər nazirliklərini Rusiyadan öz xalqlarının müstəqilliyi uğrunda döyüşənlərlə bağlı çoxsaylı müraciətlərlə bombalamaq və onların ekstradisiyasını tələb etmək, sonra açıq məhkəmələr və Rusiya dövlətinin qüdrətinin nümayişi. Şübhəsiz ki, bu insanlara böyük cəzalar veriləcəkdir”.

Birləşmiş Çərkəz Şurasının baş katibi Mustafa Canbek də eyni şəkildə Rusiyanın həm ölkə hüdudlarından kənarda, həm də öz daxilində fəallara təsir göstərməyə çalışdığını ehtimal edir.

“Hazırkı addım həm də vətəndə yaşayan çərkəzlərin və ya diasporun müstəqillik ideyasını mənimsəməsinin qarşısını almaq üçün atılan addım kimi də qiymətləndirilə bilər. Müstəqillik ideyasının güclənməsini bir müddət ləngitsələr də, bundan sonra bu ideyanın kütlə tərəfindən mənimsənilməsinin qarşısını ala bilməyəcəklər. Bunun qarşısını nə rusiyayönlü çərkəz təşkilatları, nə də terroru metod olaraq qəbul edən FSB kimi Rusiya qurumları ala biləcək”, – deyə Canbek bildirib.

Təşkilatların üzvləri və rəhbərləri artıq 6 ildən 10 ilədək həbslə hədələnən “ekstremist təşkilatın fəaliyyətini təşkil etmə” maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Lakin Canbek və Toriyev qadağanın onların işinə təsir etməyəcəyini iddia edirlər.

“Bu, heç bir şəkildə fəaliyyətimizə təsir etməyəcək”, -Toriyev deyir.

“Rusiyanın müstəqilliyi müdafiə edən insanları öldürmək üçün güc əməliyyatlarına başlaması istisna olmaqla, bu gün işimizə təsir etmək üçün heç bir yol görmürəm. Rusiyanın hüquqi müstəvisində hazırda başqa heç nə edilə bilməz, yalnız fiziki aradan qaldırılması lazımdır”.

Təşkilatların ekstremist elan edilməsi qərarı Ukrayna parlamentinin Kiyevin Rusiyadakı milli hərəkatlarla bağlı siyasəti haqqında qanun layihəsini təqdim etməsindən sonra verilib.
Canbek düşünür ki, Ədliyyə Nazirliyinin bəyanatı Ukrayna qanun layihəsi və Ukraynanın Rusiya milli təşkilatları ilə uzunmüddətli işi ilə bağlı ola bilər.

“Bu yolla Rusiya Ukraynanı beynəlxalq platformalarda terror təşkilatları ilə əməkdaşlıq edən dövlət kimi təqdim etmək istəyə bilər”, – o deyir.

Toriyev hesab edir ki, bunun birbaşa əlaqəsi yoxdur. Lakin o, Ukrayna qanun layihəsinin bu qərarın qəbulu prosesini sürətləndirə biləcəyini düşünür.

Canbek də bu addımın hər halda gözlənilməz olmadığını bildirir.

“Bu mühitdə insanların öz hüquqlarını müdafiə etmək üçün mübarizə apararkən “təhdid” kimi təyin olunması təbiidir”, – Canbek deyir.

“Şuramız bir çox milli hərəkatlarla əməkdaşlığı inkişaf etdirib və biz həmrəylik içində mübarizəmizi davam etdiririk. Biz bir-birimizi başa düşürük və rus zülmünün nə olduğunu ən yaxşı bilən insanlar olaraq bir-birimizi başa düşmək bizim üçün çətin deyil. Çünki Rusiya işğal etdiyi bütün xalqlar üçün ekzistensial təhlükədir”.

“Bu təhlükəni görənlər rus imperializminə qarşı mübarizə aparırlar. Bu təhlükəni görmək istəməyənlər, sadəcə olaraq, ona göz yuma bilməyəcəkləri günü gözləyirlər”.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərRusiya ən azı 10 Şimali Qafqaz milli təşkilatını “ekstremist və terrorçu” elan edib