O, istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Ramiz Mehdiyev istefasını fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında açıqlayıb.
Bildirilir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
Ramiz Mehdiyev bildirib ki, istefasında son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmayıb.
O, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini deyib.
“Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”, – deyə Mehdiyev söyləyib.
Ramiz Mehdiyev ölkə başçısı İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini qeyd edib: “Yaxın tarixdə ölkədə məndən başqa heç kəsə “Heydər Əliyev” ordeni verilməyib. Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.
O, istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
O, 2019-cu ildə vəzifəsindən çıxarılaraq “Heydər Əliyev” ordeni ilə mükafatlandırılıb.
Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidenti idi.AMEA-nın 35 institutu var.