Rəsmi Bakı çətin seçim qarşısında

Rusiyanın Azərbaycanda çevriliş hazırlamaq istədiyi qüvvə kimdir?

Source:


Rusiyanın Azərbaycanda çevriliş hazırlamaq istədiyi qüvvə kimdir?

Rəsmi Bakı dalana dirənib. Qərb mətbuatı və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin zəif nöqtələrinə ardıcıl və dəqiq zərbələr endirməkdə davam edir. İqtidarın korrupsiya ilə bağlılığı barədə nüfuzlu Qərb təsisatlarının araşdırmaları çoxalır və bu araşdırmaların miqyası genişləndikcə, Azərbaycan hakimiyyəti üçün vəziyyət getdikcə qəlizləşir. İlk baxışdan diqqətə toxunan budur ki, Azərbaycan hakimiyyəti bu araşdırmaların artmasını görməzdən gəlir, yaxud özünü belə göstərir. Görünən isə budur ki, rəsmi Bakının ehtiyat etdiyi yeganə ölkə Rusiyadır.

Azərbaycan hakimiyyəti Rusiyanın şərtlərini qəbul etməyə sanki hazır görünür. Son zamanlara qədər rəsmi Bakı Rusiya siyasi elitasının könlünü almaq üçün milyonlarla maliyyə xərcləyirdi. Ötən ildən sonra ölkədə baş verənlə artıq başqa mənzərənin konturlarını göstərir. Problem ondadır ki, artıq xərclənəcək pullar da tükənib. Bu baxımdan böyük pullar hesabına şimal qonşumuzun “könlünü almaq” həvəsi imkansız görünür. Maraqlısı odur ki, Azərbaycan hakimiyyəti bu məsələdə də sistemsiz fəalliyyət göstərir. Azərbaycan nə Kollektiv Təhlükəsizlik Şurasına daxil olur, nə də ki NATO ilə əməkdaşlığı inkişaf etdirir. Bakı yalnız Rusiyanın hikkəsinin qarşısından qaçmaqla taktiki gedişlər edir.

Bu cür manevrlərin hesabına nələrsə qazanmağı iddia edən siyasi kurs iflasa məhkumdur. Xarici siyasətdə naşılıq nümayiş etdirən Azərbaycan hakimiyyəti öz daxilində də anormal idarəçiliyə üstünlük verir. Artıq hakimiyyət dəhlizlərində qarşıdurma o qədər güclənib ki, havadan “Gəncə qiyamı”nın qoxusu gəlir. Bir-biri ilə açıq savaşa girən hakimiyyət mənsublarından bəziləri Rusiyadan işarə gözləyirlər. Hakimiyətdaxili qrupların bu şəkildə açıq qarşıdurmaya meylli olması artıq qiyamın xəbərçisi də hesab edilə bilər. Ölkədə sabitliyin pozula, iqtidar mənsublarından kimlərinsə “ikinci Surət Hüseynov” rolunu oynaya biləcəyi ehtimalı da az deyil. Kənardan görünən budur ki, hakimiyyət daxilində Qərb və Rusiya istiqamətlərində iş aparanlar da az deyil. Hazırda Azərbaycanda yaşamayan, vaxtilə Heydər Əliyevə yaxınlığı ilə seçilən bəzi sabiqlər də siyasi iddia ilə çıxış edir və ölkədə özlərinə siyasi dəstək axtarırlar.

Vəziyyət get-gedə qəlizləşir və ən çox “qara piar”la üzləşənlər də elə növbəti hakimiyyət bölgüsü zamanı ən çox şansı ola bilənlərdir. İstisna deyil ki, yaxın zamanlarda ölkədə yeni “Eldargeyt” qalmaqalı yaşana bilər. Bu dəfə təsir dairəsini artırmış, Qərb və Rusiya ilə eyni dərəcədə yaxınlığı olan məmurlardan kiminsə həbsi reallaşa bilər. Artıq onların maliyyə mənbələrinin zəiflədilməsi və media orqanlarının sıradan çıxarılması müşahidə edilməkdədir. Bir sözlə, hakimiyyət daxilində “ikinci Fərhad Əliyev sindromu” yaşana bilər və elə bu amil situasiyanın qəlizliyinin göstəricisidir. Bu baxımdan, hazırda hədəf seçilən məmurların, əslində, hakimiyyəti parçalaya biləcəkləri versiyası bütün cəbhə boyunca onlara atəş açmaq əmrinə səbəb oldu. Qərb Azərbaycanı küncə sıxır. Artıq limit bitib. Ölkədə ciddi islahatlar aparılmalıdır. Bir sözlə, Azərbaycan hakimiyyəti üçün “yol vərəqəsi” hazırdır. Yaxın 3-4 il ərzində bölgədə, o cümlədən Azərbaycanda ciddi dəyişikliklər qaçılmaz görünür. Lakin görünən odur ki, hakimiyyət nə islahatlara, nə də ki seçki yolu ilə kənarlaşmağa hazırdır. Ölkə rəhbərinin istər Münhen, istərsə də London görüşləri onu deməyə əsas verir ki, artıq Azərbaycan hakimiyyətinə ciddi dəstək də qalmayıb. “Xilas kəməri” kimi ancaq Rusiya istiqaməti qalır. Lakin problem ondadır ki, Kreml də bundan sonra Bakının şıltaqlığına dözmək fikrində deyil. Moskvaya açıq vassal lazımdır və odur ki, Kreml alternativ axtarışını tamamilə başqa istiqamətdə davam etdirir.

İqtisadi və sosial böhran artdıqca, ölkədə vəziyyətdə çətinləşəcək. Müşahidələr onu deməyə əsas verir ki, xarici amillərin fəal iştirakı ilə məmurların yerlərdə inqilab hazırlıqları da sürətlənə bilər. Rusiya məhz bu zaman proseslərə daha fəal müdaxilə edə və alternativinin adını açıqlaya bilər. Əslində, rusların hansı adlar ətrafında düşündüyünü də təxmin etmək mümkündür. Lakin burada hamını narahat edəcək incə bir məqam mövcuddur. Rusiyaya öz alternativini ictimai rəyə “yedizdirə” bilmək üçün qanlı olaylar, vətəndaş qarşıdurması və taqətdən düşmüş cəmiyyət lazımdır. Rusiya hakimiyyətdən devirdiyi qüvvəni birdəfəlik sıradan çıxardır. Qərb isə bir çox halda bunu seçki yolu ilə həyata keçirmək istəyir. Hakimiyyətdən seçki yolu ilə gedən siyasi qüvvə müxalifətə keçir və yenidən iqtidar olmaq uğrunda açıq mübarizəyə başlayır. Lakin Azərbaycan hakimiyyəti üçün belə perspektiv də təhlükəlidir. Siyasi elitanın maliyyəsinin, çevrəsinin sabahı üçün zəmanəti yoxdur. Seçki yolu ilə hakimiyyətdən getmək də zəmanət vermir ki, 3-4 ildən sonra onlardan hesab tələb edilməyəcək. Digər tərəfdən, ABŞ-la razılaşmaq korrupsiyaya uğramış komandanı istefaya göndərmək anlamına gəlir. Komandadan imtina və onun müstəqil fikirli gənclərin hesabına dəyişdirilməsi isə siyasi iddialardan imtina etmək deməkdir. Azərbaycan hakimiyyəti çətin seçim qarşısındadıır…

Ana səhifəAnalitikaRəsmi Bakı çətin seçim qarşısında