“Biz hökumətə çağırış edirik ki, 12 ay və ondan az cəza müddəti qalan bütün məhbuslar azadlığa buraxılsınlar”
Azərbaycan
Ədliyyə Nazirliyi
martın 26-da 200 məhkumun vaxtından əvvəl azadlığa buraxılması haqqında məlumat yayıb.
Nazirlik bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu qərarın hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunduğunu, daha sonra cəza müddəti 6 ay və 9 ay qalanların da azad ediləcəyini deyib:
“Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.
Ancaq bu qərarın siyasi motivlərlə həbs olunanlara aid edilib-edilməməsi sualı açıq qalır.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Ədliyyə Nazirliyinin məhbusların azadlığa buraxılmasını düzgün qərar sayıb. O, Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla beynəlxalq təşkilatların tövsiyələrini xatırladaraq bildirib ki, daha çox qapalı məkanda olan şəxslərin özlərini koronavirus epidemiyasından qoruya bilməsi üçün mümkün qədər sərbəst buraxılması vacibdir. Belə məkanlardan biri cəzaçəkmə müəssisələridir:
“Ona görə də ABŞ-da, İranda və bəzi Avropa ölkələrində cəzaçəkmə müəssisələri ilə bağlı addım atdılar. Dünən məlumat yayıldı ki, Türkiyə hökuməti 100 minə yaxın məhbusun azad edilməsi ilə bağlı amnistiya hazırlayır. Yəni cəzaçəkmə müəssisələrində məhbusların indiki məqamda azadlığa buraxılması çox zəruri və lazımlı addımdır. Ona görə Ədliyyə Nazirliyinin qərarı düzgündür”.
Amma Rəsul Cəfərov qərarın bərabər şəkildə bütün məhbuslara şamil olunmasını vacib sayır:
“Aydındır ki, bütün məhbusları eyni gündə azadlığa buraxmaq olmaz, bu proses bir neçə mərhələdə həyata keçirilməlidir. Biz hökumətə çağırış edirik ki, 12 ay və ondan az cəza müddəti qalan bütün məhbuslar azadlığa buraxılsınlar. Belə az cəza müddəti qalan şəxslərin arasında 10 nəfərə yaxın siyasi motivlərlə həbs olunanlar da var. Həmin şəxslər də mümkün qədər tez azadlığa buraxılsınlar”.
Rəsul Cəfərov həmin məhbusların adlarını da qeyd edib:
“Araz Quliyev (5 ay 15 günü qalıb, 17 saylı CM), Ziya Əsədli (5 ay 11 günü qalıb, 5 saylı CM), Fuad Əhmədli (4 ay 23 günü qalıb, 16 saylı CM), Dəyanət Səmədov (9 ay qalıb, 12 saylı CM), Firdovsi Məmmədrzayev (9 ay qalıb, 1 saylı CM), Səid Dadaşbəyli (3 ay 20 gün qalıb, 15 saylı CM), Ceyhun Əliyev (3 ay 20 gün qalıb, 7 saylı CM), Cahangir Kərimov (3 ay 20 gün qalıb, 1 saylı CM), Aydın Rüstəmov (3 ay, hansı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını müəyyənləşdirmək mümkün olmadı), Alim Yusifov (3 ay, 17 saylı CM), Qənbər Qarazadə (3 ay, 17 saylı CM), Hüseyn Bayramov (3 ay, Bakı İstintaq Təcridxanası)”.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Səadət Bənənyarlı Meydan TV-yə deyib ki, o, qərarın siyasi məhbus kimi tanınan şəxslərə şamil ediləcəyinə ümid edir:
“Müəyyən qaydalar var, o qaydalara görə maddələrin xarakteri nəzərə alınacaq. Mən çox istərdim ki, cəza müddəti az qalan siyasi məhbuslar azad edilsin”.
Azərbaycanda sonuncu əfv sərəncamı
2019-cu il
də imzalanıb. Sərəncama əsasın 399 nəfər əfv edilib. Onların arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin də adı var idi.