Sergey Markedonov: ”Qarabağın Ermənistanla sərhədi olsaydı münaqişə qısa zamanda həll edilərdi”
“Sovetlər İttifaqı dövründə Dağlıq Qarabağ anklav olub. Bu anklavın Ermənistanla sərhədi olmayıb. Əgər olsaydı, məsələni qısa zamanda həll etmək olardı”.
“Yenicag.az”
saytının məlumatına görə, bunu Rusiya Dövlət Humanitar Universitetinin dosenti, tanınmış rusiyalı politoloq, qafqazşünas alim Sergey Markedonov Rusiya Xalqlar Dostluğu universitetində keçirilən “Dağlıq Qarabağda münaqişənin 30 illiyi” adlı dəyirmi masada çıxışında bildirib.
O, problemin həlli üçün mövcud olan Madrid prinsiplərinə toxunaraq deyib ki, orada Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik məqsədi ilə birləşdirilməsi, yəni dəhlizin yaradılması açıq yazılıb.
“Sual yaranır ki, bu dəhlizin uzunluğu nə qədər olacaq. Bu dəhliz Laçından olacaq, yoxsa həm Laçından, həm də Kəlbəcərdən olacaq. Ona görə də, Madrid prinsiplərində çox “kal” məqamlar var”, S.Markedonov deyib.
Rusiyada çoxlu sayda erməni və azərbaycanlıların yaşadığını vurğulayan politoloq deyib ki, rəsmi Moskva üçün münaqişənin nizamlanması olduqca vacibdir.
O xatırladıb ki, Rusiyada olan ermənilərin sayı Ermənistanda olan ermənilərin sayından çoxdur və Dağlıq Qarabağ münaqişəsi bu diasporalar üçün də həssas nöqtədir.
Rusiya münaqişənin həllini tələsdirməyə çalışmır
S.Markedonov bildirib ki, tərəflərdən birinin münaqişədə tam qələbəsi Rusiyaya sərf etmir:
“Münaqişələrin nizamlanması o zaman tam uğurla bitir ki, ya tərəflərdən biri qalib olur, ya da güzəşt olunur. Rusiya münaqişənin nizamlanmasının tərəflərdən birinin tam qalibiyyəti ilə bitməsi variantının əleyhinədir. Çünki, bu variant Rusiya üçün risklər yaradır. Biz, bunu 2016-cı ilin aprel döyüşlərində aydın müşahidə etdik”.
Onun sözlərinə görə, məhz bu səbəbə görə, Rusiya münaqişənin həllini tələsdirməyə çalışmır və bunu istəmir.
Bundan başqa politoloq deyib ki, Rusiyaya münaqişənin güc, silah yolu ilə həll edilməsi heç cür sərf etmir.
“Bu, Rusiyanın cənub sərhədində müharibə ocağının alovlanması riskidir. Digər tərəfdən isə bu, Rusiyanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün inteqrasiya layihələrinin şübhə altına alınmasıdır”.
İndiki situasiya Rusiyanı təmin edir
Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV üçün Sergey Markedonovun çıxışını şərh edərkən deyib ki, Rusiya və Qərbin tərəflərə təsir edə bilməməsi haqda fikirlərini bölüşmür:
“Əslində, Sergey Markedonov bu çıxşıyla indiki situasiyanın hələlik Rusiyanı təmin etdiyi mesajını verib. Bugün Rusiyanın qarşısında çox problemlər var, Moldova, Ukrayna, Suriya və s. Belə münaqişələrə cəlb olunmuş bir dövlət kimi Rusiyanın resurslarlının məhdudluğunu nəzərə alsaq, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti ona sərf edir. Qərb də qüvvələr nisbətinin dəyişdirilməsində çox ciddi addımlar atmır”.
Rauf Mirqədirov hesab edir ki, Kreml hazırda gerçək və pozitiv təklif vermək iqtidarında deyil. Bununla da Rusiya ilə bir yolun yolçusu olmaq yoxsulluq deməkdir:
“Markedonovun 16 aprel əməliyyatlarını xatırlatması Rusiyanın tərəflərə bundan sonra hərbi vasitələrə əl atmağına imkan verməyəcəyinin mesajıdır. Markedonov bu barədə danışanda bir tərəf qalib gəlir ifadəsini işlədir, qalib gəlmək məğlubiyyətin etirafıdır”.
Onun fikrincə, Azərbaycan-Ermənistan münaqişəsinin xüsusiyyəti ondan ibarətdir ki, birinci müharibə zamanı ərazilər işğal olunub, amma Bakı məğlubiyyətini etiraf etməyib, atəşkəs elan olunub.
“Atəşkəs haqda müqavilə məğlubiyyətin etirafı və kapitulyasiya deyil, həm də tərəflərdən biri istədiyi vaxt atəşkəs rejimindən çıxa bilər. Atəşkəsin müddətsiz olması o deməkdir ki, əgər tərəflərin başqa fikri yoxdursa, müqaviləni hər il təsdiq etmək zərurəti yoxdur”.
Siyasi icmalçı hesab edir ki, münaqişədə Ermənistanın özünü qalib hiss edə bilməməsi onun üçün çox ciddi problemdir. O qeyd edib ki, bu münaqişə Ermənistanı xarici qüvvələrdən asılı edib və inkişafını ləngidib.
Dağlıq Qarabağ anklav deyil
O, Sergey Markedonovun Madrid Prinsiplərini kal adlandırmasını doğru hesab etmir:
“Çünki ümumi müddəalarda detallar nəzərdə tutulmur. Bunlar həll variantını işləyib hazırlamaq üçün təklif olunan ümumi müddəalardır, yəni münaqişənin həllinin təxmini çərçivəsini müəyyən edir. Detalları danışıqlar masasında razılışırlar”.
R.Mirqədirov vurğulayıb ki, Dağlıq Qarabağ anklav deyil. O xatırladıb ki, anklav deyəndə bir dövlətin ərazisində olub digər dövlətə məxsus olan ərazi nəzərdə tutulur.
“Dağlıq Qarabağ müəyyən bir etnik azlığın yaşadığı ərazidir. Dünyada çoxlu belə misallar var, problem həmin ərazidə yaşayan insanların haqlarının müdafiəsidir və həmin dövlətdə yaşamaq istəkləridir.
Kommunikasiya məsələlərini müxtəlif varinatlarda həll etmək mümkündür. Hazırda Ermənistanla Dağlıq Qarabağ arasında kommunikasiya məsələləri müzakirə olunduğundan iki rayon – Kəlbəcər və Laçın – məsələsi ortalığa çıxıb. Kommunikasiyanın yaradılması necə olacaq sualına gəlincə, əgər Dağlıq Qarabağın yekun statusu razılaşdırılarsa, bunlar problem deyil. Məsələnin həllinə maneçilik yaradan da statusdur ki, burada tərəflərin mövqeyi diametral ziddir”.