“Yeni əlifba ideyası su bulandırmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək”
Meydan TV-nin budəfəki müsahibi yazıçı Rasim Qaracadır.
Onunla ölkədəki mövcud vəziyyət, hazırki ədəbi proses, mədəniyyət sahəsində diqqətçəkən inkişafın olmaması, parlament seçkiləri və yazıçıların siyasi proseslərdə rolu və s. mövzuları müzakirə etmişik:
– Niyə ölkədə ədəbi proses sönükdür? Əvvəlki illərdəki kimi ədəbi müzakirələr, dərnəklər yoxdur. Sanki bütün tədbirlər süni şəkildə yola verilir.
– Təkcə ədəbiyyat proseslərinin deyil, ümumən mədəniyyət proseslərinin durğunlaşması ölkəyə neft pullarının gəlməsindən sonra başlayıb və get-gedə güclənib, biz indi 2005-ci illərdə əkilən toxumların meyvələrini “yeyirik”. O illərdə ölkədə var olan azad sənət təşəbbüsləri ətalətlə 2010-cu illərə qədər davam etdi. Həssas sənətçi tayfası pulun havadakı qoxusunu hər kəsdən daha tez aldı və yavaş-yavaş mövqe dəyişdirməyə, sistemin, pul qaynaqlarının yanında və ya istiqamətində yer tutmağa başladı. Çoxları bəraət üçün “dövlətçilik” maskası taxdı, sanki azad sənət adamı olmaq dövlətçiliyin əleyhinə imiş kimi bir havaya girdi. “Zülmətdə alatoran” romanımda bunları yazmışam. Bu məsələdə incə bir paradoks var: dövlət nəzəri olaraq sistematikdir, burada bütün proseslər saat mexanizmi kimi dəqiq qaydalarla işləyir. Lakin incəsənət sferası sistematikliyi sevməz, burada yaradıcı insanın qəliblərə sığmayan özbaşına xəyal gücü hakimdir. Dolayısıyla həm sistematik olub, həm də yaxşı əsərlər yaratmaq bir araya sığmamaqdadır. Təəssüf ki, Azərbaycanda güclü “saray şairi” ənənəsi var və bu ənənə bizim sənət adamlarının iradəsindən daha güclüdür. Başqa səbəblər də var. Ölkə balacadır, sənətin azad rəqabət bazarında dəyər görməsi çətindir. Bir yazarın, şairin və ya rəssamın öz əsərlərini sataraq keçinməsi mümkün deyil. Buna görə də ədəbiyyata və ya sənətin başqa sahələrinə atılan yaradıcı insanlar gücün maqnit cazibəsinə çox asanlıqla düşürlər.
– Amma bizim kimi əhali sayına görə kiçik və hətta daha kiçik ölkələr var və baxırsan ki, onlarda mədəni fəaliyyətlər heç də durğun deyil.
– Doğrudur, belə ölkələr, xalqlar var. Lakin diqqət etsəniz, o xalqlar mədəniləşməyə daha erkən başlayıblar. Misal üçün, biz millət olaraq neçə ildir kitab oxumağa başlamışıq? Ən yaxşı halda 100 ildən artıq deyil. “Biz fərd olaraq neçə ildir kitab oxuyuruq” demək düzgün deyil, “hər birimiz neçə nəsildir kitab oxuyuruq” demək əsasdır. İndi yazıb-yaradan neçə şair, yazıçı gözünü açıb evdə kitab görüb? Əminəm ki, bu say o qədər də böyük deyil. Bir-iki nəsil əvvələ getdikdə isə boz bir səhra görəcəyik. Demək istəyirəm ki, yaradıcılıq təkcə fitri istedadla bağlı deyil, eyni zamanda, toplanmış təcrübənin bir təzahürüdür. Buna görə də, o dediyiniz balaca millətlərə baxsanız görəcəksiniz ki, 200 il, 300 il və daha artıq tarixi olan təcrübədən gəlirlər.
– Bu dedikləriniz ümidsiz bir mənzərə yaradır. O zaman biz nə etməliyik?
– Ümidsizliyə qapılmamaq üçün özümüzü real olaraq görməliyik, keçmişimizlə üzləşməliyik. Yalandan imitasiya etməyin mənası yoxdur. Biz nə üçün mədəni idarəetmənin sovet modelində ilişib qalmışıq? – bu suala cavab verilməlidir. Mədəniyyəti idarə edənlər bu faktdan narahat olmalıdır. İşləməyən, praktik olmayan, zəmanə ilə ayaqlaşmayan modeldən imtina etməliyik. Bu məsələni ilk növbədə yaradıcı adamlar hakimiyyətdən tələb etməlidir, kollektiv tələb olmalıdır, tək əldən səs çıxmaz.
– Bu parlament seçkilərində bir neçə yazıçı, mədəniyyət xadimi də namizəd kimi iştirak etdi, amma heç ədəbi cameə də bu prosesdə aktiv olmadı. Ümumən, yazıçıların siyasi proseslərdə aktivliyi niyə o qədər də ciddi qarşılanmır?
– Ciddi qarşılanmır, çünki bundan əvvəl parlamentdə oturan yazıçılar mədəni islahatlar sahəsində ağızlarına su aldılar. Ən devrimçisi Əkrəm Əylisli idi, amma 5 il boyunca kimsə onu danışan görmədi. Əslində isə hər hansı bir yazıçının parlament kürsüsünə ehtiyacı olmamalıdır, yazı masası onun tribunasıdır, əgər yazaraq sözünü deyə bilmirsə, parlament kürsüsündən bunu edəcəyinə inanmayın.
– Tənqidçi Elnarə Akimovanın da namizədliyi irəli sürülmüşdü və qalib elan olunub. Akimovanın deputat olmasını ədəbi cameə üçün faydalı sayanlar da var. Yazırlar ki, ədəbiyyat üçün uğurlu işlər görəcək. Sizin gözləntiləriniz necədir?
– Elnarə Akimovanı ədəbi-tənqidi məqalələr müəllifi kimi tanıyıram, mədəni islahatlar sahəsində hər hansı proqram xarakterli bir çıxışına rast gəlməmişəm. Hansısa yazıçının sosial pobleminin həll olunmasında yardımçı ola bilər, ancaq konseptual bir layihəni həyata keçirəcəyinə inanmıram. Məsələn, sovetdən qalma yaradıcı təşkilatların müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var, bu sahədə islahatlar aparılmasına çalışacaqmı, çalışsa belə, ona bu imkanı verəcəklərmi?!
– Niyə Azərbaycanda ədəbi simalar, sənət adamları, mədəniyyət xadimləri siyasi proseslərdə aktiv olmurlar? İctimai-siyasi proseslərə heç bir halda reaksiya vermirlər, sizcə, bunun səbəbi nədir?
– Çünki ədəbi simalar, sənət adamları, mədəniyyət xadimləri siyasi proseslərə cəlb olunublar, buna görə də aktiv deyillər. Aktiv olub nə edəcəklər, özləri özlərinə qarşı çıxacaqlar? Ədəbi sima, sənət adamı, mədəniyyət xadimi adına ortada hakimiyyətin əlinə baxan təmənnalı bir qrup var, istedadsızlar, ikinci dərəcəlilər, qramafonlar ön sıradadır.
– Əvvəlki illərlə müqayisədə AYO (Azad Yazarlar Ocağı) ədəbi proses yaradırdı. Amma indi AYO görünmür, olanların bir qismi AYB-yə getdi. Bəziləri mühacirətdədir (Seymur Baycan, Günel Mövlud, Əli Əkbər), bəziləri isə hökumətin layihələrindədir (Aqşin Yenisey, Qan Turalı, Murad Köhnəqala). Niyə proses yarada bilmirsiniz, səbəb nədir?
– Səbəbləri mən bilmirəm. Bizim xalq olaraq ictimai zəkamız ictimai prosesləri izah etməkdə acizdir. Biz prosesləri idarə edə bilmirik, daha çox əksinədir, proseslər bizi idarə edir. Məsələləri təhlil etməkdən ötrü müstəqil kollektiv zəka olmalıdır. Bizdə defisit olan budur. Sistematik zəkalar həll yollarını göstərə bilməz. Buna əsasən deyə bilərəm ki, biz millət olaraq çaşqınlıq içərisindəyik, hədəflərimiz xaotikdir.
– Türk dövlətlərinin 34 hərfdən ibarət vahid əlifbasının yaradıldığı bildirilir. Turanın ortaq əlifbası ideyası nə qədər realdır və bunun perspektivi varmı?
– Əlifbanı görmüşəm, ancaq kim hazırlayıb, hansı qafadan çıxıb, bilmirəm. Mənə görə nöqsanlıdır, “x” hərfi rus dəst-xəttindən xəbər verir, ümumən isə ortaq əlifbaya ehtiyac yoxdur. Əgər doğrudan da, belə bir ehtiyac varsa, açıq şəkildə ictimai müzakirəyə çıxarılmalı idi. Hazır Türkiyədə işlənən əlifba var, bütün türk ləhcələrinə də uyğundur, yeni əlifba ideyasının su bulandırmaqdan başqa bir məqsədə xidmət edəcəyini sanmıram. Məntiqə görə, hansı ölkənin əlifbasında sayca daha çox kitab, yazılı mənbə varsa, o ölkənin dili və əlifbası ortaq olaraq qəbul edilməlidir. 1991-ci ildə parlamentdə yeni əlifbanın müzakirəsi zamanı Anarın, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun və Firudin Cəlilovun necə canfəşanlıqla “biz özümüz olmalıyıq” deməsini xatırlayıram, Türkiyə ilə rahat anlaşa bilməməyimiz üçün bu dörd nəfər əllərindən gələni etdi. Əlifba məsələsi bütün hallarda siyasi məsələdir.