“Rusiya bazarına yumurta “qızıl yumurta” qiymətinə gedib çıxacaq”

Yerli istehsalçılara Rusiyaya quş əti aparmaq sərfəli deyil

Source:


Yerli istehsalçılara Rusiyaya quş əti aparmaq sərfəli deyil

Kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzlərinin yaradılmasını planlaşdırır. Nazirin dediyinə görə, Rusiya bazarına quş əti və toyuq yumurtasının tədarükünün genişləndirilməsi də nəzərdə tutulub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun Facebook səhifəsində nazirin açıqlamasına ilk reaksiyası “Özünə umac ova bilmir, başqasına əriştə kəsir…” şəklində olub.

V.Məhərrəmov bildirib ki, Azərbaycan heç özünün ət və ət məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. O,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasını əsas gətirərək deyib ki, adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda, Rusiya adambaşına 60, Azərbaycan isə cəmi 32 kiloqram ət istehsal edir. Bu da Azərbaycanda ət və ət məhsullarına olan tələbatın 38 faizi deməkdir.

Mütəxəssisin sözlərinə görə, Rusiya hökuməti alıcılıq qabiliyyətini artırmaq hesabına əhalinin beynəlxalq normaya uyğun qidalanmasını təmin etməyə çalışır. Rusiya hökuməti adambaşına ət və ət məhsulları istehlakını 74 kiloqrama çatdırmaqla beynəlxalq normaya yaxınlaşdırıb. Azərbaycanda isə istehlak olunan ət və ət məhsulları qonşu ölkənin göstəricisindən 2 dəfədən də çox aşağıdır. Ölkədə adambaşına 33,8 kiloqram ət və ət məhsulları istehlak olunur ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normanın 40 faizi qədərdir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakının müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır. Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Üçüncüsü, konkret olaraq quş əti ilə bağlıdır. Rusiyada il ərzində adambaşına quş əti istehsalı 24 kiloqram təşkil edir. Bizdə isə bu göstərici 2 dəfədən də çox aşağıdır. Azərbaycanda adambaşına quş əti istehsalı 10 kiloqram civarındadır. Rusiya bazarlarında quş ətinin qiyməti də bizdəkindən xeyli ucuzdur. Rusiyada əhalinin orta aylıq əməkhaqqı, alıcılıq qabiliyyəti Azərbaycandakından xeyli yüksək olduğu halda, bu növ ərzaq məhsullarının qiyməti bizdən təxminən 2 dəfə ucuzdur. Qonşu ölkənin pərakəndə satış obyektlərində kateqoriyasından asılı olaraq, milli valyutamıza çevirəndə 1,1-2,2 manata təklif olunan quş əti bizim bazarda 2,9-3,6 manata satılır. Azərbaycan bazarında quş ətinin bu qədər baha qiymətə təklif olunması təkcə quş əti istehsalının, idxalının dövlət məmurları tərəfindən inhisara alınması, qiymətin onlar tərəfindən diktə olunması ilə bağlı deyil. Ölkəmizdə quş ətinin qiyməti həm də ona görə bahadır ki, quşçuluqda istifadə olunan istehsal vasitələri – texnoloji avadanlıqlar, yem komponentləri, genetik materiallar, damazlıq quşlar, yumurta və s. xaricdən idxal edilir. Hətta bir çox istehsal vasitələri Rusiyadan idxal olunur. Bu kimi səbəblərdən Azərbaycanda quş ətinin istehsal xərcləri qonşu ölkədə istehsal olunan analoji məhsulların istehsal xərclərindən yüksəkdir. Onu da xüsusi qeyd etməliyəm ki, artıq Rusiya quş əti istehsalında bir sıra inkişaf etmiş ölkələri qabaqlayır. Rusiyada quş əti istehsalı çox ucuz başa gəlir”.

Mütəxəssis yumurta məsələsinin də çox ciddi olduğunu deyib: “Yumurtanın qiymətinin tez-tez dəyişməsi, bu sahədə kartel sövdələşməsinin olmasını dövlət başçısı da qeyd etmişdi. Hələ 2011-ci ilin mart ayında prezident İlham Əliyev məlum müşavirədə yumurtanın bahalaşmasını inhisarçılıqla izah etmişdi. Yumurtanın qiymətinin tez-tez dəyişməsi yenə baş verir. Ona görə ki, ölkədə istehsal olunan yumurta tələbatın tən yarısı qədərdir. Ümumdünya Səhiyyə Təşkilatının adambaşına müəyyən etdiyi istehlak normasını nəzərə alsaq, il ərzində ölkədə 2,8 milyard ədəd yumurta istehsal olunmalıdı. Amma Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, keçən il ölkədə 1,4 milyard ədəd yumurta istehsal olunub. Bu da il ərzidə adambaşına müəyyən edilən normanın yarısı qədərdir. Rusiyada il ərzində adambaşına yumurta istehsalı 294 ədəd olduğu halda, bizdə bunun yarısından da az – 143 ədəd istehsal olunub. Hətta bunu da Azərbaycan əhalisinə çox görənlər var. Ancaq narahat olmağa dəyməz. Onların bu arzularının reallaşması mümkün görünmür. Rusiyada toyuq yumurtasının 1 ədədi bizim milli valyuta ilə 6-8 qəpiyə təklif olunur. Azərbaycan bazarlarında isə toyuq yumurtasının qiyməti hələ ki, 10-12 qəpik civarında dəyişir. Qiymətlərdən də göründüyü kimi, Azərbaycandan Rusiyaya yumurta ixrac etmək bizim sahibkarlara fayda verməz. Əlbəttə, hər iki ölkənin bazarlarındakı mövcud qiymət fərqindən başqa, ixracı həyata keçirmək üçün nəqliyyat, gömrük və digər xərclər tələb olunur. Bütün bunları da nəzərə alsaq, Rusiya bazarına yumurta çox yüksək qiymətə – “qızıl yumurta” qiymətinə gedib çıxacaq. Odur ki, bu məsələ ilə bağlı söylənilən fikirlərin də absurd olduğunu sübut etməyə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yumurta istehlakı ilə də bağlı məsələyə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında yer verilib. Hesabatda qeyd edilir ki, Azərbaycanda yumurta norması 280 ədəd müəyyənləşdiyi halda, bunun yarısından da az – 131 ədəd istehlak edilir. Düşündürücü deyilmi? Başqasına “əriştə kəsmək” istəyənləri görəsən, bu göstərici narahat etmirmi?”.

Vahid Məhərrəmov nazirin bu təşəbbüsdə bulunmasında başqa məqamlar olduğuna toxunub: “Bir çox məmurun ölkədə münbit torpaq ərazilərini, emal müəssisələrini öz əllərində cəmləşdirməsi, “aqroparklar yaratmaq” adı ilə kənd təsərrüfatı məhsulunun tədarükünü, saxlanmasını, logistikasını tam öz nəzarətlərinə götürməsi ciddi narahatlıq yaradır. Yəqin indi də “qonşu ölkələrdə milli kənd təsərrüfatı mərkəzlərinin yaradılması” adı altında gələcək bizneslərini genişləndirmək niyyətindədilər. Şübhəsiz ki, inşası baş tutduqdan sonra həmin milli kənd təsərrüfatı mərkəzlərini də özəlləşdirməyə çalışacaqlar. Bu yolla hakimiyyət daxilində bəzi qüvvələr strateji əhəmiyyət kəsb edən sahələri ələ keçirməklə, gələcəyə hesablanmış ciddi üstünlüklər əldə edəcəklər. Bu, təkcə iqtisadi deyil, həm də siyasi məsələdir. Hökumət daxilində böyük iqtisadi potensiala malik “monstrların” yaranması gələcəkdə iqtisadiyyatımız üçün çox ciddi problemlər yarada bilər. Kənd təsərrüfatı nazirinin son zamanlar qonşu ölkəyə torpaq sahələrinin uzunmüddətli icarəyə verilməsi, indi də Rusiya şəhərlərində, regionlarında milli kənd təsərrüfatı mərkəzlərinin yaradılması və s. kimi təşəbbüslərlə çıxış etməsi onun rəhbərlik etdiyi qurumun daha vacib işlərlə məşğul olmalı olduğunu yada salmağı zəruri edir. Kənd Təsərrüfatı Nazirliyinə vəzifə və hüquqlarını bir daha xatırlatmaq yerinə düşərdi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında 2005-ci ildə qəbul olunmuş Əsasnamədə bu qurumun vəzifələri, funksiyaları müəyyən edilib. Bu sənəddə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; baytarlıq, bitki mühafizəsi sahəsində istehsalçılara zəruri xidmətlərin göstərilməsi; aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; islahatların aparılması; sahənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək; aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq və s. kimi mühüm vəzifələr qoyulmuşdu. Nazirlik qarşısında görüləcək bu qədər vacib işlər olduğu halda, olmayan toyuq ətini, yumurtanı satmaq üçün digər ölkələrdə milli kənd təsərrüfatı mərkəzlərinin yaradılması təşəbbüsü ilə çıxış etmək həqiqətən də absurd görünür”.

Ana səhifəXəbərlər“Rusiya bazarına yumurta “qızıl yumurta” qiymətinə gedib çıxacaq”