Rauf Mirqədirov: Diplomatiya ilə peşəkarlar məşğul olmalıdır

O qeyd edib ki, bütün dünyada bəzi sahələr var ki, orada yalnız peşəkarlardan istifadə edirlər.

Source:


Tofiq Zülfüqarov: “Ölkənin mövqeyinin formalaşmasında bir çox qurum iştirak edir”

Son aylar Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyində baş verən dəyişikliklər təhsil sahəsindən gələn insanların tədricən diplomatları əvəz etdiklərini nümayiş etdirir. Müharibə ərəfəsində təhsil naziri Ceyhun Bayramov XİN rəhbəri postunda Elmar Məmmədyarovu əvəz etdi. Aprelin 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Məmmədov XİN-ə nazir müavini təyin edildi. Elnur Məmmədov da Ceyhun Bayramovun Təhsil Nazirliyindən özü ilə gətirdiyi kadrlardandır. Heç bir dövlət ilə münaqişədə olmayan, həlledici danışıqlar prosesini gözləməyən hər hansı bir ölkədə bəlkə də belə bir dəyişikliklər adi bir proses kimi görünə bilərdi. Amma Azərbaycan spesifik şəraitdədir. Diplomatik təcrübəsi olmayan Ceyhun Bayramov vəzifəyə təyin edlən kimi Ermənistanla müharibə başladı və o, diplomatiya “akulası” sayılan Rusiyanın XİN rəhbəri Lavrov və ona güvənən Ermənistan XİN rəhbəri ilə Moskvada çətin danışıqlarda iştirak etməli oldu. Təsadüfi deyil ki, rusiyalı jurnalistlər danışıqlar zamanı Ceyhun Bayramovun bir neçə dəfə Azərbaycanın Rusiyadakı səfirliyinə qayıtdığını qeyd etdilər. Müşahidəçilər bunu Ceyhun Bayramovun Prezident İlham Əliyevlə danışması və ondan əlavə təlimatlar alması ilə bağladılar.

Ermənistanda iyun ayına planlaşdırılan parlament seçkilərindən sonra rəsmi Bakı və Yerevan arasında danışıqların bərpa edilməsi gözlənilir. Hərbi sahədə qazanılan uğurun davamı diplomatlar tərəfindən gətirilməlidir və təbii ki, bundan ötrü danışıqlarda təkcə prezidentdən aldığı təlimatları təkrar etmək kifayət deyil. Danışıqlarda sərt mövqe tutub, diplomatik gedişlər etmək üçün fərdi bacarıqlar da lazım olacaq.


“Azərbaycan diplomatiyası müdafiə mövqeyi tutub”

Müşahidəçilərin digər bir problem kimi qeyd etdikləri məsələ müharibədən sonra Azərbaycan XİN-in yalnız Ermənistan tərəfinin verdiyi bəyanatları, atdıqları addımları şərh etməklə kifayətlənməsidir. Kulis arxasında hansı diplomatik addımların atıldığını ictimaiyyət bilməsə də, publik olaraq Azərbaycan diplomatiyasının yalnız müdafiə mövqeyi tutduğu müşahidə olunur.

Bir sıra ekspertlər həqiqətlərin digər ölkələrə, xüsusilə də Avropa ölkələrinə çatdırılma məsələsində də Azərbaycan diplomatiyasının geri qaldığını vurğulayırlar. Avropada ictimai fikrin əsasən ermənilərin tərəfində olmasını ekspertlər bir tərəfdən erməni lobbisinin yaxşı təşkilatlanması ilə izah etsələr də, digər tərəfdən Azərbaycanın öz haqqının avropalıların anlaya biləcəyi dildə izah edə bilməməsi ilə əlaqələndirirlər.


“Avropanın müharibəyə neqativ reaksiya verəcəyi əvvəlcədən məlum idi”

İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov məsələni Meydan TV-yə şərh edərkən deyib ki, ölkədən ölkəyə fərq var.

“Düşünməyin ki, Qarabağ münaqişəsiylə bağlı Avropada ümumi bir fikir oturuşub. Mənim yaşadığım İsveçrədə bu münaqişəyə həddən artıq çox önəm verilmir. Bəli, maraqlanırlar, qəzetlərdə bəzən yazılar olur”, – Rauf Mirqədirov deyib.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında olan münaqişəyə qərbi və şərqi Avropada münasibət fərqlidir. Politoloq qeyd edib ki, bu məsələlərdə erməni lobbisinin mövqeyinin güclü olması, siyasilərin elektoral asılılığı da rol oynayır. Bununla bərabər, Rauf Mirqədirov hesab edir ki, MDB məkanında münaqişələrə Avropada Qərb-Rusiya münasibətləri prizmasından baxırlar:

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

“Keçmiş SSRİ-dəki müharibələr onların maraqlarına cavab vermir. Onlar düşünürlər ki, bu münaqişələr ilk növbədə Rusiyanın mövqeyini gücləndirir”.

Konkret olaraq 44 günlük müharibəyə toxunan Rauf Mirqədirov deyib ki, Avropanın buna neqativ reaksiya verəcəyi əvvəlcədən məlum idi. Onun sözlərinə görə, bir sıra ölkələrdə erməni lobbisinin güclü və Azərbaycan diplomatiyasının kifayət qədər zəif olması sirr deyildi:

“Bu mənada reaksiya gözlədiyimdən daha mülayim oldu. Məsələ, Azərbaycanın dünyada nüfuzunun artması, yaxud bizə münasibətin dəyişməsində deyildi. Sadəcə, dünyanın diqqəti daha ciddi problemlərə yönəlmişdi. Bir tərəfdən pandemiya, digər tərəfdən ABŞ-dakı olaylar, Rusiya-Şərqi Avropa ölkələri arasında diplomatik qalmaqal və başqa çoxlu problem var. Ona görə də reaksiya kifayət qədər soyuq oldu”.


“Azərbaycanda hərşeyşünaslar zümrəsi peyda olub”

XİN rəhbərliyinə təhsil sahəsindən insanların gətirilməsini şərh edən politoloq Azərbaycanda hərşeyşünaslar zümrəsinin peyda olmasını vurğulayıb:

“Belə təsəvvür yaranır ki, bu adamların hər şeydən anlayışı var. Nazir siyasi vəzifədir, amma Xarici İşlər Nazirliyi diplomatlarla və diplomatik səviyyəsi olan insanlarla təmsil olunmalıdır. Diplomatiya spesifik sahədir və yalnız biliklərlə bağlı sahə deyil. Diplomatiyada danışıqların aparılması ustalığı tələb olunur. Ceyhun Bayramovun özüylə birgə Elnur Məmmədovu əvvəlcə Təhsil Nazirliyinə, sonra Xarici İşlər Nazirliyinə gətirməsi xoşagələn olay deyil. Başqa bir nazirlik olsaydı, normal reaksiya verərdim. Amma diplomatiya ciddi sahə olduğundan, onunla peşəkarlar məşğul olsa, daha yaxşı olar”.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

O qeyd edib ki, bütün dünyada bəzi sahələr var ki, orada yalnız peşəkarlardan istifadə edirlər.

“Bu, xarici siyasət və milli təhlükəsizliklə bağlı sahədir, hər ikisi çox mühafizəkardır. İlham Əliyev hakimiyyətə gələndən sonra polis Eldar Mahmudovu Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin etdi və o da MTN-nin bütün rəhbər vəzifələrinə polisləri təyin etdi. Nəticəsi də məlumdur”.


“Danışıqların aparılmasında təcrübə əhəmiyyət kəsb edir”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanda təhsilinə görə diplomatların sayının çox az olduğunu deyib:

“Məsələyə geniş baxmalıyıq. Bu, heç də o demək deyil ki, diplomatiya ilə yalnız diplomatlar məşğul olmalıdır. Təbii, bu istənilən haldır. Hansısa halda bəlkə də biz bu mərhələyə çatacağıq”.

Keçmiş nazir Ermənistanla Azərbaycan arasında danışıqlar zamanı fərdi bacarıqlara zərurət olması məsələsinə toxunaraq, qeyd edib ki, ölkənin mövqeyinin formalaşmasında bir çox qurum iştirak edir.

“Açıq deyək ki, cənab prezident birbaşa bu məsələlərlə məşğuldur. Mən heç də inanmıram ki, bu və ya digər ölkənin Xarici İşlər Nazirliyi nəzarətsiz və özbaşına hansısa bir mövqe formalaşdırsın. Danışıqların aparılmasına gəlincə, müəyyən təcrübə adətən bu məsələlərdə əhəmiyyət kəsb edir”.

Ana səhifəSiyasətRauf Mirqədirov: Diplomatiya ilə peşəkarlar məşğul olmalıdır