Rəis təmizlikçidən 10 min manat tələb edir

Tam maaşını tələb etdiyinə görə işdən çıxarıldığını iddia edən qadın məhkəməyə verilib

Source:
Mircəfər Hüseynzadə ailəsi ilə
Mircəfər Hüseynzadə ailəsi ilə


Tam maaşını tələb etdiyinə görə işdən çıxarıldığını iddia edən qadın məhkəməyə verilib

“Başımıza gələnlər Meydan TV-də dərc olunandan sonra Qazax Rayon Kommunal Müəssisələri Kombinatının sədri Arif Heydərov yolda qarşıma çıxdı, ağac kəsdirirdi, işçiləri də yanındaydı. Onunla bağlı mətbuata şikayət etdiyimizə görə məni küçə söyüşləri ilə təhqir elədi, yanındakı iki nəfər də üstümə gəlib hərəsi bir qulağımdan yapışıb dartışdırdı. Arif Heydərov dedi ki, bir də ora-bura şikayət eləsən sənin o qulaqlarını kəsdirərəm. Özün də get arvadına de ki, onu məhkəməyə vermişəm, gəlib məhkəmədə cavab verər”.



İcra hakimiyyəti deyir, son qərar məhkəmənindir

Qazax sakini Mircəfər Hüseynzadə Meydan TV-yə danışır ki, Arif Heydərov onu təhqir edib, həyat yoldaşını isə məhkəməyə verib. Keçmiş müdiri süpürgəçidən 10 min manat təzminat tələb edir.

Ötən ay Röyalə Əzimova

Meydan TV

-yə müraciət etmişdi, bildirmişdi ki, küçə təmizləyən kimi işlədiyi üç ay ərzində müdiri onun maaşının çox hissəsini mənimsəyib.  Etirazını bildirəndə isə işdən çıxarılıb. Təmizlikçi qadının həyat yoldaşı Mircəfər Hüseynzadə isə bildirmişdi ki, məsələni araşdırmaq üçün müdirin yanında olarkən ona deyilib ki, maaşlar rayondakı abadlıq işlərinə kömək üçün kəsilir. Qazax Rayon İcra Hakimiyyəti deyilənləri təkzib etmişdi.

Qazax Rayon İcra Hakimiyyətindən bu dəfə bildirilib ki, Arif Heydərov ona böhtan atılmasına, şərəf və ləyaqətinin təhqir olunmasına görə Qazax Rayon Məhkəməsinə müraciət edib. İcra hakimiyyətindən bildirilib ki, məhkəmənin qərarını gözləməyə üstünlük verirlər. Son sözü məhkəmə deyəcək.



Rəis iddia edir ki…

Qazax Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Arif Heydərov iddiasını belə əsaslandırıb ki, Qazax rayon Məşğulluq Mərkəzinin göndərişi ilə Röyalə Əzimovanı bu il martın 1-də müddətli əmək müqaviləsi bağlanmaqla ictimai işə qəbul edib. Martda 122 manat 20 qəpik, apreldə 119 manat 60 qəpik, mayda 48 manat 60 qəpik əmək haqqı hesablanıb. Mayın 14-də süpürgəçi öz ərizəsi ilə işdən çıxıb: “… İyulun 26-da mənə xəbər verdilər ki, Röyalə Əzimova barəmdə Meydan TV-nin saytında və “Facebook”un Qazaxlılar səhifəsində, Xalqxəbər.az saytında “Küçə təmizləyən qadın: Müdir maaşın yarısını özünə götürüb” başlığı altında məqalə dərc etdirib. Guya mən onun əmək haqqını əlindən almışam, ona 52 manat pul vermişəm, qalan hissəsini özümə götürmüşəm. Bütün işçilər, o cümlədən, Röyalə Əzimova da maaşını kart vasitəsilə “Kapitalbank”dan alıb. Bu böhtan və təhqiramiz məqalələrə rəy yazan şəxslər mənim ünvanıma nalayiq, təhqiramız ifadələr yazıb”.

Rəis iddia ərizəsində göstərib ki, nəticədə fiziki iztirab çəkib və mənəvi zərbə alıb, hazırda da əsəbi halda yaşayır. Buna görə, o, keçmiş işçisindən 10 min manat təzminat tələb edir.

Səfirliklərə sığınacağıq

Mircəfər Hüseynzadə deyir, əgər məhkəmə həyat yoldaşına qarşı təzminat iddiasını təmin etsə, ailəlikcə vətəndaşlıqdan imtina edəcəklər:

“İkinci qrup əliləm, əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. 3 xəstə uşağımız var, həyat yoldaşım işə düzəldi ki, ailənin az-cox tələbatlarını ödəyə bilsin, mənim pensiyam 165 manatdır, ailəni saxlamağa, dərman almağa yetərli deyil. Arif Heydərovun nə xəbəri var bizim vəziyyətimizdən?… Süpürgədən də qazanır, xəkandazdan da. Haqqı dediyimiz üçün bizi məhkəməyə verib, üstəlik də 10 min manat pul tələb edir. Məhkəmə onun iddiasını təmin etsə, vətəndaşlıqdan imtina edəcəyik, gedib səfirliklərdən sığınacaq istəyəcəyik. Bir məmur onsuz da dolanışığı dözülməz olan ac ailədən 10 min manat pul tələb edir. Bundan böyük biabırçılıq yoxdur”.

Arif Heydərovun keçmiş işçisinə qarşı iddiasına sentyabrın 3-də Qazax Rayon Məhkəməsində baxılacaq.

Ana səhifəBölgəRəis təmizlikçidən 10 min manat tələb edir