İlqar Məmmədov: “Minimum sayda təsisçi ilə qurultay keçirməyə hazırıq”
Bakı Şəhər İcra Hakimiyyəti ReAL Partiyasına təsis qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətinə iyunun 17-də cavab verib.
İcra hakimiyyəti iyulun 1-nə qədər ölkədə karantin rejiminin tətbiq edildiyini əsas gətirərək yalnız göstərilən tarixdən sonra müraciətə baxılacağını bildirib.
Müraciəti imzalayanlardan partiyanın sədri İlqar Məmmədov “Facebook” səhifəsində yazıb ki, icra hakimiyyəti onların ikinci müraciətinə eyni cavabı verib:
“Dekabrda Bakı İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir xüsusi karantin rejimi var, olmaz”.
Partiya sədri 6 aydan çoxdur qurultay keçirməyə imkan verilmədiyini bildirib:
“Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin, ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də”.
İlqar Məmmədovun sözlərinə görə, hətta karantinə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazırdırlar:
“Müraciətimizdən aydın idi ki, təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə Nazirliyi və ya başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”.
Real Alternativ Hərəkatı 2009-cu ildə yaradılıb. Partiyanı təsis edənlər həmin il keçirilən referendumda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsi”nə etiraz edərək təşkilatı elan etdilər.
2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllı olaylarına görə həbs olundu və 7 il müddətinə həbs edildi.
2018-ci ildə Real Alternativ Hərəkatı birinci təsis Qurultayını keçirərək Real Partiyasını elan etdi. Partiyanın seçkili orqanlarına səsvermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilib.
2018-ci ilin yayında partiyanın sədri İlqar Məmmədov şərti azadlığa buraxılıb. Sonradan 2020-ci il aprelin 23-də Ali Məhkəmənin Plenumunda İlqar Məmmədov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Onun həbsdə saxlanmasına əsas olan hökm və qərarlar ləğv edib. Həmçinin qanunsuz hökm əsasında həbsdə saxlanma nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq, İlqar Məmmədova 234 min manat kompensasiya ödəniləcək.