Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı keçmiş separatçı qurumun “dövlət naziri” olmuş Ruben Vardanyan Azərbaycan məhkəməsinin hökmündən apellyasiya şikayəti verməkdən imtina edib. Bu barədə onun ailəsi bəyanat yayıb.
Ailənin açıqlamasında deyilir ki, bu qərar hökm ilə razılaşmaq anlamına gəlmir:
“Bu, müdafiədən imtina deyil. Bu, əvvəldən ədalət əlamətləri daşımayan prosesi legitimləşdirməkdən şüurlu imtinadır”.
Bəyanatda bildirilir ki, Bakıdakı məhkəmə “səhnələşdirilmiş proses” xarakteri daşıyıb və nə Vardanyana, nə də ailəsinə hökmün rəsmi yazılı mətni lazımi tərcümə ilə təqdim olunmayıb. Ailənin fikrincə, bu, prosessual hüquqların kobud şəkildə pozulmasıdır və hökmün əsaslarını anlamağı mümkünsüz edir.
Onların sözlərinə görə, apellyasiya yalnız “məhkəmənin səhvlərinin düzəldilməsi mümkün olan hallarda” məna daşıyır. Bu işdə isə apellyasiya şikayəti vermək “qanunsuz təqibi legitimləşdirmək” demək olardı.
Fevralın 17-də Bakı Hərbi Məhkəməsi Vardanyana sülh və insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində və Cinayət Məcəlləsinin digər maddələri üzrə təqsirli bilərək 20 il azadlıqdan məhrumetmə cəzası verib.
Fevralın 5-də Bakı Hərbi Məhkəməsində Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş rəhbərləri və onlarla birlikdə təqsirləndirilən şəxslər barəsində də hökm elan edilmişdi.
Məhkəmənin qərarı ilə keçmiş “prezident” Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib. Keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, “parlament sədri” Davit Ishkhanyan, “xarici işlər naziri” David Babayan və “müdafiə nazirinin müavini” David Manukyan də ömürlük həbs cəzasına məhkum edilib.
Keçmiş liderlər Arkadi Qukasyan və Bako Sahakyan üçün isə yaş amili nəzərə alınaraq ömürlük deyil, 20 il həbs cəzası alıb. Digər təqsirləndirilən şəxslərə isə 15 ildən 19 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilib.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. SSRİ-nin dağılması dövründə Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib.
1994-cü ildə əldə olunan atəşkəsdən sonra bölgədə faktiki olaraq tanınmayan separatçı idarəetmə formalaşıb. 2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan işğal altındakı ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatlardan sonra Qarabağdakı erməni silahlı qüvvələri tərksilah olunub və bölgə üzərində Bakı tam suverenlik elan edib. Həmin əməliyyatlardan sonra keçmiş separatçı rəhbərlər saxlanılaraq Bakıya gətirilib və məhkəmə qarşısına çıxarılıb.
2025-ci il avqustun 8-də isə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar.