Rusiya-Azərbaycan münasibətlərində “əl əli yuyar, əl də üzü” prinsipi

Rusiya-Azərbaycan. Foto: OnePixelStudio/shutterstock

Bu aylarda Rusiya–Azərbaycan münasibətləri ilə bağlı iki əsas xəbər xətti medianın gündəmindədir: Birincisi, Rusiyada yaşayan azərbaycanlı iş adamlarına qarşı artan təzyiqlər; İkincisi isə Azərbaycana məxsus gəmilərinə rus neftini qeyri-leqal daşıması ilə bağlı tətbiq olunan sanksiyalardır.

Bu yaxınlarda Avropa İttifaqı, Azərbaycan dövlətinə məxsus “Zəngəzur”, “Şuşa” və “Qarabağ” gəmilərinə rus neftinin daşınmasında iştirak etdiklərinə görə sanksiyalar tətbiq edib. Bununla yanaşı, Böyük Britaniya da BX Energy, Nord Axis LTD, 2Rivers/Coral Energy şirkətləri və Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Tələt Səfərov və Anar Mədətli adlı fiziki şəxsləri sanksiya siyahısına daxil edib.

Belə görünür, Moskva üçün sanksiyalardan yayınmaqda Azərbaycan bir “nəfəslik” rolunu oynayır. O zaman Rusiyanın azərbaycanlı iş adamlarına qarşı başlatdığı bu “səlib yürüşü” nəyə xidmət edir?

Azərbaycan–Rusiya münasibətlərində gərginlik “AZAL” aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra kəskinləşdi. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə bağlı mediaya verdiyi açıqlamada Rusiya tərəfinin həlak olanların ailələrinə və yaralanan şəxslərə, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödəməli olduğunu bildirib. Əks halda, beynəlxalq ədliyyə sisteminə müraciət ediləcəyini bəyan edib.

Lakin Rusiya, nəinki, təyyarənin vurulmasını etiraf edir və təzminat ödəməyə razı olur, əksinə, Bakıya qarşı bir növ “müharibə” elan edir. Hazırda əsas hədəf kimi Rusiyanın müxtəlif əyalətlərində çalışan azərbaycanlı miqrantlar və oradakı diasporaya bağlı iş adamları seçilib. Onların arasında həbs edilənlər, barələrində cinayət işi açılanlar, obyektlərində yoxlamalar aparılanlar var.

İki ölkə arasındakı münasibətlərdə bu gərginlik iqtisadi sahələrə də sıçrasa, daha çox kim zərər görəcək; Azərbaycan, yoxsa Rusiya?

Ən böyük ticarət partnyoru

Bildiyimiz kimi, qonşu Rusiya strateji müttəfiq olmaqla yanaşı, Azərbaycanın ən böyük ticarət və iqtisadi partnyorları sırasında ilk üçlükdə yer alır. Hətta bəzi məhsulların idxalında Azərbaycanda məhz bu ölkədən asılıdır.

Xarici ticarət dövriyyəsi ilə bağlı statistikanı araşdırdıqda, Azərbaycanın Rusiya bazarına daha çox ehtiyac olduğunu demək olar. 2024-cü ildə bu ölkə ilə ümumilikdə 4,8 milyard dollar ticarət əməliyyatları aparılıb. İtaliya və Türkiyədən sonra Rusiya 10 faiz payla Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı hesab olunur. Hətta qeyri-neft sektorunda Rusiyaya ixrac olunan məhsullar 34,6 faizlə ilk sırada qərarlaşır.

2025-ci ilin əvvəlindən rəsmi Moskva və Bakı arasında siyasi gərginlik yaransa da, yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artıb. Bu artım idxal 24 faiz, ixrac 1,7 faizi özünü göstərib. İdxaldakı yüksəlişin səbəbləri arasında bir tərəfdə Rusiyadan enerji daşıyıcılarının (neft və qaz) idxalının artması durursa, digər tərəfdə bəzi məhsullar üzrə əsas təchizatçı ölkə olması yer alır.

İxraca gəldikdə isə, qeyri-neft sektoru üzrə məhsulların əsas alıcısı məhz Rusiyadır. Azərbaycanın hələ ki, bu bazarı əvəz edəcək alternativi yoxdur. Qeyri-neft məhsulları üzrə şimal qonşumuz Azərbaycanın əsas ixrac bazarı olaraq qalır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın illik taxıl tələbatının təqribən 40 faizi idxal hesabına ödənilir və bu, illik 1,3 milyon ton buğda deməkdir. 2024-cü ildə idxal olunan buğdanın 1,16 milyon tonu və ya 90,2 faizi Rusiya hesabına təmin olunub. Lakin 2025-ci ildə Rusiyadan taxıl idxalı kəskin azalıb. Belə ki, ilin ilk 5 ayında buğdanın 88 faizi  Qazaxıstandan idxal olunub. Bu azalma Rusiya tərəfindən taxıl ixracına qoyulan limitlə bağlıdır.

Ümumiyyətlə, Rusiya Azərbaycanın ixracında 3-cü, idxalında isə 2-ci yerdə qərarlaşır. Lakin Rusiyanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı cəmi 0,6 faiz təşkil edir və bu da onu ilk onluğa belə daxil etməyə yetmir. 710 milyard dollardan artıq illik ticarət dövriyyəsi olan Rusiya üçün Azərbaycanın 4,8 milyard dollarlıq dövriyyəsi kiçik rəqəmdir.

Rusiyanın həm ərzaq məhsullarımızın ixracı, həm də idxalı üçün əsas bazar olması nəzərə alınsa, rəsmi Bakı bu istiqamətdə alternativ bazarları asanlıqla tapa bilərmi?

Ekspert Vahid Məhərrəmli Meydan TV-yə verdiyi açıqlamada bildirir ki, mövcud qeyri-müəyyənlik bizə diktə edir ki, öz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Bunun üçün də keyfiyyətli yerli istehsala önəm verilməlidir.

“Ölkələr çalışır ki, özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını daxildə qarşılasın. Məsələn, Rusiya özü də pomidor istehsal edir, eyni zamanda Özbəkistan, Türkiyə və İrandan da bu məhsulu alır. Əsas məsələ məhsulun rəqabətqabiliyyətli və keyfiyyətli olmasıdır. Azərbaycan keyfiyyətli məhsul istehsal edə bilmədiyindən, bazarlara çox da çıxa bilmir. Onun sözlərinə görə, məsələn, Özbəkistanın istehsal etdiyi pomidor keyfiyyət baxımından üstün olduğundan, Rusiyada Azərbaycan pomidorundan iki dəfə baha qiymətə satılır. Rusiyanın özünün istehsal etdiyi pomidorlar bizim məhsullardan həm bahadır, həm də keyfiyyətlidir. Yeni bu məhsulların hamısı eyni mövsümdə bazara çıxır və fərqli qiymətə satılır. Biz bu məhsulu hansı bazara çıxara bilərik? Örtülü təsərrüfat yaratmaq texniki baxımdan problem deyil. Dünyanın istənilən ölkəsində istixana şəraitində pomidor, xiyar və digər tərəvəzlər istehsal etmək mümkündür. Amma əsas məsələ keyfiyyətli və tələbə uyğun məhsul istehsalıdır”,- deyə ekspert vurğulayır.

V.Məhərrəmli əlavə edir ki, daxili bazarda da balanssızlıq mövcuddur:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

“Hazırda 800 milyon dollarlıq yeyinti məhsulu ixrac edirik, amma eyni zamanda 2,5 milyard dollarlıq ərzaq məhsulu idxal edirik. Bu idxalın bir hissəsini daxildə istehsal etmək mümkündür. Biz yüksək kalorili məhsulları baha qiymətə idxal edirik, amma elə məhsulları lazımlı-lazımsız istehsal edirik ki, daxili bazarda tələbat hər zaman yüksək olmur. Məsələn, biz pomidor istehsalına həddən artıq önəm veririk, amma bu məhsul qışda o qədər də istehlak olunmur. Əgər Rusiyaya gedən 140 min ton pomidor daxili bazara yönlənsə, qışda qiymətlər 5-6 manat yox, 3 manat səviyyəsində ola bilərdi. Bu həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir. Daxili bazarda qiymət ucuz olanda istehlak artır, qiymət qalxdıqda isə əksinə, azalır. Azərbaycan məhsulları rəqabətqabiliyyətli olmadığı müddətcə alternativ bazarlar da dayanıqlı ola bilməz. Çünki problem bizim məhsulun özündədir”.

Alternativ bazarların olmamasına da diqqət çəkən Məhərrəmli deyir, hələ ki  Rusiya bizə ən yaxın ölkədir:

“Ən ucuz taxılı da bu ölkədən alırıq. Qazaxıstanın buğdası daha keyfiyyətlidir, lakin baha başa gəlir. Həm də orada məhsuldarlıq qeyri-sabitdir. Taxıl təchizatına görə Qazaxıstanın Azərbaycanda nümayəndəliyi var. Çox güman taxıl tədarükü ilə bağlı müqavilələr bağlanacaq. Digər ölkələrdən taxıl idxalı isə baha başa gəlir”.

Ekspert əlavə edir ki,  bir sıra məhsulların idxalında Rusiya bazarından asılıyıq:

“Bitki yağı, diri heyvanlar, un məmulatları kimi məhsulları, əsasən Rusiyadan idxal edirik. Bu məhsulların əvəzedicisini daha yaxın bir ölkədə tapmaq çətindir. Əgər biz Rusiyadan buğda idxalını dayandırsaq, onlar da bizim ixrac etdiyimiz məhsullara problem yarada bilər”.

Əl əli yuyar, əl də üzü

Ticarət dövriyyəsi ilə yanaşı, pul köçürmələri sahəsində də Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Rusiya-Ukrayna müharibəsindən sonra bu göstəricilərdə müəyyən azalmalar müşahidə olunsa da, Rusiya hələ də aparıcı mövqedədir.

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, Azərbaycandan Rusiyaya isə 58 milyon dollar həcmində vəsait köçürülüb. Beləliklə, ümumi pul köçürmələrinin təxminən 46 faizi Rusiyanın payına düşür və bu ölkə siyahının ilk sırasında yer alır.     

Bununla yanaşı, Azərbaycanda Rusiya kapitallı 1380 şirkət fəaliyyət göstərir. Onlardan təxminən 300-ü tamamilə Rusiya mənşəli investorların payına düşür. Rusiyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyaların ümumi həcmi 9,8 milyard ABŞ dolları təşkil edir. Bu investisiyalar əsasən neft-qaz sektoruna yönəlib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan Azərbaycana yönələn investisiyaların həcmi 2 dəfədən çox artıb. Müharibəyə və tətbiq olunan sanksiyalara qədər Rusiya kapitalının xarici investisiyalardakı payı 2,7 faiz idisə, bu rəqəm 2023-cü ildə 8 faizə yüksəlib. Nominal ifadədə isə Rusiya investisiyaları 2021-ci ildə 68 milyon dollar idisə, 2023-cü ildə bu rəqəm 178 milyon dollar olub.

Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasına baxmayaraq, bu kapital investisiya formasında artıb.

Azərbaycanın Rusiyaya yatırdığı sərmayələr isə əsasən dövlətə məxsus fondlar və iri şirkətlər vasitəsilə həyata keçirilir. Azərbaycan Dövlət Neft Fondu (SOFAZ), Rusiyanın “VTB” Bankında 2,95 faiz səhm sahibidir. Fondun bu banka yatırımı 500 milyon dollar, Rusiyadakı daşınmaz əmlaka yatırımı isə 133 milyon dollar təşkil edir ki, bu da Fondun daşınmaz əmlak portfelinin 2,2 faizini təşkil edir. Hazırda bu aktivlərin idarə olunması nəticəsində SOFAZ gəlir əldə edir.

Rus neftinə və qazına “nəfəslik”

2023–2025-ci illər ərzində Rusiya ilə enerji sahəsində əməkdaşlıq da əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın idxal etdiyi neft və qazın 90 faizindən çoxu Rusiyanın payına düşür. Hətta Azərbaycanın rus qazını Avropaya ötürdüyü ilə bağlı ittihamlar da irəli sürülür.

2024–2025-ci illərdə Azərbaycan Rusiyadan 1 milyard kubmetr qaz alıb. Bundan əlavə, SOCAR-ın Türkiyədəki “STAR” zavodu üçün tələb olunan neft də Rusiya vasitəsilə tədarük edilir.

Rus kapitallı “Lukoil” şirkəti “Cənubi Qafqaz Boru Kəməri” və “Şahdəniz-2” layihəsində 19,99 faiz paya malikdir. Eyni zamanda, Azərbaycanda yanacaqdoldurma məntəqəsi şəbəkəsi ilə fəaliyyət göstərir. “Tatneft”, “Rosneft” və SOCAR arasında da bir sıra ortaq layihələr və əməkdaşlıqlar mövcuddur.

Görünən odur ki, Rusiyanın iqtisadi üstünlüyü daha çoxdur və Azərbaycana təsir göstərmək üçün zamanla bu rıçaqlardan istifadə edə bilər. Dövlətlərarası münasibətlərdə gərginlik müşahidə olunsa da, təzyiq alətləri daha çox azərbaycanlı miqrantlara və Rusiyadakı iş adamlarına yönəlir.

Ekspert Vahid Məhərrəmlinin fikrincə, hazırkı gərginliyin əsas səbəbi Rusiyanın Cənubi Qafqaz və Orta Asiyada əvvəlki təsir dairəsini qorumağa çalışmasıdır:

“Təxminən 5–6 il əvvəl, Rusiya Federasiyası Hökumətinin sədr müavini Dmitri Roqozin Bakıya səfəri zamanı Azərbaycan kəndlilərini daha çox meyvə-tərəvəz istehsal edərək Rusiyaya ixrac etməyə çağırış etmişdi. Bu çıxışın arxasında o dövrdə Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqolar dayanırdı. O zaman Azərbaycan hökumət nümayəndələri də tez-tez çıxış edərək Rusiyaya ixracın artırılmasının vacibliyindən danışırdılar. Həmin dövrdə istixana təsərrüfatlarının genişləndirilməsi üçün böyük vəsaitlər ayrılıb, lakin bu sektorla daha çox deputat, məmur oliqarxlar məşğul olmağa başladı”.

“Azərbaycan hökuməti Roqozinin çıxışından sonra meyvə-tərəvəz sektoruna külli miqdarda vəsait ayırdı. Sonradan Rusiyaya ixrac olunan məhsullar müxtəlif bəhanələrlə geri qaytarılmağa başladı. Ya məhsullarda nəsə tapılırdı, ya sərhəddə uzun müddət saxlanılıb yoxlanılırdı, ya da məhsul xarab olurdu.  Zaman-zaman Rusiyanın belə embarqo və yoxlamaları bizim kəndlilərə külli miqdarda ziyana səbəb olub”,- ekspert qeyd edir.

V.Məhərrəmli əlavə edir ki, təxminən 4 il əvvəl belə maneələr nəticəsində azərbaycanlı fermerlərə 49 milyon dollar ziyan dəyib:

Zərər çəkən sahibkarların çoxu bir daha bu işlə məşğul ola bilmədi. Hətta bu günə qədər borcunu qaytara bilməyən fermerlər var”.

Onun sözlərinə görə, indi də eyni prosesin baş verdiyi görünür:

“ İki dövlət arasında siyasi narazılıqların fonunda Rusiya yenidən təzyiqlərə başlayıb. Doğrudur, hazırda məhsullar sərhədi keçsə də, çoxsaylı və uzunmüddətli yoxlamalar aparılır, bəzi məhsullar isə geri qaytarılır. Bu, çox güman ki, ilk təzyiq dalğasıdır və onun davam edib-etməyəcəyi növbəti siyasi qərarlardan asılı olacaq”, – deyə ekspert bildirir.

Ana səhifəİqtisadiyyatRusiya-Azərbaycan münasibətlərində “əl əli yuyar, əl də üzü” prinsipi